Məhkəmə qərarları › İş №3(125)-137/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-137/2023

13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-137/2023 13.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolları tərtib etmiş Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara məhkəmənin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci polis şöbəsində tərtib olunmuş materiallar baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinin polis sahə rəisi Nümayəndə tərəfindən tərtib olunmuş 16 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Gəncə şəhəri, Məhsəti Gəncəvi qəsəbəsində yerləşən vətəndaş Zərərçəkmiş şəxs məxsus olan həyətyanı sahədən yaşayış olmayan evindən 90 manat dəyərində olan elektrik naqilini oğurlamışdır. Həmçinin materiala əlavə edilmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinin polis sahə rəisi Nümayəndə tərəfindən tərtib olunmuş 16 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Gəncə şəhəri, Məhsəti Gəncəvi qəsəbəsində yerləşən vətəndaş X2 məxsus yarımtikili evinin zirzəmisindən 90 manat dəyəri olan dəmir qapını gizli yolla oğurlamışdır. Həmçinin materiala əlavə edilmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinin polis sahə rəisi Nümayəndə tərəfindən tərtib olunmuş 16 yanvar 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan X1 məxsus yarmtikili evindən iki ədəd 60 manat dəyəri olan şiveller və 30 manat dəyərində olan elektrik naqillərini oğurlamışdır. Həmçinin materiala əlavə edilmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinin polis sahə rəisi Nümayəndə tərəfindən tərtib olunmuş 16 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Məhsəti qəsəbəsi ərazisindən vətəndaş X4 məxsus olan həyətyanı sahədən ümumilikdə 100 manat dəyərində olan elektrik naqilini oğurlamışdır. Həmçinin materiala əlavə edilmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinin polis sahə rəisi Nümayəndə tərəfindən tərtib olunmuş 16 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evindən vətəndaş X3 məxsus olan yarımtikili həyətyanı sahədən 50 manat dəyərində olan plastik qapı və 10 manat dəyəri olan elektrik naqili oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Nümayəndə inzibati xəta haqqında protokolların məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Gəncə şəhəri, DOS 6 ev 18-də yaşayan Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsi 33cü küçədə yerləşən yaşayış olmayan evinin hasarından keçmə yolu ilə daxil olmaqla 90 manat dəyərində elektrik naqillərini, xx.xx.2022-ci il tarixdən saat 15 radələrindən, xx.xx.2022-ci il saat 12 radələrinədək olan müddətdə X2 məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsi 37-ci küçədə yerləşən, yaşayış olmayan yarımtikili evin zirzəmisinin pəncərəsi olmayan pəncərə yerindən zirzəmiyə qanunsuz daxil olmaqla zirzəmidən 90 manat dəyərində dəmir materialdan olan qapını, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində X1 məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsi yeni məhlələrdə yarıtikili təmirsiz evdən 60 manat dəyərində 2 ədəd şiveller və 30 manat dəyərində olan elektrik naqillərini, xx.xx.2022-ci il tarixdə saat 10 radələrindən xx.xx.2022-ci il tarixi saat 14 radələrinədək olan müddətdə X9 qızına məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsi ərazisində yerləşən ətrafı hasar olmayan, həmçinin qapısı və pəncərəsi olmayan yarımtikili evin otağından bir metri bir manat olan ümumilikdə 100 manat dəyərində olan 100 metrlik elektrik naqilini və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Gəncə şəhəri, B.İsgəndərov küçəsi ev 50-də yaşayan X3 məxsus Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən yarımtikili evinə nəzarət etmədiyi müddət ərzində evin həyətinə daxil olaraq evdən 50 manat dəyərində olan plastik qapını və 10 manat dəyərində isə elektrik naqilini gizli yolla oğurlamışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edildiyini, lakin Şəxs tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü tam təqsirli bilərək izahatında bildirdi ki, o, protokollarda göstərilən oğurluq əməllərini törətmiş, oğurladığı müxtəlif dəmir və elektrik naqillərini səyyar dəmir alan şəxslərə satmışdır. Sonda o, əməllərindən peşman olduğunu, himayəsində 3 azyaşlı uşağının olmasını, pula ehtiyacı olduğu üçün oğurluq etdiyini, hər ay hissə-hissə dəymiş ziyanı ödəyəcəyini bildirib qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Zərərçəkmiş şəxslər məhkəmənin vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, qeyd olunan əməlləri törətmiş Şəxs əməllərində cinayət tərkibi olmadığından, onun əməllərində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində tədbir görülməsi üçün qərarların surətləri Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci polis şöbəsinə göndərilmiş, vətəndaşların şikayət ərizələri əsasında toplanmış materallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. - “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 19:35-də tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. - 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. - 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. - 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, özünün etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, əməlini etiraf etməsini və himayəsində 3 azyaşlı uşağının olmasını, məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.2, 34.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin Şəxs 14-16 yanvar 2023-cü il tarixlərdə 2 gün inzibati qaydada tutulması ona təyin edilmiş inzibati həbsdən tənbehindən çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, ona barəsində tərtib olunmuş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokolda göstərilən əməl üzrə 25 gün müddətinə, MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokolda göstərilən əməl üzrə 25 gün müddətinə, MN 1363531nömrəli, xx.xx.2023-cü il tarixli protokolda göstərilən əməl üzrə 25 gün müddətinə, MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokolda göstərilən əməl üzrə 25 gün müddətinə və MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokolda göstərilən əməl üzrə 25 gün müddətinə inzibati həbs tənbehi təyin edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən təyin edilmiş tənbehlər qismən toplanılmaqla, ona 01 ay 10 gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin və onun inzibati qaydada tutulduğu 02 gün təyin edilmiş inzibati tənbehdən çıxılaraq üzərində qəti olaraq 01 (bir) ay 08 (səkkiz) gün müdddətinə inzibati həbs tənbehi saxlanılsın. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar