Məhkəmə qərarları › İş №3(125)-1393/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1393/2023

10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1393/2023 10.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, X1 iclas katibliyi, Protokol tərtib etmiş Gəncə şəhər DYPŞ-nin polis mayoru X3, X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Gədəbəy Rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Gəncə şəhər MKTİB iş icraçısı vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə Gəncə şəhəri BPİ-nin X12 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Şəxs 09 iyul 2023-cü il tarixdə Gəncə “Beynəlxalq Xəstəxana”nın qarşısında VAZ 2107 minik markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə hərəkətdə olan zaman nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxaraq avtoxuliqanlıq etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs qismində dindirilmiş Gəncə şəhər DYPŞ-in polis mayoru X6 bildirdi ki, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs ictimai qaydanı avtoxuliqanlıq edərək pozmuşdur. Barəsində icraat aparılan şəxsin inzibati tənbeh edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşın özünə məxsusudur. 09 iyul 2023-cü il tarixdə H.Əliyev prospektində Beynəlxalq xəstəxananın qarşısında saxlayıb cənab başçının burda olub-olmadığını soruşmuşdur. Bu zaman mühafizə işçisi icra başçısının avtomobilinin həyətdə olması, lakin özünün evdə olunolmamasını bilmədiyini bildirmişdir. O mühafizəçiyə bildirmişdir ki, onun işi ilə bağlı narazılığı var. Nə cür olur olsun icra başçısı ilə görüşməlidir. Lazım olarsa avtomobilini onun avtomobilinin qarşısına çəkib icra başçısını saxlayacaq və sözünü deyəcəkdir. Sonra da avtomobilə oturaraq oradan uzaqlaşmışdır. Hazırki inzibati xəta haqqında iş onun müdriyyəti tərəfindən təşkil edilib. Onun təqsiri yoxdur. Barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında ifadə vermiş şahid X7 bildirdi ki, xidmətdə olan zaman səhər saatlarında Elmar ona yaxınlaşmışdır. Əsəbi halda icra başçısının evdə olub olmamasını soruşmuş, o isə məlumatsız olduğunu bildirmişdir. Bundan sonra o Elmardan dayanmasını tələb etsə də, Elmar ona məhəl qoymamış, həyətə daxil olmuşdur. Aralarındakı sözlü mübahisədən sonra Elmar avtomobilə əyləşmiş, təkərləri yol örtüyünü üzərinə bir neçə dəfə sürtməklə qəfil sürətlənmiş və oradan uzaqlaşmışdır. Məhkəmə inzibati xəta törətmiş şəxsin və şahidin izahatını, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə birlikdə araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Odur ki, o, təqsirli bilinərək, inzibati qaydada tənbeh olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Gəncə şəhər BPİ-nin DYPŞ-nın rəisi polis polkovnik-leytenantı Eldəniz Həsənov tərəfindən verilmiş Arayışdan görünür ki, Şəxs sürücülük vəsiqəsi olmadığı müəyyən edilmiş və sürücülük hüququ olmadığı aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli Qərardan görünür ki Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın törədilməsi, bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol, işdə olan digər sənədlər və işin digər halları ilə tam təsdiq olunur. Barəsində icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati xətanın törədilməsi, bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol, işdə olan digər sənədlər və işin digər halları ilə tam təsdiq olunur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh növü seçərkən və inzibati tənbeh tətbiq edərkən məhkəmə, onun şəxsiyyətini, yol verilən inzibati xətanın növünü və ictimai təhlükəliliyini nəzərə alır və onun barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla inzibati həbs növündə inzibati tənbeh təyin edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 10 iyul 2023-cü il tarixdən, saat 17:10-dan hesablansın. Qərаrın icrаsı Gəncə şəhəri Bаş Pоlis İdаrəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə həvаlə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar