Məhkəmə qərarları › İş №3(125)-1353/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1353/2023

05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1353/2023 05.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı Niyazi Hüseynovun, Şahidlər Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin PPXT-nin polis nəfəri, polis baş serjantı X2 və Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin PPXT-nin polis nəfəri, polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 510, 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Gəncə şəhəri, 2-ci Polis Şöbəsinin inzibati ərazisində ictimai yerdə xırda xuliqanlıq hərəkətləri edərək inzibati xəta törətmişdir. Ona görə də, barəsində İXM-nin 510, 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı Niyazi Hüseynov inzibati xəta haqqında protokoldakı xüsusatları təsdiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüşlərdə kontuziya almışdır. Müxtəlif vaxtlarda psixiatr müalicəsi almışdır. Həkim tərəfindən təyin edilmiş psixotrop dərmanlardan istifadə edir. Çox vaxt ağrılarını sakitləşdirmək üçün spirtli içkilərdən də istifadə edir. Həyat yoldaşı ilə tez-tez məişət mübahisələri edir. İnzibati xəta haqqında protokolda qeyd edilən əməlləri törətmişdir. İçkili halda evə gəlmiş yoldaşının evdə olmadığını görüb evi dağıtmağa başlamış, daha sonra içkili olduğu üçün qollarına xəsrət yetirmişdir. Sonra polis əməkdaşları hadisə yerinə cəlb edilmişdir. Həmçinin tibb işçiləri də hadisə yerinə gəlmişlər. O, tibb işçilərinin ona yaxınlaşmasına imkan verməmişdir. Polis tərəfindən xidməti avtomobilə təmin edilən zaman həm özünə, həm də polis işçisinə xəsarət yetirməyə cəhd etmişdir. İçkili olduğu üçün başqa heç nəyi xatırlamır. O polisin qanuni tələblərinə tabe olmamışdır. Törətdiyi əməldən peşman olmasını nəzərə alaraq ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 2ci Polis Şöbəsinin PPXT-nin polis nəfəri, polis baş serjantı X4 qeyd etdi ki, barəsində icraat aparılan şəxs Şəxs əvvəldən tanıyır. Onunla bağlı tez-tez xidmətdə olan zaman müraciətlər daxil olur, lakin onun ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün profilaktik söhbətlər apararaq qanunsuz əməllərdən çəkindirməyə çalışır. Hadisə baş verən gün ona yenə də barəsində icraat aparılan şəxs Şəxs qanunsuz əməlləri barədə müraciət daxil olmuşdur. Hadisə yerinə gedəndə Arzunun qollarını kəsdiyini görmüş, dərhal hadisə yerinə həkim cəlb etmişdir. Lakin Arzu israrla həkimə yaxınlaşmağa imkan verməmiş, özünə xəsarət yetirməyə davam etmişdir. O güc tətbiq etmək məcburiyyətində qalmışdır. Xidməti avtomobilə Arzu ilə birlikdə əyləşdikdən sonra Arzu təpiklə onun boynundan vurmuşdur. İdarəyə təmin edildikdən sonra da, Arzu idarədə öz əməllərinə davam etmiş, nalayiq ifadələr işlədərək idarənin iş rejimini pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 2ci Polis Şöbəsinin PPXT-nin polis nəfəri, polis baş serjantı X3 da şahid X4 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiqləmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş 05 iyul 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05 iyul 2023-cü il tarixdə Gəncə şəhəri, 2-ci Polis Şöbəsinin inzibati binasının ərazisində ictimai yerdə xırda xuliqanlıq törətmişdir, ucadan, nalayiq ifadələr işlədən zaman ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq öz əməlini davam etdirmişdir. Ona görə də barəsində İXM-nin 510, 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 05 iyul 2023-cü il tarixli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” Protokolundan görünür ki, Şəxs yüngül dərəcədə sərxoş olmuşdur. Beləliklə, Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və həmçinin işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin etirafedici ifadələrindən aydın olduğu kimi Şəxs əməlinin ictimai təhlükəliliyini dərk edir və səmimi peşmançılıq keçirir. İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi, onun psixi xəstəliklərdən əziyyət çəkməsi onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınır. İnzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsi onun məsuliyyətini ağırlaşdıran hal qismində nəzərə alınır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati xətanı sərxoş halda törətməsini, eyni inda iki inzibati xətanı törətməsini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini və psixi xəstəlikdən əziyyət çəkməsini nəzərə alaraq, ona tətbiq ediləcək inzibati həbsin aşağı həddə seçilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 05 iyul 2023-cü il tarixdən saat 18:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: əsli ilə düzdür Orxan Cəfərli Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar