Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1441/2023 17.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolları tərtib etmiş şəxslər – X4, X2 və X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri Baş Polis İdarəsinin 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara məhkəmənin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Gəncə şəhəri Baş Polis İdarəsinin 4-cü polis bölməsində tərtib olunmuş materiallar baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 4-cü polis bölməsinin polis sahə rəisi polis mayoru X6 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs vətəndaş Ə.İsmayılova məxsus yarımtikili evə girərək 3 ədəd drel və mis elektrik naqilləri oğurlamışdır. Həmçinin materiala əlavə edilmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 4-cü polis bölməsinin polis sahə rəisi polis kapitanı X7 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs vətəndaş M.Allahverdiyevaya məxsus olan yarımtikili evdən 10 kisə sement oğurlamışdır. Həmçinin materiala əlavə edilmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 4-cü polis bölməsinin polis sahə rəisi polis leytenantı X8 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Gəncə şəhəri, Ə.Məmmədov küçəsindən 2 ədəd əl arabası və 1 ədəd süd maşını oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları müdafiə edən X8 bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə X10 məxsus ünvan 1 ünvanda yerlən açıq sahə hesab edilən yarımtikili evdən 1 ədəd 50 manat dəyərində süd maşınını və 2 ədəd işlənmiş vəziyyətdə hər biri 20 manat olmaqla 40 manat dəyərində əl arabasını oğurlayaraq zərərçəkmiş şəxsə ümumilikdə 90 manat maddi ziyan vurmuşdur. Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edildiyini, lakin sonuncu tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından barəsində müvafiq protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları müdafiə edən X6 inzibati xəta haqqında protokolların məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə X9 məxsus Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən yarımtikilmiş fərdi yaşayış evinə hasardan keçmək yolu ilə daxil olub içəridə ümumilikdə 70 manat dəyərində olan 3 ədəd drel aparatını və ümumilikdə 20 manat dəyərində olan mis elektrik naqilləri oğurlamışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilmi, lakin sonuncu tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından barəsində müvafiq protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları müdafiə edən X7 inzibati xəta haqqında protokolların məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə X1 məxsus Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən yaşayış olmayan fərdi tikilidən hər biri 8 manat dəyərində olan 10 kisə ümumi dəyəri 80 manat olan sementi oğurlamışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilmiş, lakin sonuncu tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından barəsində müvafiq protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü tam təqsirli bilərək izahatında bildirdi ki, o, ehtiyacı olduğu üçün xx.xx.2023-cü il tarixdə Cavadxan qəsəbəsində yerləşən yaşayış olmayan yarımtikili ev görmüş ora daxil olmuş, oradan 10 kisə sement oğurlayıb bir kisəsini 5 manatdan olmaqla tanımadığı şəxslərə satmışdır. Daha sonra ünvan 2 ünvanda yerləşən açıq sahə hesab edilən yarımtikili ev görmüş, həmin açıq sahədən 1 ədəd süd maşını və 2 ədəd işlənmiş əl arabasını, Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən yarımtikili fərdi yaşayış evinə hasardan keçib daxil olmuş, oradan 3 ədəd drel aparatını və mis naqilləri oğurlamışdır. Sonda o, əməlindən peşman olduğunu, pul lazım olduğu üçün oğurluq əməlləri törətdiyi nəzərə alıb ona yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxslər məhkəmənin vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 fevral 2023-cü il, 16 iyun 2023-cü il, 05 may 2023-cü il tarixli qərarlardan görünür ki, qeyd olunan əməlləri törətmiş Şəxs əməllərində cinayət tərkibi olmadığından, onun əməllərində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində tədbir görülməsi üçün qərarların surətləri Gəncə şəhəri Baş Polis İdarəsinin 4-cü polis bölməsinə göndərilmiş, vətəndaşların şikayət ərizələri əsasında toplanmış materallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. - “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 23:50-də tutulmuşdur. Lakin məhkəmə Şəxs xx.xx.2023-cü il tarixdə Cavadxan qəsəbəsində yerləşən yaşayış olmayan yarımtikili evdən gizli yolla 10 kisə sement oğurlayaraq törətdiyi inzibati xəta üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 fevral 2023-cü il tarixli qərarın qəbul edilməsindən 03 ay sonra inzibati məsuliyyətə cəlb etmə müddətinin keçdiyini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən İXM-in 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. - 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla belə Şəxs hərəkətlərində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollarda göstərilən İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların tərkibi olduğundan o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollarda göstərilən İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş həmin inzibati xəta haqqında protokollar, onun özünün etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetir və onun törətdiyi əməl İXM-in 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmçinin İXM-in: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrıayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməməsini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, əməlini etiraf etməsini, məsuliyyəti ağırlaşdıran halların mövcud olmadığını nəzərə alıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollara əsasən İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, İXM-in 34.2, 34.4-cü maddələrinin tələbləri, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı nəzərə alınmaqla onun barəsində tərtib olunmuş hər bir protokol üzrə ayrı-ayrılıqda, İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsdə saxlama müddətinin əvvəli tutulduğu xx.xx.2023-cü il tаrixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokolda göstərilən əməl üzrə 25 gün müddətinə və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokolda göstərilən əməl üzrə 25 gün müddətinə ona inzibati həbs tənbehi təyin edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən təyin edilmiş tənbehlər qismən toplanılmaqla, ona qəti olaraq 01 (bir) ay 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-1441/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1441/2023
17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver