Məhkəmə qərarları › İş №3(125)-139/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-139/2023

17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-139/2023 17.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X3, zərərçəkmiş şəxs (icra işi üzrə tələbkar) Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Samux rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, pensiyaçı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 17 yanvar 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1949/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay cəmi 260 (iki yüz altmış) manat alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X5 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək, həmçinin ərizə təqdim edərək, bildirdi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1949/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən hər ay 260 (iki yüz altmış) manat alimentin Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. O, 2240 manat olan aliment borcundan 200 (iki yüz) manat ödəmiş və halhazırda 2041 (iki min qırx bir) manat aliment borcu qalmışdır. O, tələbkar ilə hər ay 300 (üç yüz) manat olmaqla aliment borcunun hissə-hissə ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Buna görə də barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs məhkəməyə izahat verərək və ərizə təqdim edərək, bildirdi ki, Şəxs ona olan 2241 (iki min iki yüz qırx bir) manat aliment borcundan 200 (iki yüz) manat ödəniş etmişdir. Qalan 2041 (iki min qırx bir) manat aliment borcunun hissə-hissə ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1949/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Şəxs arasında xx.xx.2007-ci il tarixdə Gəncə Şəhər Kəpəz Rayon Qeydiyyat şöbəsində 1284 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X4 iddiaçı Zərərçəkmiş şəxs yanında saxlanılması, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3119/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulan alimentin miqdarının artırılması və xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Şəxs qətnamənin qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa görə 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, borclu Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1949/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 (on) gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs ünvanlanmış xəbərdarlığın və sonuncu xəbərdarlığın surətindən görünür ki, borcluya xəbərdarlıq və sonuncu xəbərdarlıq göndərilməsinə baxmayaraq, icra məmuru tərəfindən ona, icra sənədi icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmiş və Şəxs qeyd olunan sənədləri imza edərək qəbul etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İcra məmuru tərəfindən borclu Şəxs borcunu vaxtında ödəmədiyi üçün məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi və beləliklə, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir. Şəxs tələbkar ilə qalan borcun hissə-hissə ödənilməsi ilə bağlı razılığa gəlmələri onun qətnamənin icrasından yayınmağa çalışmadığını göstərir. İXM-in 528.1-ci maddəsi ilə məsuliyyət məhkəmə qətnaməsinin icra edilmədiyi bütün hallar üçün yox, yalnız qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin üzrlü səbəblər olmadan yerinə yetirilməməsi halında yaranır. Hazırkı halda isə Şəxs hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən üzrsüz olaraq boyun qaçırılması faktı aşkar edilməmişdir. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar