Məhkəmə qərarları › İş №3(125)-1446/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1446/2023

18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1446/2023 18.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, zərərçəkmiş şəxs (tələbkar) X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2093/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Tağıyeva (Hüseynova) Gülmira Yaşar qızına ödənilməsi qət edilmişdir. Gəncə şəhər məhkəməsinin 2(125)-597/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 1561.41 manat məbləğində pulun tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Hal-hazırda borclu Şəxs pensiyasından ümumilikdə 1400 manat məbləğində aliment pulunun ödənilməsi təmin edilmişdir. Aliment borcu 4600 manat təşkil edir. Həmçinin, borclu "xxxx" ASC-yə olan borcundan heç bir ödəniş etməmişdir. Borclu Şəxs izahatı almmışdır. O, izahatında aliment borcunu və kredit borcunu tam şəkildə ödəyə bilmədiyini, yalnız 5 (beş) gün müddətində 300 manat məbləğində aliment pulu ödəyə biləcəyini qeyd etmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bununla Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, icra sənədlərini könüllü icra etməsi üçün vaxt verilməsinə baxmayaraq icra sənədlərini icra etməmişdir. O, hazırda borcundan tələbkarlara heç bir ödəniş edə bilmir. Hal-hazırda borclu Şəxs aliment borcu 4600 (dörd min altı yüz) manat və digər borcu isə 1561,41 (min beş yüz altmış bir manat qırx bir qəpik) manat təşkil edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, barəsində olan icra sənədlərindən xəbərdardır, bu barədə icra məmuru onu məlumatlandırmışdır. Lakin heç yerdə işləmədiyi üçün borclarını ödəyə bilməmişdir. Hazırda maddi imkanı olmadığı üçün aliment borcunu və kredit borcunu ödəməkdə çətinlik çəkir. Lakin ona beş gün müddətində vaxt verilərsə o, aliment borcundan tələbkara 300 manat məbləğində ödəniş edə biləcəyini bildirmiş, ancaq bu təkliflə bağlı tələbkarla qarşılıqlı razılığa gələ bilməmişdir. Hazırda isə maddi imkanı olmadığı üçün tələbkarlara ödəniş edə bilməyəcəkdir. Qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X5 məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu Şəxs aliment borcundan ödəniş etmədiyi üçün hazırda onun aliment borcu 4600 (dörd min altı yüz) manat təşkil edir. Borclu aliment borcunu qərəzli olaraq ödəmir. Şəxs aliment borcunu ödəmədiyi üçün icra sənədi verildiyi gündən bu günədək uşağa baxmaqda çox çətinliklərlə üzləşmişdir. Ona görə də Şəxs hazırda aliment borcunu tam şəkildə ödəməsini, əks halda isə onun barəsində ciddi tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-2093/2021 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 16 avqust 2014-cü il tarixdə anadan olmuş X2 və 14 iyun 2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment iddiaçı Tağıyeva (Hüseynova) Gülmira Yaşar qızının xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-2093/2021 nömrəli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 (on) gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(125)-597/2022 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2021-ci il tarixli GTKR3514707A128 saylı kredit müqaviləsinə əsasən 1201.56 manat əsas, 273.10 manat faiz, cəmi 1474 (min dörd yüz yetmiş dörd) manat 66 (altmış altı) qəpik borcun və xx.xx.2019-cu il tarixli 060/0001531/000A saylı kartına dair müqaviləyə əsasən 41.52 əsas, 9.97 manat faiz, cəmi 51 (əlli bir) manat 49 (qırx doqquz) qəpik pul vəsaitinin və 35 (otuz beş) manat 26 (iyirmi altı) qəpik dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu Şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(125)-597/2022 nömrəli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 (on) gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Şəxs icra sənədlərini icra etməsi üçün möhlət verilmiş və ona inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıqlar edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-2093/2021 nömrəli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(125)-597/2022 nömrəli icra sənədlərindəki tələbləri üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və məhkəmə qətnamələrinin qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minmiş qətnamələrin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə etinasız yanaşmışdır. Şəxs icra məmurunun qanuni tələblərinə riayət etməməsinə dair gətirdiyi dəlillər üzrlü hesab edilə bilməz. Şəxs aliment borcunu və kredit borcunu icra sənədləri ilə müəyyən edilmiş qaydada ödəməyərək icra sənədlərinin icrasından yayınmış və tələbkarlarla aliment borcunun və kredit borcunun ödənilməsi ilə bağlı aralarında heç bir razılıq əldə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs hərəkətləri Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, aliment borcu və kredit borcu ilə bağlı icra sənədlərinin icra edilməsindən boyun qaçıran şəxsə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə tənbehin məqsədinə nail olmaq və onu intizamlandırmaq mümkün deyildir. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə tənbeh tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədlərinə nail olmağa imkan verir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli 18 iyul 2023-cü il tarixdən, saat 16:05-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar