Məhkəmə qərarları › İş №3(125)-1432/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1432/2023

31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1432/2023 31.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musyaev Musa Tofiq oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Gəncə şəhəri BPİ-nin X1 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Baş Polis İdarəsi X1 Şöbəsindən daxil olmuş AP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsilə inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı bu günədək təqdim etməmiş, bununla da Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Azərbaycan Respubliaksı Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X2 Şöbəsinin rəisi Eldəniz Həsənov məhkəməyə məktub ünvanlayaraq bildirmişdir ki, Şəxs MMC-nin balansında olan Lexsus LX 500D markalı, ** YY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Azərbaycan Respublikası İXM-in 347-ci maddəsinin tələbinə əsasən AP0157531 nömrəli inzibati protokol tərtib olunaraq qərar qəbul edilməsi üçün məhkəməyə göndərildikdən sonra məlum olmuşdur ki, Şəxs MMC müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq Gəncə şəhər BPİ-nin DYPŞ-yə sürücü barəsində məlumat verilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi bildirmişdir ki, Cəmiyyət tərəfindən Gəncə şəhər BPİ-nin DYPŞ-ə sorğu alındıqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq sürücü barəsində məlumat verilmişdir. Sonda o, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Gəncə şəhəri Baş Polis İdarəsi X1 şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə nümayəndəni dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Gəncə şəhəri Baş Polis İdarəsi X1 Şöbəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 10:24-də LEXUS LX500D minik markalı, 10YY008 dövlət qeydiyyat nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Bakı-Qazax yolu 64.2-ci km Qazax istiqamətində yolda müəyyən edilmiş hərəkət sürətini 11 km/saat həddində aşmışdır. Törədilmiş xətaya görə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulur. Şəxs MMC-dən inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi xahiş olunmuş, sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə Məcəllənin 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu barədə xəbərdar olunmuşdur. Lakin Azərbaycan Respubliaksı Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X2 Şöbəsinin rəisi Eldəniz Həsənov tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, №3-13-57-5/2-3664/2023 nömrəli məktubdan görünür ki, Şəxs MMC müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq Gəncə şəhər BPİ-nin DYPŞ-nə sürücü barəsində məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq onun inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Çünki Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində xx.xx.2023-cü il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar