Məhkəmə qərarları › İş №3(125)-1312/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1312/2022

30.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1312/2022 30.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin sahə rəisi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər BPİ 2-ci Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs 2022-ci ilin sentyabr ayından oktyabr ayınadək X1 270 manat pulunu hissə-hissə mənimsəyərək dələduzluq etmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ 2-ci Polis Şöbəsinin sahə rəisi X5 inzibati xəta haqqında protokolda qeyd olunmuş əməlin Şəxs tərəfindən törədildiyinin sübuta yetirildiyini bildirib, onun məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında məhkəməyə təqdim edilmiş protokolda qeyd olunan əməl həqiqətən də onun tərəfindən törədilmişdir. O, zərərçəkmiş şəxsi 2010-cu ildən tanıyır. X6 Kollecində 2010-2014-cü illərdə birlikdə təhsil almışdır. Zərərçəkmiş şəxs təxminən iki ay əvvəl ona kərpic almaq istədiyini bildirmiş, o da Ceyhun adlı tanışının olduğunu və ona kömək edə biləcəyini bildirmişdir. O, Ceyhun adlı tanışı ilə danışdıqdan sonra təxminən 300 ədəd kərpici 600- 700 manata satacağını və sonuncuya pulunu isə hissə-hissə verə biləcəklərini bildirmişlər. O, ilkin olaraq 100 manat məbləğində pulu Raufdan alaraq Ceyhuna vermiş, təxminən 10- 15 gün keçdikdən sonra Ceyhun kərpic satmadığını bildirib pulu ona geri qaytarmış, o isə həmin pulu Raufa qaytarmayaraq xərcləmişdir. Bundan bir neçə gün sonra o, Raufla görüşüb söhbət edən zaman pulu öz ehtiyacı üçün xərclədiyini və yaxın zamanda qaytaracağını demiş, həmin ərəfədə hər ikisinin pula ehtiyacı olduğunu, anasının adına olan kreditin bağlanması üçün 130 manat məbləğində pula ehtiyacı olduğunu bildirmiş, bankdan 3400 manat məbləğində kredit götürüb 1700 manat məbləğində pulu istifadə etməsi üçün Raufa verə biləcəyini bildirmiş, Rauf da ona 130 manat məbləğində pulu vermiş, lakin o, anasının adına olan kredit borcunu bağlasa da bankdan götürdüyü 3200 manat pulu öz ehtiyaclarına xərcləmiş, Raufa vəd etdiyi pulu verməmişdir. Bundan bir neçə gün sonra Raufla parkda görüşən zaman yenidən pula ehtiyacı olduğunu bildirərək “Azpromat” saytından Raufun adına onun şəxsiyyət vəsiqəsi ilə 50 manat məbləğində pul götürmüş, həmin puldan 40 manatı öz kartına, 10 manat pulu isə Raufun kartına köçürmüş, Raufun 270 manat pulunu qısa müddətdə qaytaracağına söz vermişdir. Lakin maddi imkanı olmadığı üçün Raufun pulunu qaytarmamışdır. Hazırda törətdiyi əməldən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısının 30 dekabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, 2022-ci ilin sentyabr ayından oktyabr ayınadək olan müddət ərzində Rauf Mehdizadənin etibarından sui-istifadə etməklə hissə-hissə 100 manat,130 manat və 50 manat olmaqla, ümumilikdə 270 manat pulunu ələ keçirib vədinə əməl etmədiyinə görə əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 29 dekabr 2022-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 29 dekabr 2022-ci il tarixdə saat 18:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Belə ki, Şəxs 2022-ci ilin oktyabr ayında dəqiq məlum olmayan tarixlərdə tanışı X3 yerinə yetirmək niyyətində olmadığı vədlər verərək aldatmış və onun ümumilikdə 270 manat pulunu ələ keçirmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən, eləcə də məsuliyyətdən azad edilmə üçün əsaslar, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, ona aşağı həddə inzibati həbs növündə tənbeh verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 23 (iyirmi üç) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu xx.xx.2022-ci il saat 18:10-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar