Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1321/2025 15.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadxov Rəşad Şahin oğlunun katibliyi ilə, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2006-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Gəncə Şəhəri Baş Polis İdarəsinin 2-ci polis şöbəsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X4 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və raportda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə X3 qarşı 300 manat dəyərində Samsung Galaxy A5 markalı telefonu alıb geri qaytarmayaraq dələduzluq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri Ağamalıoğlu küçəsi, ev 15-də yaşayan X1 azyaşlı qızı X3 qarşı Şəxs 300 manat dəyərində olan mobil telefonu danışmaq adı ilə alıb geri qaytarmayaraq dələduzluq yolu ilə əldə etmişdir. Həmin şəxs hazırda Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət, əmlakın mülkiyyətçisinə və digər sahibinə 500 manatdan yuxarı ziyan vurduqda məsuliyyətə səbəb olur. Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edildiyini, lakin Şəxs tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İXM-də 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirdi ki, borcunu ödəməsi üçün X5 xx.xx.2025-ci il tarixdə sözügedən mobil telefonu könüllü olaraq ona vermiş və o, həmin telefonu 60 manata satmışdır, lakin sonradan şikayət edilmişdir. Şəxs vurulmuş ziyanı ödəməyə maddi imkanı olmadığını bildirdi, özünü təqsirli bilməyərək, barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmamasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 mart 2025-ci tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işi başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X1 azyaşlı qızı X3 qarşı dələduzluq edən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan həmin şəxsin müəyyən olunaraq barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nə göndərilmişdir. - “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 12:00-da tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetir və onun törətdiyi əməl İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin ödənilməməsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların mövcud olmadığını nəzərə alıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində tərtib olunmuş protokol üzrə İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsdə saxlama müddətinin əvvəli tutulduğu xx.xx.2025-ci il tаrixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 14 aprel 2025-ci il tarixdən saat 12:00-dan hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №3(125)-1321/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1321/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver