Məhkəmə qərarları › İş №3(125)-1477/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1477/2024

30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1477/2024 30.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X4, zərərçəkmiş şəxslər X1 və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gəncə şəhəri, Şəkinski küçəsi, ev 49-da qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.1992-ci il Gəncə şəhərində anadan olmuş,AR-nın vətəndaşı, Gəncə şəhəri,Şəkinski küç, ev 49-da yaşayan olan Gəncə şəhər Məhkəməsinin 2(125)- 5393/2023 saylı xx.xx.2023-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 9700 (doqquz min yeddi yüz) manat məbləğində pul vəsaiti tutularaq tələbkar Yığıtcan Ahmetə, Şəxs qızıl-zinət əşyalarının dəyəri - 8025 (səkkiz min iyirmi beş) manat məbləğində pul vəsaiti alınaraq Yığıtcan Ahmetə və X2, məhkəmə xərcinə görə 143,18 (bir yüz qırx üç manat on səkkiz qəpik) manat məbləğində pul vəsaiti Şəxs alınaraq X2 ödənilməsi qət edilmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirmir icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və borclu, borcunu qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmaqla təqsirlidir və hal hazırda 17.868,18 manat borcu vardır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X6 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Lakin borclu bugünədək borcunu tam ödəməmişdir. Gəncə Şəhər Məhkəməsinin qərarı ilə Şəxs məhkəmə qərarının icra etmədiyin üçün inizbati tənbeh edilmişdir. Həmin qərar qanuni qüvvəyə mindikdən sonra 01 il ərizndə təkrarən icra edilmədiyi üçün barəsində protokol tərtib edilmişdir. Protokolu müdafiə edərək qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, məhkəmə qərarı ilə inzibati tənbeh olunduqdan sonra keçən iki ay müddət ərzində hal-hazırkı 500 manatla birlikdə 2 min manat pul ödəmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, maddi vəziyyəti aşağıdır. Yeni işə başlayıb. Borcunun bir hissəsini ödəmişdir, geri qalan hissəni isə hər ay müəyyən məbləğdə ödəyəcəkdir. Odur ki, zərərçəkmiş şəxslə razılığa gəlməsini və qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında və ərizəsində bildirmişdir ki, Şəxs məhkəmə dövründə borcundan 500 manat daha ödəniş etmişdir. Ödənilməmiş puluda yaxında ödəyəcəyini bildirmişdir. Həmin pulun aylıq 600 manat ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Bu səbəblə işə xitam verilməsini xahiş edir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 5393/2023 nömrəli icra vərəqəsindən görünür ki, Şəxs 9700 (doqquz min yeddi yüz) manat məbləğində pul vəsaiti tutularaq tələbkar Yığıtcan Ahmetə, Şəxs qızıl-zinət əşyalarının dəyəri - 8025 (səkkiz min iyirmi beş) manat məbləğində pul vəsaiti alınaraq Yığıtcan Ahmetə və X2, məhkəmə xərcinə görə 143,18 (bir yüz qırx üç manat on səkkiz qəpik) manat məbləğində pul vəsaiti Şəxs alınaraq X2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan icraat başlamaq haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, həmin bildirişin borclu tərəfindən götürülməsi öz əksini tapmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlığın sürətindən görünür ki, Şəxs borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, ödəmədiyi təqdirdə 500 manatdan 1000 manatadək cərimə və 30 gün müddətinədək həbs olunacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlığın sürətindən görünür ki, Şəxs borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, ödəmədiyi təqdirdə 500 manatdan 1000 manatadək cərimə və 30 gün müddətinədək həbs olunacağı bildirilmişdir. İş materiallarında olan 3(125)-819/2024 saylı xx.xx.2024-ci il tarixli Gəncə Şəhər Məhkəməsinin qərarı ilə Şəxs 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10(on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Şəxs adına hər hansı bir mülkiyyət yoxdur. İş materiallarında olan ərizələrdən görünür ki, tərəflər arasında razılıq əldə olunmuşdur. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixindən satıcı vəzifəsinə işə düzəlmiş və aylıq 345 manat əmək haqqı alır. Məhkəmə ilk öncə onu qeyd edir ki, iş materiallarından görünür ki, Şəxs 3(125)- 819/2024 saylı xx.xx.2024-ci il tarixli Gəncə Şəhər Məhkəməsinin qərarı qanuni qüvvəyə mindikdən sonra borcundan 2.000 manat ödəniş etmiş, ödənilməmiş qalan borcunu ödəməmə səbəbini maddi imkanın yaxşı olmaması kimi bildirmiş və qalan borcunu hər ay 600 manat məbləğində ödəyəcəyini qeyd etmişdir. Bu barədə zərərçəkmiş şəxslə razılıq da əldə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində əsasən bu məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrarən müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, zərərçəkmiş şəxslə Şəxs arasında razılıq əldə edilmişdir və borclu borcunu ödəmək niyyətindədir. Göründüyü kimi, borclu borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmamış, işə qəbul olmuş, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən təkrarən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar