Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1419/2023 14.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-cı il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Daşkəsən rayonu, Yuxarı Daşkəsən qəsəbə ərazi idarəsi, Yuxarı Daşkəsən qəsəbəsi, A.Ələsgər 19 ünvanında qeydiyyatda olan, Gəncə şəhəri, 28 May küçəsi, təzə məhəllələrdə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri 3-cü Polis Bölməsində uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. İctimai qaydanı pozduğu üçün ondan sakitləşməsini tələb edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabə olmayıb öz hərəkətlərini davam etdirdiyinə görə barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı X7 inzibati xəta haqqında protokoldakı xüsusatları təsdiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, qardaşı ruhi xəstədir və anası ilə mübahisə etmişdir. Sonra anası “102” xidmətinə zəng etdiyinə görə polis əməkdaşları gəlib qardaşını polis şöbəsinə aparmışlar. O, həmin şöbəyə gedəndə artıq qardaşını buraxmışdılar. Sahə rəisi daha sonra anasına zəng edib şöbəyə gəlməli olduğunu bildirib, anası isə gələ bilməyəciyini deyib. O, zəng edib polis əməkdaşına gələ bilməyəciyini deyəndə əsəbi cavab vermişdir. Daha sonra polislər onun yaşadığı evə gəlmiş, gəldikləri zaman kobud davrandılar, buna görə polislərə etiraz edəndə mübahisə yaranmış və onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində onu döymüş və söymüşlər, o da qarşılıq verərək polislərə qarşı söyüş söymüşdür. Şəxs onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X6 bildirdi ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yaşadığı ərazinin sahə rəisidir. xx.xx.2022-ci il tarixdə Gəncə şəhər 28 May küçəsi təzə məhlələrdə yaşayan X2 DİN-nin 102 xidmətinə bilə-bilə yalan məlumat verərək oğlu X3 tərəfindən döyülməsi barədə məlumat verərək polis əməkdaşlarını çağırmaqla AR-nın İXM-nin 564-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də X2 barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti Gəncə şəhər 3-cü PB-nin aidiyyatı sahə rəisinə göndərilmiş və iş onun icraatına verilmişdir. Araşdırma aparmaq üçün X1 zəng etmiş və polis şöbəsinə dəvət etmiş, lakin hər dəfə Nargilə Hüseynova şöbəyə gəlməyini təxirə salmışdır. Sonuncu telefon danışığı zamanı Şəxs dəstəyi alaraq anasının şöbəyə gəlməyəcəyini və bir daha onlara zəng etməməsini bildirmiş, daha sonra onu nalayiq ifadələrlə təhqir etmişdir. Daha sonra yaşadığı ünvana gedib Nargilə Hüseynovanı polis şöbəsinə dəvət etdikləri zaman Şəxs uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. İctimai qaydanı pozduğu üçün ondan sakitləşməsini tələb edən digər polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabə olmayaraq hərəkətlərini davam etdirmişdir. Daha sonra polis şöbəsinə gətirilən Şəxs uca səslə nalayiq ifadələr işlətməyə və ondan sakitləşməsini tələb edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabə olmamağa davam etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 03 dekabr 2022-ci il tarixdə ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün izahatı və həmçinin işdə olan digər sübutlarla tam sübuta yetirildi. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs əməlində cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilmədi. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 14 iyul 2023-cü il tarixdən saat 15:20-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №3(125)-1419/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1419/2023
14.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver