Məhkəmə qərarları › İş №3(125)-131/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-131/2023

30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-131/2023 30.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi inzibati protokolu müdafiə edən DANX-nin Gəncə Regional şöbəsinin aparıcı məsləhətçisi X1, barəsində inzibati protokol tərtib edilən Şəxs iştirakı ilə, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokoldan müəyyən olunur ki, Şəxs “Mersedes” markalı, 20 EA734 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri X2 saat 10:00 radələrində hərəkətdə olarkən aparılan yoxlama zamanı qanunvericilikdə müəyyən olunmuş, tələb olunan sənədləri, Fərqlənmə nişanını AYNA-nın-nin Gəncə Regional İdarəsinin əməkdaşlarına təqdim etməmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən AYNA-nın Gəncə Regional idarəsinin nümayəndəsi X3 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs “Mersedes” markalı, 20EA734 dövlət markalı avtomobilin sürücüsü idarə etdiyi avtobusla Gəncə şəhəri X2 saat 10:00 radələrində hərəkətdə olarkən AYNA-nın Gəncə Regional İdarəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı sərnişin daşıma fəaliyyəti ilə əlaqədar fərqlənmə nişanını təqdim etməmişdir. Buna görə də barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati protokol tərtib edilən Şəxs bildirmişdir ki, o, işlədiyi qaraja gündəlik plan ödəyir və aylıq fərqlənmə nişanını qarajdan alır. xx.xx.2023-cü il tarixdə AYNA-nın Gəncə Regional İdarəsinin əməkdaşları qaraja gəlib fərqlənmə nişanı tələb etdikdə onun fərqlənmə nişanı olmamışdır. Buna görə də o, idarə etdiyi “Mersedes” markalı, 20EA734 dövlət qeydiyyat nişanlı avtomobili xətdən çıxarmış, heç bir sərnişin daşımamış və evinə getmişdir. Sonda o, qərarı məhkmənin mülahizəsinə buraxmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsinin kiçik inspektoru X3, digər kiçik inspektor X6 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan müəyyən olunur ki, inzibati xəta törətmiş şəxs Şəxs Gəncə şəhəri X4 ərazisində aparılan yoxlama zamanı sərnişindaşıma fəaliyyəti göstərən 20 EA734 dövlət qeydiyyat nömrə nişanlı “Mersedes” markalı avtonəqliyyat vasitələri idarə edən Şəxs qeyri-qanuni sərnişindaşıma fəaliyyəti ilə məşğul olması və qanunvericiliklə müəyyən olunmuş tələb olunmuş sənədləri Fərqlənmə nişanını təqdim etməkdən imtina etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olunması, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsi inzibati məsuliyyətə cəlb etmək üçün əsas yaradır. Həmin Məcəllənin: - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 50 (əlli) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar