Məhkəmə qərarları › İş №3(125)-1441/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1441/2025

28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1441/2025 28.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məhləhətçi (iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs, xx.xx.1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli,orta təhsilli, fərdi əməklə məşğul olan, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Gəncə şəhəri, Heydər Əliyev prospekti, 265 ünvanında qeydiyyatda olan və ünvan 2ndə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)- 3187/2020 nömrəli icra sənədinə əsasən Şəxs xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanaması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu icra sənədində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-3187/2020 nömrəli icra sənədinə əsasən Şəxs xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanaması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Belə ki, icra sənədi icraatda daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək ona borcunu ödəmək təklif edilmiş, lakin o, müxtəlif bəhanələrlə icradan yayınmaqla qaçıb gizlənmişdir.Borclu ilə dəfələrlə əlaqə saxlansa da o, könüllü şəkildə icra idarəsinə gəlməkdən boyun qaşırmışdır. Şəxs barəsində görülmüş bütün məcburi icra tədbirlərindən nəticə çıxarmamış, icra sənədinin icrasından qərəzli surətdə boyun qaçırmışdır.Hazırda da Şəxs borcunu ödəməkdən qərəzli olaraq yayınır. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq, məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, o, qərəzli olaraq borcunu ödəməkdən yayınmır. Onun maddi imkanı olmadığına görə alimenti ödəyə bilmir və maddi vəziyyəti yaxşılaşacağı təqdirdə aliment borcunu tam şəkildə ödəyəcəkdir. Sonda Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə tənbeh tədbirinin tətbiq olunması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment borcunu qərəzli olaraq icra etmir. Habelə Şəxs bir ata kimi uşaqların saxlanmasında ona heç bir maddi və ya mənəvi dəstək göstərmir. Buna görə də o, Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, icra məmuru tərəfindən Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-3187/2020 nömrəli icra sənədinə əsasən xx.xx.2025-ci il tarixli qərarla icraata başlanılmış, xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası barədə borcluya 10 gün müddət verilmiş, xx.xx.2025-ci il tarixli xəbərdarlıqla borcu könüllü ödəməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı ilə bağlı borclu rəsmi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 28 aprel 2025-ci il tarixdən, saat 15:10-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar