Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1326/2025 14.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 329.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində Gəncə şəhər BPİ-nin X10 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 şikayətlə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, onun etibarnamə ilə idarə etdiyi “OPEL ASTRA” minik markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 26 mart 2025-ci il tarixində, saat 14:00 radələrində Gəncə şəhəri, 28 May küçəsindən Mircəlal Paşayev küçəsinə dönərkən Gəncə şəhəri DYPŞ-nin sonradan adını bildiyi inspektoru polis çavuşu X6 və ekipaj üzvü Mürşüd adlı inispektor xidməti avtomobillə onun idarə etdiyi maşının arxasınca gələrək saxla əmri vermədən və sayrışan işıqları yandırmadan sadəcə DYP maşının ön işıqları ilə ona saxlamağı işarə etdi. O, maşını saxladı və yol patrul inispektorunu gözlədi. Heç kimin yaxınlaşmadığını görüb hörmət əlaməti olaraq təhlükəsizlik kəmərini açıb maşından düşərək Mürşüd adlı polis çavuşuna yaxınlaşdı. DYP maşınında əyləşən Mürşüd adlı inspektor bildirdi ki, guya o, yolayrıcını keçmə qaydalarını pozmuşdur. Cavab olaraq polis inspektoruna işıqforun yaşıl işığı yandıqdan sonra qarşıdan gələn avtomaşın asta hərəkət etdiyi üçün və arxadakı maşınları nəzərə alaraq hərəkət etmək məcburiyyətində qaldığını bildirdi. Mürşüd adlı inispektorla “razılığa” gəlmədiyi üçün ona cərimə yazacağını bildirdi. O isə ona qəti etiraz etdi. Bir müddət sonra onun telefonuna SMS gəldiyini və cərimə olunduğunu bildi. Cərimənin nə üçün yazıldığını yoxladıqda barəsində İXM-nin 329.1 (Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə) və həmin Məcəllənin 327.2 (yolayrıcını keçmə qaydalarının pozulması) maddələri ilə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol tərtib edildiyini gördü. Həmin qərara əsasən 100 (yüz) manat məbləğində cərimə olunmağı qeyd edilmişdir. Guya o, 2 (iki) halda inzibati xəta törətmiş, xx.xx.2025-ci il tarixindən etibarən tərtib edilmiş protokola etirazını bildirmək üçün 102 xidmətinə 6-cı zəngindən sonra onu xx.xx.2025-ci il tarixində Gəncə Şəhər DYP-nə dəvət etdilər. Lakin törətdiyi inzibati xətanın video görüntüsünü ona təqdim etmədilər. Ona tətbiq edilən inzibati xəta haqqında qərar ilə razı deyil. Cünki o, hər dəfə avtomaşını idarə edəndə mütləq şəkildə təhlükəsizlik kəmərini öz təhlükəsizliyi üçün bağlayır. Hesab edir ki, tərtib olunmuş qərar maddi və prosessual hüquq normalarının kobud pozulması ilə tərtib edilmişdir. Qeyd olunanlara əsasən TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X4 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, bildirmişdir ki, o, heç bir inzibati xəta törətməmişdir. Qeyd olunanlara əsasən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin izahatını dinləyərək, şikayəti və iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 329.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi qeyd olunsa da, məhkəmə iclasında qeyd edilən inzibati xətanın törədilmədiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublkası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə iclasında sürücü yol hərəkət qaydasını pozmadığını, heç bir inzibati xəta törətmədiyini bildirmişdir. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbinə əsasən şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Gəncə şəhər BPİ-nin X10 Şöbəsinin üzərinə qoyulsa da, həmin orqan 25 aprel 2025-ci il, 01 may 2025-ci il və 14 may 2025-ci il tarixlərə təyin olunmuş məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq səlahiyyətli orqan öz nümayəndəsinin iştirakını təmin etməməklə yanaşı, həmçinin X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 329.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı mötəbər sübutları da məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Gəncə şəhər BPİ-nin X10 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, İXM-nin yuxarıda sadalanan maddələrinə və işin faktiki hallarına əsaslanaraq məhkəmə verilmiş şikayət üzrə sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməli və X2 barəsində Gəncə şəhər BPİ-nin X10 Şöbəsinin polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 115, 128, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X4 barəsində Gəncə şəhər BPİ-nin X10 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 329.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-1326/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1326/2025
14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver