Məhkəmə qərarları › İş №3(125)-1424/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1424/2025

25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1424/2025 25.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025ci il tarixdə Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 03 iyul 2019cu il tarixli qərarla icraata başlanılmış Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 2108/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 16 may 2019-cu il tarixdən başlayaraq, 3 (üç) uşağın yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunma barədə xəbərdarlıqlar göndərilməsinə baxmayaraq o, icra sənədi üzrə tələbi icra etməmişdir. Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs qanunda müəyyən edilmiş müddətdə icra sənədini icra etməmişdir. Aparılmış icra tədbirləri nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Gəncə Şəhər Məhkəməsinin 3(125)- 3885/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 08 (gün) müddətinə inzibati həbs edilmişdir. Həbs müddəti bitdikdən sonra da Şəxs icra sənədinin icrasından yayınmış və cəmi 190 (bir yüz doxsan) manat ödəniş etmişdir. Şəxs aliment borcu 2025-ci ilin aprel ayı daxil olmaqla 17730 (on yeddi min yeddi yüz otuz) manat təşkil edir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 protokolun məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin o borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Gəncə Şəhər Məhkəməsinin 3(125)- 3885/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs 10 gün müddətində inzibati həbs edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar üzürsüz səbəbdən icra etmədiyinə görə borclu barədə hazırkı protokol tərtib edilmişdir. İcra sənədi üzrə 17730 manat aliment borcundan sonuncu inzibati tənbeh tədbirindən indiyədək cəmi 190 manat ödəniş edilmişdir. Borclu işsiz olduğunu əsas gətirərək borcun ödənilməsindən boyun qaçırır, ödəniş etmir. Bundan başqa, borclu onun çağırışlarına gəlmir, icra sənədinin icrasından boyun qaçırır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində inzibati qaydada tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, borcunu ödəmə imkanı yoxdur, işsizdir. Bununla belə, anası yaxın vaxtlarda öldüyü üçün başı ona qarışmışdır. Odur ki, qeyd etdiklərini nəzərə alaraq, ödənişlə bağlı ona vaxt verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs spirtli içkilərdən istifadə edərək onu təhqir edir. Şəxs alimentin ödənilməsindən boyun qaçırır, özü xəstə ola-ola kirayədə yaşaya-yaşaya üç uşağa baxır. Borcun ödənilməsini, əks halda borclu barəsində həbs növündə inzibati tənbeh tədbirinin tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilərək araşdırılmış: Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)-2108/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2006-cı il tarixdə X5, xx.xx.2010-cu il tarixdə X6 və xx.xx.2014-cü il tarixdə X8 nikahın pozulmasından sonra iddiaçı Həsənova (Quliyeva) Zülfiyyə Surxay qızının himayəsində saxlanılsınmalı, cavabdeh Şəxs xx.xx.2006-cı il tarixdə X1, xx.xx.2010-cu il tarixdə X2 və xx.xx.2014-cü il tarixdə X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 16 may 2019-cu il tarixdən başlayaraq, hər ay 120 manat, cəmi 360 manat sabit pul məbləğində aliment iddiaçı Həsənova (Quliyeva) Zülfiyyə Surxay qızının xeyrinə tutulmalı, qətnamənin alimentlə bağlı hissəsi dərhal icra edilməlidir. xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)-2108/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqi üzrə icraat başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, həmin bildiriş borclu Şəxs təqdim edilməklə, ona Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)-2108/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədini könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. Borclu Şəxs xx.xx.2023-cü il tarixdə İdarədə verdiyi izahatında qeyd etmişdir ki, Gəncə Şəhər Məhkəməsinin 3(125)-2060/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Həbsdən sonra icra sənədi üzrə heç bir ödəniş etməmişdir, imkanı olmadığı üçün çalışacaqdır ki, qısa müddətdə işə düzəlsin və aliment ödənişləri aparsın. Borclu Şəxs xx.xx.2024-cü il tarixdə İdarədə verdiyi iltizamda göstərmişdir ki, tələbkar Zərərçəkmiş şəxs 2024-cü ilin noyabr ayının 15-16-dək aliment borcundan 100 (bir yüz) manat, ayın axırınadək 200 (iki yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat ödəyəcək. Borclu Şəxs xx.xx.2025-ci il tarixdə İdarədə verdiyi iltizamda göstərmişdir ki, tələbkar Zərərçəkmiş şəxs aliment borcundan xx.xx.2025-ci il tarixədək 200-250 manat ödəyəcək, həmçinin icra məmurunun çağırışlarına vaxtında gələcək. Borclu Şəxs məhkəmənin qərarı ilə məcburi gətirilmənin tətbiq olunacağı barədə xx.xx.2019-cu il tarixli sonuncu xəbərdarlıq, xx.xx.2020-ci il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli xəbərdarlıqlar və xx.xx.2025-ci il tarixli sonuncu xəbərdarlıq təqdim edilərək icra sənədinin icrası ilə əlaqədar İdarəyə çağırılmışdır. Gəncə Şəhər Məhkəməsinin 3(125)-3885/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və ona, 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Gəncə şəhər 1-ci Polis Şöbəsi tərəfindən Gəncə şəhəri üzrə icra İdarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubun sürətindən görünür ki, borclu Şəxs barəsində Gəncə şəhər 1-ci Polis Şöbəsinin İTB-i tərəfindən xx.xx.2024-cü il tarixdə 551216 nömrəli axtarış elan edilmişdir. Elektron qaydada əldə edilmiş məlumatdan görünür ki, Şəxs adına hər hansı əmlak yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində əsasən bu məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı inzibati tənbeh vermə haqqında Gəncə Şəhər Məhkəməsinin 3(125)-3885/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında verdiyi izahatından görünür ki, borclu işləmədiyini əsas gətirərək, borclarını ödəmədiyini bildirsə də, bu hal onu borcunu ödəməmək üçün əsas hesab edilə bilməz. Borclu hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış aliment borcunun lazımi qaydada ödənilməsinə laqeydlik göstərmiş və icra sənədinin icrasına səhlənkar yanaşmışdır və onun hazırda 17730 (on yeddi min yeddi yüz otuz) manat aliment borcu ödənilməmiş qalmaqdadır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, icra sənədi üzrə ödənilməmiş pul vəsaitlərinin məbləğlərini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 25 aprel 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar