Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1417/2023 13.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, təqaüdçü, Gəncə şəhəri, Vəzirov küçəsi, ev 42-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 2ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə Abad Ticarət Mərkəzində ictimai qaydanı pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X9 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə “Abad Ticarət Mərkəzində” uca səslə nalayiq ifadələr işlətməklə yanaşı, polisin qanuni tələbinə məhəl qoymadan öz hərəkətlərini davam etdirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, həmin vaxt ona X5 işçisi zəng vuraraq bazara gəlməyini demişdir. O, həmin vaxt Bakı şəhərində olmuş və X11 ilə görüşmək üçün həmin gün həyat yoldaşı ilə birlikdə Gəncə şəhərinə gəlmiş, lakin o və həyat yoldaşı deyilən ünvana çatanda ona Pərinin orada olmadığını, sabah gələcəyini demişlər. O da sabah, yəni 13 iyul 2023-cü il tarixdə həyat yoldaşı ilə birlikdə deyilən ünvana, yəni Abad Ticarət Mərkəzinə gəlmiş, bu zaman Pəri ilə o aralarında olan məsələ ilə bağlı danışdıqdan sonra Pəri üzünü çevirib getmişdir. O isə oradan çıxmaq istəyəndə polis əməkdaşı gəlib onun sinəsindən itələyərək deyib ki ,”sənə deyilməyib bura gəlmə”, o da bildirib ki, onu oraya Pəri zəng edib çağırmışdır. O, həmin vaxt səs-küy salmamış və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuşdur. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə əvvəllər tanıdığı Şəxs zəng edib niyə onun və anasının barəsində xoşagəlməzlər söz-söhbətlər danışdığını sual verib iradını bildirmiş, eyni zamanda dəfələrlə direktoru olduğu bazara gələrək mübahisə etmələrindən narahat olduğunu bildirmişdir. Akim ona yaxşı etdiyini bildirmiş və ona dükan verməyəcəyi halda hər gün bazara gələcəyini və onu biabır edəcəyini bildirmişdir. O, Akimin sözünə əhəmiyyət verməyərək dəstəyi asmışdır. Aradan bir neçə saat keçmiş, təxminən saat 10:00 radələrində Akim və həyat yoldaşı onun yanına gəlmiş və o, Akimlə aralarında olan məsələ ilə bağlı danışan zaman o, səs-küy salmağa başlamış, o isə həmin ərazidə xidmət edən polis əməkdaşı Elvini çağırmışdır. Elvin isə Akimi sakitləşdirmək istəyəndə nalayiq ifadələrlə onu təhqir etmişdir. Daha sonra polis nəfəri Elvin kömək çağırıb və Akim polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılmışdır. Akim və anası Xoşqədəm adlı qadın dəfələrlə bazara gələrək ondan dükan tələb etmiş və mübahisə yaradaraq ictimai qaydanı kobud şəkildə pozmuşlar. Polis əməkdaşları hər dəfə onu nizam-intizama dəvət edəndə o, “25 il polisdə çalışdığını və ona heç kim heç nə edə bilməyəcəyini” demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, o, xx.xx.2023cü il tarixdə ofisin yaxınlığında yerləşən satış etdiyi yerə gələndə görmüşdür ki, polis əməkdaşı ilə bir nəfər mübahisə edir və tanımadığı şəxs ofisin önündə uca səslə nalayiq ifadələr işlədir və həmin hadisə bir neçə dəqiqə çəkmiş, bundan sonra həmin yerə polis əməkdaşları gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, 2020-ci il tarixdən 2-ci PŞ-nin dislokasiya üzrə “Abad Ticarət Mərkəzinə” xidmətə təyin olunmuşdur. xx.xx.2023-cü il tarixdə əvvəlcədən tanıdığı Akimin yenidən Ticarət Mərkəzinin Ofisi önündə uca səslə nalayiq ifadələr işlədərək camaatın diqqətini özünə cəlb etdiyini görmüşdür. Akim iddia edir ki, onun mərkəzdə satış məntəqəsi vardır. Ticarət Mərkəzinə bu işlə bağlı başqa vaxtlarda da gəldiyini görmüşdür. xx.xx.2023-cü il tarixdə ofisin qarşısında uca səslə nalayiq ifadələr işlədərək onun dükanını qaytarmasalar buranı dağıdacağını bildirmişdir. Həmin vaxt Akimin həyat yoldaşı da yanında olmuşdur. O, Akimə yaxınlaşıb onu sakitləşdirməyə, mübahisəni məhkəmə qaydasında həll etməyə dəvət etmişdir. Bu zaman Akim ucadan səs-küy salmaqla ictimai qaydanı pozmağı davam etdirmiş, təhqiredici ifadələr işlətmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bazarda alış-veriş edən şəxslərin narahat olduğunu görüb efir vasitəsi ilə şöbədən kömək istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsi polis sahə rəisi, polis kapitanı X9 ilə birlikdə xidməti ərazidə olan zaman xidmət rəisi tərəfindən Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsində yerləşən “ABAD” İTB-də xidmətdə olan polis nəfəri X1 lazım olduğu bildirildi. Onlar qeyd olunan əraziyə yaxın olduqları üçün hadisə yerinə yaxınlaşıblar. Onlar bazarın mərkəzində yerləşən ofisin qarşısında çoxlu insanların toplaşdığını və adı sonradan onlara məlum olan Şəxs adlı şəxsin 2-ci Polis Şöbəsinin əməkdaşı polis nəfəri, polis serjantı Elvin Hüseynov ilə mübahisə etdiyini, ictimai yerdə ucadan nalayiq ifadələr işlətdiyini müəyyən etmişlər. Şəxs bir neçə dəqiqə nizam-intizama dəvət etmişlər və ictimai asayişin bərpası məqsədi ilə saxlayaraq 2-ci Polis Şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, o, Şəxs həyat yoldaşıdır. Həmin vaxt X5 işçisi həyat yoldaşına zəng vuraraq bazara gəlməyini demişdir. Onlar həmin vaxt Bakı şəhərində olmuşlar və X11 ilə görüşmək üçün həmin gün həyat yoldaşı ilə birlikdə Gəncə şəhərinə gəlmişlər, lakin o və həyat yoldaşı deyilən ünvana çatanda Pərinin orada olmadığını, sabah gələcəyini demişlər. Onlar da 13 iyul 2023-cü il tarixdə həyat yoldaşı ilə birlikdə deyilən ünvana, yəni Abad Ticarət Mərkəzinə gəlmişlər, həyat yoldaşı X11 ilə danışmaq üçün onun otağına keçmiş, otaqda olan zaman Pəri Akimə anasının onu təqhir etdiyini demişdir, o, isə Pəriyə anasının yaşlı olduğunu, boş verməyini bildirmiş, bu zaman orada Akimə nalayiq sözlər deyiləndə o, Akimə bunun “oyun” olduğunu və ona oradan getmələrini demişdir. Lakin polis Akimi orada saxlayaraq Polis Şöbəsinə gətirən zaman, o da həyat yoldaşı ilə birlikdə polis maşınına əyləşərək polis şöbəsinə gəlmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xəta üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə onun məhkəmə iclasında göstərmiş olduğu xüsusatları obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, sonuncunun məqsədi bilavasitə inzibati məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıdığı üçün onun törətmiş olduğu inzibati xəta məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam təsdiq edilir. Belə olan halda məhkəmə işdə iştirak edən şəxsləri və şahidləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs qeyd edilən inzibati xətanı törətmiş və bu hallar onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol, şahid ifadələri və işdə olan digər sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etməmişdir. Həmin Məcəllənin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə, ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və törədilmə şəraitini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ilk dəfə inzibati xəta hadisəsi törətməsini və inzibati xəta haqqında iş üzrə digər xüsusatları nəzərə alıb, inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası həddində 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-1417/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1417/2023
13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver