Məhkəmə qərarları › İş №3(125)-1407/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1407/2023

12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1407/2023 12.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 21-ci küçə, ünvansız evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 17-ci küçədə yerləşən fərdi yaşayış evində yaşayan X2 məxsus əl arabası və dəmir materialları onun fərdi yaşayış evinin həyətindən oğurlamaqla 60 (altmış) manat dəyərində ziyan vurmaqla, xırda talama əməlini törətmişdir. Bununla da o, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsi tərəfindən xx.xx.2023cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X3 çıxış edərək bildirdi ki, Şəxs əməlində cinayət tərkibi olmadığından tərtib edilmiş materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini səmimi etiraf edərək bildirdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında məhkəməyə təqdim edilmiş protokolda qeyd olunan əməl həqiqətən də onun tərəfindən törədilmişdir. O, bu əməli törətməsini maddi imkansızlıqla əlaqələndirmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı isə ödəməyə maddi imkanı yoxdur. Əməlindən peşmandır. Onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin təhqiqatçısının 09 iyul 2023-cü il tarixli qərarının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vətəndaş X2 məxsus 60 (altmış) manat dəyərində əl arabası və dəmir materialların Şəxs tərəfindən oğurlanmasına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 11 iyul 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 11 iyul 2023-cü il tarixdə, saat 13:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və əməlini etiraf etməsini, ağırlaşdıran halların olmamasını, zərər çəkmiş şəxsə dəymiş zərərin ödənilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin Məcəllənin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, inzibati həbsdə sаxlаmа müddətinin əvvəli Şəxs inzibati qaydada tutulduğu 11 iyul 2023-cü il tarixdə saat 13:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 23 (iyirmi üç) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsdə olmanın əvvəli Şəxs inzibati qaydada tutulduğu 11 iyul 2023-cü il tarixdə saat 13:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar