Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1425/2025 25.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Gəncə şəhər Baş Polis İdarəsi 1-ci Polis şöbəsi İTB-nin polis sahə rəisi, polis leytenantı X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Gülüstan qəsəbəsində ünvansız evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 1-ci Polis şöbəsi İTB-nin polis sahə rəisi, polis leytenantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs Gəncə şəhər BPİ-nin 1-ci Polis şöbəsinin inzibati binasının qarşısında ucadan səs-küy salıb, ondan sakitləşməsini tələb edən polisin qanuni tələbinə tabe olmayıb. Bundan əlavə polisin inzibati binasında yenidən nalayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə qəsdən tabe olmayıb polis şöbəsinin iş fəaliyyətini qəsdən pozmuşdur. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, cinayət-axtarış bölməsinin, növbətçi hissənin əməkdaşları, həmçinin post-patrul əməkdaşlarının təqdim etdiyi raport əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunaraq məhkəməyə baxılması üçün təqdim edilmişdir. Raport təqdim edən əməkdaşlar şahid qismində ifadə vermək üçün gəlmişlər. Raporta bildirilir ki, Şəxs qohumunun təhqiqat orqanında araşdırması olmuşdur, Şəxs isə 1-ci Polis Şöbəsinin qarşısında tabesizlik göstərmişdir. 1-ci Polis Şöbəsinin içərisinə daxil olduqdan sonra isə Şəxs həm tabesizlik, həm də nalayiq ifadələr işlətmişdir. Şəxs içəri daxil olarkən ona əvvəlcə bildirilmişdir ki, gözləsin. Şəxs isə gözləmədiyi üçün səs-küy salmış, ardınca polis əməkdaşlarını təhqir edə-edə inzibati binanın üçüncü mərtəbəsinə qalxmışdır. Bundan başqa, növbətçi hissənin əməkdaşlarını “erməni” adlandırmışdır. Polisin inzibati binasını “quldurxana”, əməkdaşları isə “quldur” adlandırmışdır. Şəxs məhkəmə iclasında izahat verərkən hadisəni elə izah edir ki, sanki hadisə zamanı özü sakit dayanmış, ətrafda olan polis əməkdaşları səbəbsiz yerə onu təhqirlər edir. Buradan da Şəxs ifadələrinin yalan olduğu açıq-aşkar görünür. Odur ki, Şəxs barəsində ciddi tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, inzibati xəta haqqında protokolu tərtib etmişin hadisədən xəbəri yoxdur. Neçə illərdir ki, Rusiya Federasiyasında yaşayan qardaşının uşaqları və öz oğlu Gəncə şəhərində idarə və təşkilatlara su satışı ilə məşğuldur. Şakir adlı şəxs heç bir əsas olmadan DİN-in “102” xidmətinə zəng etmiş, onun əsasında Rusiya Federasiyasında yaşayan qardaşının uşaqlarını və öz oğlunu polis əməkdaşları saxlamışlar. “Zob” xəstəliyindən əziyyət çəkdiyi üçün qardaşının uşaqları və öz oğlu bu barədə ona heç nə deməmişlər. Rusiya Federasiyasında yaşayan qardaşı ona zəng edərək onun uşaqları və öz oğlunun polis əməkdaşları tərəfindən qanunsuz saxlandığını bildirərək məsələnin nə yerdə olmasının araşdırılması üçün onun polis şöbəsinə getməsini demişdir. Qardaşı Rusiya Federasiyasına getməmişdən əvvəl ona etibarnamə vermişdir. Əvvəla növbətçi hissəyə yaxınlaşaraq telefonunu və şəxsiyyət vəsiqəsini təqdim edərək əməkdaşlardan şikayətlə əlaqədar kiminsə onu qəbul etməsini xahiş etmişdir. Növbətçi hissənin əməkdaşları həmin vaxt yanlarından keçən mülki geyimdə olan “Oqtay” adlı şəxsin onun işi ilə məşğul olduğunu bildirmişlər. “Oqtay” adlı şəxsin otağına keçib şikayətini bildirmək istəsə də, “Oqtay” adlı şəxs ona binanın həyətinə çıxmalı olduğunu bildirdi. Daha sonra polis şöbəsinin inzibati binasına daxil olan zaman “Oqtay” adlı şəxs arxadan ona “sən kimsən, sən kim olmusan, mən indi sənə kim olduğumu sübut edəcəm” ifadələrini işlətmişdir. Liftə minib üçüncü mərtəbəyə qalxanda həmin mərtəbədə şikayətlə əlaqədar kiminsə onu qəbul etməsini xahiş etsə də, içəri otaqdan polis əməkdaşlarından kimsə ona “az, biz sənə demirik səsini kəs, bura idarədir, təşkilatdır” ifadələrini işlətmişdir. Bundan sonra dözə bilməmiş, polis əməkdaşına ailəsi ilə danışmadığını bildirərək, ondan danışığına diqqət yetirməsini xahiş etmişdir. Bundan sonra hər bir kabinetdən polis əməkdaşları çıxaraq ona “sən kimsən, bizi təhqir edirsən” ifadələrini işlətmişdir. Həmçinin polis əməkdaşlarından biri telefonunu çıxaraq onu videoya çəkmiş, telefonun arxasından dili ilə qeyri-etik hərəkətlər edərək onu qıcıqlandırmağa çalışmışdır. Həmçinin polis əməkdaşları ona qarşı “ə, səni dinləmirik, tutun içəri basın bunu, başın aşağı basın” ifadələrindən istifadə etmişdir. O polis əməkdaşlarına ona təzyiq göstərməmələrini bildirib əl ilə müqavimət göstərəndə polis əməkdaşları onun saçından tutub, təhqiramiz ifadələrlə üçüncü mərtəbədən sürüyəsürüyə müvəqqəti saxlanma yerinə aparmışlar. Polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə yanaşı, onun əmlakına da ziyan vurulmuşdur. Müvəqqəti saxlanma yerində onun qoluna qandal vurmuşlar, həmçinin su içmək istəyən zaman su belə verməmişlər. Odur ki, ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 1-ci Polis şöbəsinin Cinayət-axtarış bölməsinin axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı X5 ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə aşağıda olan zaman Şəxs qardaşı oğlunu şöbəyə gətirmişdilər. Bununla bağlı qapı postunun qarşısında Şəxs qardaşı və qardaşı oğlu ilə söhbət edərkən Şəxs qapı postuna yaxınlaşaraq içəri buraxılmasını tələb etmişdir. Ondan kiminlə bağlı gəldiyi soruşulmuş, həmçinin gözləməsi xahiş edilmişdir. O isə “vapşe, mən səni gözləmirəm” deyərək yuxarı mərtəbəyə çıxmasını tələb etmiş, ondan sakitləşməsi tələb olunsa da, o buna riayət etməmişdir. Şəxs gözləmədiyi üçün onunla bir yerdə yuxarı mərtəbəyə qalxmışlar, bu zaman o “siz mənim qardaşım oğlunu niyə şərləyirsiniz, niyə böhtan atırsınız” ifadələrini bildirmiş, polis şöbəsini “quldurxana”, əməkdaşları isə “quldur” adlandırmışdır. Rəisin otağına girmək istəyən zaman İlyas adlı əməkdaş ona rəisin yanında hazırda adam olduğunu, gözləməsini bildirmiş, o isə cavabında onları qolundan itələyərək rəisin qapısına təpik vurmuşdur. Ondan dəfələrlə sakitləşməsi tələb olunsa da, o polisin qanuni tələblərinə riayət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 1-ci Polis şöbəsinin NH-nin məsul növbətçisi, polis baş leytenantı X2 ifadəsində bildirdi ki, əvvəla qapı-postunun qarşısında Şəxs səs-küyünü eşitmişdir. Bundan sonra onun Gəncə şəhər BPİ-nin 1-ci Polis şöbəsinin Cinayət-axtarış bölməsinin axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı X5 ilə birlikdə yuxarı çıxdığını görmüşdür. Şəxs polis əməkdaşlarını təhqir etmişdir. Dəfələrlə Şəxs sakitləşməsi tələb olunsa da, məhəl qoymamışdır. Şəxs onu “erməni”, “evindəkilər belə-belə olsun”, “oğru” və “cibgir” adlandıraraq qadınlığa yaraşmayan təhqiramiz sözlər demişdir. O isə bunun qarşılığında Şəxs qarşı heç bir təhqiredici söz işlətməmişdir. Bundan başqa, Şəxs oğlu beş dəfə ondan üzr istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 1-ci Polis şöbəsinin Post-patrul xidmətinin polis nəfəri X3 ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə Şəxs qapı-postuna yaxınlaşmış, səs-küy salmışdır. Ondan sakitləşməsi tələb olunsa da, o öz əməllərinə davam etmiş, polisin qanuni tələbinə tabe olmamışdır. Bu zaman Şəxs işinin yanlarından keçən Gəncə şəhər BPİ-nin 1-ci Polis şöbəsinin Cinayətaxtarış bölməsinin axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı X5 tərəfindən araşdırıldığı bildirilmişdir. Şəxs şəxsiyyət vəsiqəsini onun üstünə tullayaraq tez qeydə alıb içəri buraxılmasını tələb etmişdir. Şəxs qeydiyyata alındıqdan sonra polisin inzibati binasına daxil olmasına icazə verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 1-ci Polis şöbəsinin Cinayət-axtarış bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis kapitanı X6 ifadəsində bildirdi ki, xidməti otağında oturub vətəndaş qəbul edən zaman təpikyumruqla xidməti otağının qapısının açıldığını görmüşdür. Şəxs dəfələrlə sakitləşdirməyə cəhd etsələr də, o, polisin və dövlətin ünvanına nalayiq ifadələr işlədərək qanunqaydanın olmadığını bildirmiş, nizam-intizama tabe olmamışdır. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi mövcuddur. Belə ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün qismən etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə iclasında müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona 200 (iki yüz) manat cərimə tənbehi tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №3(125)-1425/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1425/2025
25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver