Məhkəmə qərarları › İş №3(125)-13/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-13/2023

19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-13/2023 19.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, Gəncə şəhər prokurorunun köməkçisi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 287.0.2 və 442-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Gəncə Şəhər Prokurorluğundan daxil olmuş inzibati xətalar haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Prokurorluğundan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442 və 287.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarlar və ona əlavə edilmiş materiallar Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Həmin qərarlarda Şəxs MMC-nin sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və fitosanitar sertifikatı olmayan toxumların idxalına, ixracına və ticarət dövriyyəsinə daxil edilməsinə yol verdiyi, həmçinin istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirməsi qeyd edilmiş, bununla da Şəxs MMC barəsində İXM-nin 287.0.2 və 442-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. Aparılmış araşdırma zamanı alınmış izahatlara və iş materiallarına əlavə edilmiş sənədlərə əsasən Şəxs MMC-nin direktoru X4 tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilmiş toxum məhsullarının qanunsuz satışı ilə məşğul olunması ilə bağlı əməlində Azərbaycan Respublikası CM-nin 308-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli Qərarlarla rədd edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli Qərarlar və toplanmış material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. Həmin material və cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022ci il tarixli Qərarlar nəzarət qaydasında öyrənilmiş və toplanmış material üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442 və 287.0.2-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün səbəb və əsasların mövcud olması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə Şəhər Prokurorluğunun nümayəndəsi X3 bildirdi ki, iş materiallarında Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442 və 287.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam olaraq sübuta yetirilir. Ona görə də məhkəmədən Şəxs MMC-nin barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxs MMC-yə məlumat verilsə də, MMCnin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MMC-nin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: 05 noyabr 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarlardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. 14 noyabr 2022-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Qərarlardan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442 və 287.0.2-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən Azərbaycan Respublikasının Qida X2 regional bölməsinə ünvanlanmış 29 dekabr 2021-ci il tarixli cavab məktublarından görünür ki, Şəxs MMC ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi arasında “Green boy F1”, "Parthenon F1”, “Red jewel F1” və digər sortların sınağının keçirilməsi ilə bağlı 2021-ci il 17 sentyabr tarixli TLB-66 nömrəli xidmətin göstərilməsinə dair müqavilə tərtib edilmiş və yuxarıda qeyd edilən hibridlərə idxal-karantin icazəsinin verilməsinə köməklik göstərilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə 2021 -ci il 21 sentyabr tarixli 25/xx-xx-2394 nömrəli arayış təqdim edilmişdir. Toxumçuluq haqqında" Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinin 3-cü abzasının tələblərinə uyğun olaraq rayonlaşmamış sort-hibridlərin ticarət dövriyyəsinə daxil edilməsi qadağandır. Şəxs MMC tərəfindən seleksiya nailiyyətinin istifadəyə icazəsinə dair ərizədə (forma №300) göstərilən öhdəlk icra edilməmiş və sınaqların aparılması üçün tələb olunan toxum normalarına uyğun əkin materialları Dövlət Sort-Sınaq məntəqələrinə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixə olan uçot məlumatlarına əsasən müraciətdə qeyd olunan Şəxs MMC xx.xx.2017-ci il tarixə ********** nömrəli VÖEN-lə vergi orqanında qeydiyyata alınmışdır. Cəmiyyətin hüquqi ünvanı uçot məlumatlarında AZ1029, ünvan 25A, mənzil 24 olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentiliyi tərəfindən Gəncə şəhər prokuroruna ünvanlanmış 10 mart 2022-ci il tarixli məlumatların təqdim edilməsi haqqında məktublarından görünür ki, Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi ilə Şəxs MMC arasında 17 sentyabr 2021-ci il tarixdə xidmətin göstərilməsinə dair TLB-66 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin müvafiq sort-sınaq məntəqələrinə sınaq məqsədi ilə toxum nümunələri Şəxs MMC tərəfindən təqdim edilməmişdir. Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi ilə Şəxs MMC arasında 17 sentyabr 2021-ci il tarixli xidmətin göstərilməsinə dair TLB-66 saylı müqavilə bağlanmışdır. Gəncə Şəhər Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 3(125)-1017/2022 saylı qərarından görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 287.0.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında material həmin MMC-nin İXM-in 442-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materialla bir icraatda birləşdirilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 287.0.2 və 442-ci maddələri ilə Gəncə şəhər prokuroru Azad Qarayev tərəfindən 14 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilsə də, inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta ilə bağlı hər iki iş üzrə şahid qismində dindirilmiş X6 ifadəsindən də göründüyü kimi inzibati xəta hadisəsi xx.xx.2021-ci il tarixdə baş vermiş, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar xx.xx.2022-ci il tarixdə, yəni inzibati xətanın baş verdiyi gündən 1 il keçdikdən sonra qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə baxılması üçün məhkəməyə daxil olmuşdur. Halbuki qanunvericiliyə əsasən inzibati xəta baş verdiyi gündən 1 il keçəndən sonra inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göstərilən normaların Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarı ilə müqayisəli təhlilindən göründüyü kimi hazırkı iş üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar xx.xx.2022-ci il tarixdə qəbul edilsə də, inzibati xəta xx.xx.2021-ci il tarixdə törədildiyi üçün inzibati məsuliyyətə cəlb etmə müddəti həmin tarixdən 01 il hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 287.0.2 və 442-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Gəncə şəhər prokuroru Azad Qarayevin 14 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 287.0.2 və 442-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti verildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar