Məhkəmə qərarları › İş №3(125)-1432/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1432/2025

14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1432/2025 14.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah оğlunun sədrliyi, məhkəmə iclas katibi İbrahimov İbrahim Yasin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi vəzifəsində işləyən, Gəncə şəhəri, X4 küçəsi, ev 102 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2025ci il tarixli qərar tərtib olunmuşdur. Həmin qərardan görünür ki, vəzifəli şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi Şəxs vətəndaş X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsi ilə nəzərdə tutulan xətanın törədilməsini müəyyən edərək 17 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etsə də, inzibati xəta haqqında protokola və işin digər materiallarına İXM-in 111.1-ci maddəsinə əsasən, on beş gün müddətində baxılmalı olduğu halda, həmin müddət ərzində baxılmasını təmin etməmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 111-ci maddəsində müəyyən edilmiş müddətləri pozaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın onun tərəfindən törədildiyini etiraf edərək, bildirdi ki, törətmiş olduğu əməldən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Qeyd olunanlara əsasən barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, vəzifəli şəxs - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 596.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçimüfəttişi Şəxs tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokolun surətindən görünür ki, H.Novruzov yaşadığı evin təmiri zamanı və məişətdə yaranan bərk tullantıları özünə məxsus avtomobilə yığaraq yaxınlıqdakı ərazidə yerləşdirilmiş tullantı tutumlarının yaxınlığına tökmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin məsləhətçimüfəttişi Şəxs tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarın surətindən görünür ki, H.Novruzov yaşadığı evin təmiri zamanı və məişətdə yaranan bərk tullantıları yaxınlıqdakı ərazidə yerləşdirilmiş tullantı tutumlarının yaxınlığına tökməsi faktına görə Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsinə əsasən X1 barəsində fiziki şəxs qismində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsində göstərilir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin məsləhətçi-müfəttişi Şəxs Azərbaycan Respublikası İXM-in 596.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmiş və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə icraat zamanı səlahiyyətli vəzifəli şəxs tərəfindən bu Məcəllənin 52.2-ci, 57.4-cü, 83.2-ci, 83.3-cü, 91.0.4-cü, 97-ci, 101-ci, 102.5-ci, 103-cü, 104.4-cü, 104.7-ci, 111.1-ci, 117-ci, 131-ci, 136.2-ci və 150.4-cü maddələrində müəyyən edilmiş müddətlərin pozulmasına görə vəzifəli şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və onun məsuliyyətini ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh növünü və həddini müəyyən edərkən, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi səbəblərini və törədilmiş inzibati xətaya münasibətini nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 40, 43, 48-51, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar