Məhkəmə qərarları › İş №3(125)-1384/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1384/2025

26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1384/2025 26.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah оğlunun sədrliyi, məhkəmə iclas katibi İbrahimov İbrahim Yasin oğlunun katibliyi, Gəncə şəhər prokurorluğunun nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə Gəncə şəhər prokurorluğu tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2025-ci il tarixli qərar tərtib olunmuşdur. Həmin qərardan görünür ki, vəzifəli şəxs Şəxs əməyin mühafizəsi qaydalarını pozaraq Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən taxta-qapı pəncərə sexində dəzgahın fırlanan və təhlükə mənbəyi olan hissələrinə işçinin toxunmasını istisna etmək üçün həmin hissələrin üzərinin qoruyucu tərtibatla bağlanmasını təmin etməmiş, əmək fəaliyyətinə cəlb etdiyi X3 əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair təlimatlandırmamış, nəticədə R.N.Abbasovu xx.xx.2024-cü il tarixdə qeyd edilən taxta qapı-pəncərə sexində usta və fəhlə kimi işlərin yerinə yetirilməsinə cəlb edərkən sonuncu 3 faza elektrik cərəyanı ilə işləyən universal fuqon adlı elektrik mişarında əlində əlcək olmadan taxta yonarkən sol əlinin 5-ci (çeçələ) barmağının dəzgahda qalaraq kəsilməsi nəticəsində az ağır xəsarət almış, bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3cü maddəsi ilə nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən əməyin mühafizəsi qaydalarının pozulması zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda inzibati xətasını törətmişdir. Məhkəmə iclasınında iştirak edən Gəncə şəhər prokurorluğunun nümayəndəsi X4 çıxış edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyini və Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın onun tərəfindən törədildiyini etiraf edərək, törətmiş olduğu əməldən peşman olduğunu bildirdi və barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 104 nömrəli məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol əlin V barmağının dırnaq falanqasının travmatik amputasiyası kəsici əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə texniki-təhlükəsizlik ekspertizasının 19 mart 2025-ci il tarixli, 10/1513 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən taxta-qapı pəncərə sexində dəzgahın fırlanan və təhlükə mənbəyi olan hissələrinə işçinin toxunmasını istisna etmək üçün həmin hissələrin üzərinin qoruyucu tərtibatla bağlanmaması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. 2.Baş vermiş hadisə ilə əlaqədar “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.0.003-91 DÜST”-ün 2.1.5 bəndinin tələbləri pozulmuşdur. Qeyd edilən normativ aktın tələbinin pozulması ilə X2 xəsarət alması arasında səbəbli əlaqənin olub-olmamasının müəyyən edilməsi hüquqi xarakterli məsələ olmaqla ekspertin səlahiyyət dairəsinə aid deyil. 3.Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən taxta qapı-pəncərə sexində istismar olunan dəzgahın fırlanan və təhlükəli olan hissələrinin üstünün qoruyucu tərtibatla bağlanması təmin edilmədiyinə görə “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.0.003-91 DÜST”-ün 2.1.5 bəndinin tələbləri istismar olunan avadanlığın təhlükəsizlik tələblərinə uyğunluğuna cavabdeh olan şəxs(lər) tərəfindən pozulmuşdur (konkret şəxslər vəzifə təlimatlarına əsasən istintaq orqanı tərəfindən müəyyən edilə bilər). 4.X2 qeyri-rəsmi (əmək müqaviləsi bağlanılmadan) cəlb edildiyi dülgər işi üzrə peşə hazırlığı təlimi keçmədiyini, təhlükəsizlik texnikasına dair təlimatlandırılmadığını, biliklərinin yoxlanılmadığını və işlədiyi dəzgahın təhlükəsizlik tələblərinə uyğun olmadığını nəzərə aldıqda, xəsarət almış X2 özü tərəfindən təhlükəsizlik texnikası qaydalarının pozulması halı müəyyən edilmir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlini etiraf etməsini və səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, əməlini etiraf etməsini, səmimi peşmançılığını iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1500 (min beş yüz) manat məbləğində cərimə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar