Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1440/2025 28.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4, zərərçəkmiş şəxs (tələbkar) "xxxx" BOKT ASC-nin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-121/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs cəmi 55865,81 ABŞ dolları borcun ödəniş günündəki məzənnəyə uyğun olaraq milli manat ekvivalentinə əvəzi və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" BOKT ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan, ilkin satış qiyməti 100000 (bir yüz min) manat olan cavabdeh X3 mülkiyyətində olan, Gəncə şəhəri, X8 küçəsində yerləşən 141 nömrəli evə və ilkin satış qiyməti 85000 (səksən beş min) manat olan cavabdeh Şəxs mülkiyyətində olan Gəncə şəhəri, Xudat bəy Rəfibəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, evlər satıldıqdan sonra bir ay ərzində boşaldılması qət edilmişdir. İcra sənədi xx.xx.2020-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, icraata başlamaq haqqında qərar qəbul edilərək, qanunla müəyyən edilmiş müddət ərzində icranın könüllü təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən "xxxx" BOKT ASC-nin adına Gəncə şəhəri, X8 küçəsində yerləşən 141 nömrəli fərdi yaşayış evi (xx.xx.2021-ci il tarixli) və Gəncə şəhəri, Xudat bəy Rəfibəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evi (xx.xx.2021-ci il tarixli) çıxarış verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1362/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnəməsinə əsasən apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-276/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmışdır, cavabdeh "xxxx" BOKT ASCnin mülkiyyətində olan Gəncə şəhəri, X8 küçəsində yerləşən 141 nömrəli fərdi yaşayış evi (xx.xx.2021-ci il tarixli) və Gəncə şəhəri, Xudat bəy Rəfibəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evi (xx.xx.2021-ci il tarixli) çıxarışlar ləğv edilmiş və həmin evlərin üzərindəki ipotekaya (yüklüyə) xitam verilmişdir. Borcluya xx.xx.2024-cü il tarixində, xx.xx.2024-cü il tarixində və xx.xx.2025-ci il tarixində borcun tam ödənilməsi üçün xəbərdarlıqlar göndərilmişdir. Borclu xx.xx.2025-ci il tarixli izahatında da bildirmişdir ki, 2023-cü ilin fevral ayından başlayaraq mütəmadi olaraq hər ay 500 manat ödəniş edir. Borclu Şəxs xx.xx.2024-cü il tarixli izahatında bildirmişdir ki, borcu bir dəfəyə ödəyə bilmir, lakin hər ay ən azı 500 manat ödəniş edəcəkdir. Tələbkar "xxxx" BOKT ASC-nin xx.xx.2025-ci il tarixli məktubunda borclunun icra sənədi üzrə cəmi 55865,81 ABŞ dolları ödəniş günündəki məzənnəyə uyğun olaraq milli manat ekvivalentində borcu və 30 manat məbləğində dövlət rüsumu borcu olduğunu bildirmiş, göstərilənləri nəzərə alaraq icra tədbirlərinin davam etdirilməsi borclunun barəsində inzibati xəta haqqında protokolun hazırlanıb məhkəməyə təqdim edilməsi üçün tədbir görülməsini xahiş etmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bununla Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X6 tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X6 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, icra sənədini könüllü icra etməsi üçün vaxt verilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Şəxs 2024-cü ilin fevral ayından başlayaraq 55865.81 ABŞ dolları olan borcundan hər ay 500 manat ödəniş etsə də, borcunu tam şəkildə ödəməmişdir. O, hazırda tələbkar ilə icra sənədinin icrası ilə bağlı heç bir razılığa gələ bilməmişdir. Bu səbəbdən də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, barəsində olan icra sənədindən xəbərdardır, bu barədə icra məmuru onu məlumatlandırmışdır. Onun borcun ödənilməsindən yayınmaq niyyəti yoxdur. O, borcunun olduğunu bilir, sadəcə həmin borcu bir dəfəyə ödəməyə maddi imkanı yoxdur və o, 2024-cü ilin fevral ayından başlayaraq hər ay borcundan 500 manat ödəniş edir. Qeyd edilənlərə əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs (tələbkar) "xxxx" BOKT ASC-nin nümayəndəsi X5 məhkəməyə bildirdi ki, borclu Şəxs qətnamənin icrasından qərəzli olaraq boyun qaçırır və öz hərəkətləri ilə borcunu ödəməməkdə israrlı olduğunu aydın şəkildə göstərir. Belə ki, borclu borcu qətnamədə nəzərdə tutulduğu qaydada, yəni birdəfəlik ödəniş etməli olsa da həmin borcu tam şəkildə ödəmir. Hazırda Şəxs ayda 500 manat ödəniş etməklə məsuliyyətdən boyun qaçırmaq istəyir. Belə olan halda 55865.81 ABŞ dolları təşkil edən borcunu uzun müddətə ödəyə bilməyəcəkdir. O, hazırda borclu tərəfindən "xxxx" BOKT ASC-yə olan borcunun tam şəkildə ödənilməsini, əks təqdirdə onun barəsində ən ciddi tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-121/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs və X2 müştərək qaydada 55865,81 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" BOKT ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-121/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs ünvanlanmış xəbərdarlıqların surətindən görünür ki, borcluya xəbərdarlıqlar göndərilmiş, icra məmuru tərəfindən ona, icra sənədi icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarında olan müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğulardan görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəliri müəyyən edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-121/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minmiş qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə etinasız yanaşmışdır. Şəxs icra məmurunun qanuni tələblərinə riayət etməməsinə dair gətirdiyi dəlillər üzrlü hesab edilə bilməz. Şəxs qətnaməni icra sənədi ilə müəyyən edilmiş qaydada icra etməmiş, yəni 55865.81 ABŞ dolları məbləğində borcunu tam ödəməməklə o, qətnamənin icrasından yayınmış və tələbkarla qətnamənin icrası ilə bağlı aralarında heç bir razılıq əldə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs hərəkətləri Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X6 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi səbəblərini və törədilmiş inzibati xətaya münasibətini, o cümlədən iş üçün əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-1440/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1440/2025
28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver