Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1307/2023 07.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1953-cü il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ADAU-nun tələbə evində nəzarətçi, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2şayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X14 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: xx.xx.2023-cü il tarixdə saat 08:20 radələrində X1 hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi və içərisində sərnişin qismində olan X3 və X4 olduğu Toyota Corolla minik markalı **-EB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə və Şəxs sürücülük hüququ olmaqla etibarnamə ilə idarə etdiyi BMW X3 minik markalı **-EK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Əziz Əliyev küçəsində yerləşən Firuzə şadlıq sarayının yaxınlığında, küçənin sağ zolağından X7 küçəsi istiqamətində yolun əsas hərəkət hissəsinə doğru hərəkət edən zaman sürücü X9 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq maksimum hərəkət surəti 3.24 “Maksimum surətin məhdudlaşdırılması” qadağan nişanı 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 80-90 km/saat sürətlə idarə edib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla və Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla hər iki avtomobil toqquşmuş, nəticədə hər iki sürücünün ehtiyatsızlığından sürücü X9 özü baş beyin silkələnməsi ilə müşayiət edilən sol qulaq seyvanının səthi yarası, sol yuxarı ətrafın əzilmiş yarası ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən, sərnişin X3 alt dodağın əzilmiş yarası, bel nahiyəsinin yumşaq toxumalarının qançırı, şişkinlik halında əzilməsi ilə nəticələnən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət almışdır. Bununla da o, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2023-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis polkovnik-leytenantı X2 20 mart 2023-cü il tarixli qərarı əsasında tərtib edilmişdir. Həmin qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir, barəsində inzibati tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə idarə etdiyi **-EK-*** nömrə nişanlı avtomaşını ilə saat təxminən 08:30 radələrində Gəncə şəhəri, Ə.Əliyev küçəsi ilə hərəkətdə olub, sonra həmin küçənin soluna doğru X7 küçəsinə dönmək istəmişdir. O, avtomaşını yavaş-yavaş saatda təxminən 10-15 km/saat sürətlə hərəkət etdirib,arxadan gələn avtomaşınları buraxmış, sola dönmə işığını əvvəldən yandırmış, gələn avtomaşınları buraxmış, hərəkətini yenə davam etdirib tədricən sola dönmə əməliyyatı edərkən qəflətən yüksək sürətlə gələn sonradan adı ona məlum olan sürücü X9 idarə etdiyi Toyota Corolla markalı, **-EB-*** nömrə nişanlı avtomaşını ilə onun avtomaşınının sol qabaq hissəsindən vurmuş, zərbədən sonra Gərayın idarə etdiyi avtomaşın yolun kənarındakı səkiyə dəyərək fırlanıb aşmış, onun avtomaşını da zərbədən yerində fırlanıb əks istiqamətdə dayanmışdır. O, avtomaşından düşmüş, görmüşdür ki, Gəray artıq yerdədir. Sonra ona məlum olmuşdur ki, avtomaşında, yəni Gərayın avtomaşınında 2 nəfər sərnişin də olmuşdur. Hadisə yerinə toplaşan kənardakı şəxslər hamısı Gəraya irad bildirmişlər ki, belə yüksək sürətlə maşın sürərlər. Bir neçə dəqiqədən sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və müstəntiq tərəfindən sənədləşdirmə aparılmışdır. Onu tibbi müayinədən keçirmişlər və ayıq vəziyyətdə olduğu müəyyən olunmuşdur. O, avtomobili sola doğru hərəkət etdirməyə başlayanda tam əmin olmuşdur ki, yolda digər avtomaşınlar yoxdur, tədricən hərəkətini davam etdirmiş, ani vaxtda həmin Gərayın idarə etdiyi avtomaşın onun avtomaşınına dəymişdir. Bir sözlə o, onu görməmişdir. Avtomaşında o, tək olmuş, o, xəsarət almamışdır. O, digər avtomaşınları buraxmış, yolda digər avtomaşın olmadığına tam əmin olub sola dönmə əməliyyatı etmişdir. X11 avtomaşının sürəti o qədər yüksək olub ki, o, onun necə gəldiyini görməmişdir. İnzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə xəbərdar olunmuş zərər çəkmiş şəxslər və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis polkovnik-leytenantı X5 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 mart 2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Gəncə şəhəri BPİ-nin X15 Şöbəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hazırkı inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materialları ilə müəyyən olunur ki, yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsi xx.xx.2023-cü il tarixdə baş vermiş, həmin hadisə üzrə aparılmış araşdırma nəticəsində cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar 20 mart 2023-cü il tarixdə qəbul edilmişdir. Göründüyü kimi, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edilməsindən üç aydan artıq müddət keçmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Lakin belə olan hallarda inzibati tənbeh inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-in 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb olmuş əməllərə görə inzibati tənbeh cinayət işinin başlanmasının rədd edildiyi barədə qərarın qəbul edildiyi gündən üç ay keçənədək verilməsi barədə inzibati xətalar qanunvericiliyinin tələbini, həmin müddətin başa çatdığını və bununla da iş üzrə icraatı rədd edən halın müəyyən edildiyini nəzərə alıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 111-112, 114-115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-1307/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1307/2023
07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver