Məhkəmə qərarları › İş №3(125)-1319/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1319/2025

15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1319/2025 15.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Gəncə şəhər BPİ-nin 1-ci Polis şöbəsi İTB-nin polis sahə rəisi, polis kapitanı X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Gəncə şəhəri, X6, ev 35, mənzil 5 ünvanında qeydiyyatda olan və ünvan 2n Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Gəncə şəhər BPİ-nin 1-ci Polis şöbəsi İTB-nin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 15 aprel 2025-ci tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs 3 nömrəli xəstəxananın yanında sərxoş vəziyyətdə avto-qəza törətmiş, polisin ünvanına ucadan nalayiq ifadələr işlədərək kənar şəxslərin diqqətini cəlb etmişdir. Nəticədə Azərbayan Respublikasının İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ-nin 1-ci Polis şöbəsi İTB-nin polis sahə rəisi, polis kapitanı X2 protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, daxil olan raport əsasında protokol tərtib edilmişdir. Post-patrul xidmətinin əməkdaşı xidməti avtomobili təhvil vermək istəyən zaman təsadüfən hadisənin şahidi olmuşdur. Həmin əməkdaş Şəxs Gəncə şəhəri, 3 nömrəli xəstəxananın yaxınlığında avto-qəza törətdiyini görmüş, xəsarət alanın olub-olmadığını yoxlamaq üçün yaxınlaşmış, həmçinin dərhal hadisə barədə Gəncə şəhər BPİ-nə məlumat vermişdir. Şəxs avto-qəza törətdiyi zaman sərxoş vəziyyətdə olmasına baxmayaraq hadisə yerini tərk etməyə cəhd göstərmiş, əməkdaşlar ona maneə olan zaman polisin qanuni tələblərinə tabe olmayaraq səs-küy salmış, polisin ünvanına nalayiq ifadələr işlətmiş, bununla da İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, avtoqəza törədən zaman sərxoş vəziyyətdə olmasını etiraf edir, lakin niyyəti hadisə yerindən qaçmaq olmamışdır. Hadisə törədən zaman avtomobildə oğlu da olmuşdur, sərxoş vəziyyətdə olduğu və oğlunu axtaran zaman həyəcana qapıldığı üçün səs-küy salsa da, polisin ünvanına nalayiq ifadələr işlətməmiş, sonradan peşmançılıq hissi keçirmiş və həmin polisdən dəfələrlə üzr istəmişdir. Hazırda da əməlindən peşmandır, ailəsinə baxan yeganə şəxs odur və himayəsində bir azyaşlı övladı var. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin polis nəfəri X4 bildirdi ki, Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin ərazisində 4 nömrəli marşrutda dislokasiya üzrə hərəkətdə olarkən “Mercedes” markalı avtomobilin avto-qəza törətdiyini görüb hadisə yerinə yaxınlaşmışdır. Avtomobil aşmış vəziyyətdə idi. Vətəndaşların köməyi ilə avtomobil əvvəlki vəziyyətinə qaytarılmışdır. Avtomobilin içərisində azyaşlı uşaq da olmuşdur. Avtomobildən Şəxs və azyaşlı uşaq çıxarılmışdır. Şəxs səhhəti barəsində soruşarkən Şəxs özünü qeyri-səmimi apararaq polisin ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Şəxs nizam-intizama dəvət olunsa da, o, bu əməllərini təkrar etdirmiş, həmçinin onun üstünə hücum etmişdir. Şəxs sərxoş vəziyyətdə hadisə yerindən qaçmağa cəhd göstərdiyi üçün fiziki qüvvə vasitəsi ilə post-patrul xidmətinin avtomobili ilə Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nə aparılmışdır. Həmçinin, sonradan avtomobilin oğurluq olduğu da müəyyən edilmişdir. Polis şöbəsində olan zaman da Şəxs özünə xəsarət yetirməyə cəhd göstərmiş, başını yerə vuraraq söyüşlər söymüş, zorla sakitləşdirilmişdir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 21:00-da tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahid izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, iş üzrə müəyyən edilir ki, Şəxs Gəncə şəhəri 3 nömrəli xəstəxananın yanında ucadan səs-küy salıb polisin ünvanına nalayiq ifadələr işlətmiş, ondan sakitləşməsini tələb edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə qeyd edir ki, Şəxs isnad edilən inzibati xətaların içərisində İXM-nin 535.1ci maddəsində nəzərdə tutulan xəta daha ciddi xəta olduğundan, ona həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində yüngülləşdirici və ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şəxs həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən saat 21:00-dan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 21:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar