Məhkəmə qərarları › İş №3(125)-1477/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1477/2025

19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1477/2025 19.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi ilə, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2 və 342.2.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli, 5/1-3394 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 şikayətlə məhkəməyə müraciət edərək, barəsində Gəncə şəhər Baş Polis İdarəsinin X13 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 5/1-3394 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhər DYPİ Yol Patrul Xidməti inspektoru, serjant X2 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 327.1, 342.2.2, 342.2.3-cü maddələri ilə təqsirli bilinərək 150 manat məbləğində İnzibati tənbeh növündə cərimə olunmuş, lakin o, bu inzibati xətanın tərkibinə daxil olan qaydaları pozmamışdır. Onun idarə etdiyi Chevrolet Cruze markalı minik avtomobili xx.xx.2024-cü il tarixində qeyd etdiyi polis əməkdaşı tərəfindən qanunsuz olaraq saxlanılmışdır. Qeyd etdiyi tarixdə AMEA-nın Gəncə bölməsinin qarşısında təxminən saat 11:10 radələrində avtomobillə hərəkətdə olduğu vaxt **-YP-*** nömrəli YPX qanunsuz olaraq ona saxla əmri vermişdir. Qanunsuz olduğunu ona görə deyir ki, heç-bir reyd olmadığı halda qayda pozmadığı halda ona saxla əmri verilmişdir. O, bir mədəni və qanunlarla yaşayan vətəndaş kimi dərhal avtomobilini dayandırdı. İnspektor yaxınlaşıb saxlama səbəbini bildirmədən özünü təqdim etmədən üzərində audio-video yazan mikrofonun işləyib-işləmədiyini bildirmədən onun sənədlərini tələb etmişdir. Əməkdaşa saxla əmrinin qanunsuz olması ilə bağlı iradını bildirsə də əməkdaş iradına məhəl qoymayaraq sənədləri səbəbsiz yerə yoxlamışdır. (YHQ haqqında qanunun 85-ci maddəsinin qeyd hissəsində göstərildiyi kimi avtomobilin sənədlərini yoxlamaq məqsədilə yalnız stasionar postlarda dayandırıla bilər) daha sonra avtomobilinə inspektor tərəfindən əsasız olaraq vizual olaraq baxış keçirildikdən sonra ona iradını bildirərək yoluna yenidən davam etdi. Daha sonra eyni gün, yəni xx.xx.2024-cü il tarixində yaşadığı mənzilə doğru həmin avtomobillə hərəkətdə olarkən 15:48 radələrində eyni YPX inspektoru X4 eyni patrul avtomobilində **-YP-*** növbəti dəfə onu qanunsuz olaraq saxlatmış və ona saxlama səbəbini bildirmədən avtomobilini duracağa aparmağını polisin etik davranış kodeksinin tələblərini pozaraq kobud şəkildə tələb etmişdir. Əməkdaşa heç bir qayda pozuntusu etmədiyi halda səbəbsiz yerə ikinci dəfə saxlaması ilə bağlı iradını bildirsə də əməkdaş ona İnzibati Xətalar Məcəlləsinin 101.1 maddəsinin tələblərini pozaraq (inzibati xəta faktı aşkar edildiyi andan dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir) yerində protokol tərtib etməyərək eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 125.8 maddəsinin tələbini pozaraq (inzibati xəta haqqında iş üzrə qərar elektron kabinetə yerləşdirilməyənədək onun icra olunması, o cümlədən cərimə növündə inzibati tənbeh tədbirinin ödənilməsi dəbbə pulunun hesablanması tələb edilə bilməz, həmin səbəbdən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilə bilməz, nəqliyyat vasitəsi saxlanılaraq duracağa gətirilə bilməz) qanunsuz olaraq avtomobilini duracağa aparmış və daha sonra saat təxminən 20:00-a qədər protokol tərtib edilməsi üçün Gəncə DYP-nin inzibati binasında gözlətmiş, 20:00-da verilən protokolun isə 15:59da inzibati xəta aşkar olunduğu vaxt yerindəcə tərtib olunmuşdur kimi qeydiyyatı aparılmışdır. Onun barəsində tərtib edilən inzibati protokol İXM 342.2.3-cü maddəsiylə tərtib olunmuşdur. Bu maddənin tərkib hissəsində isə Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulması, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi barədə qeyd olunmuşdur. Buradan o, vətəndaş olaraq əməkdaşa verdiyi sualı bir daha yazılı formada hörmətli məhkəmə heyətindən soruşmaq istəyir. DYP əməkdaşı vizual olaraq xüsusi texniki vasitə olmadan və yaxud heç bir ekspert rəyi olmadan texniki sahəylə bağlı mütəxəssisi icraata cəlb etmədən necə müəyyən etdilər ki, nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının ağırlıq mərkəzi onun avtomobilində pozulub? və onu icraata cəlb etmədən hansı formada onun barəsində qərar çıxarılıb? Hansı ki, heç bir mütəxəssis və ekspert rəyi yoxdur. Yuxarıda qeyd etdiyi məsələlərlə bağlı Gəncə Şəhər Məhkəməsinə Gəncə DYPİ xx.xx.2025-ci il tarixli TP ******* qərarının ləğv edilməsi ilə bağlı müraciət etdi. Yuxarıda qeyd etdiyi məsələ ilə bağlı beş məhkəmə iclası keçirilmiş və sonuncu məhkəmə iclasında xx.xx.2025-ci il tarixində hakim X6 tərəfindən xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehin ləğv edilməsi və inzibati xəta haqqında işə yenidən baxılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X13 Şöbəsinə göndərilməsi barədə qərar qəbul etmişdir. Gəncə Şəhər Məhkəməsində aparılan araşdırma zamanı qeyd edilən məhkəmə iclasına şahid kimi dəvət edilmiş X8 izahatında bildirilən məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət X14 tərəfindən 10 dekabr 2024-cü il tarixdə mütəxəsis kimi dəvət edilmişdir. 10 dekabr 2024-cü il tarixdə rəy tərtib etmişdir. “Chevrolet Cruze” minik markalı avtomobilə baxış keçirərkən avtomobilin arxa yaylarıda uzun müddətli istifadədən və ya müdaxilədən yeyinmə xarakterli əyilmələr olduğunu müəyyən etmişdir. O, həmin avtomobili başqa avtomobil ilə müqayisə etdiyi zaman avtomobilin arxa hissəsinin aşağı yatdığını müəyyən etmişdir. O, bu pozuntunu avtomobilə vizual baxış və müqayisəli təhlil nəticəsində aşkar etmişdir. O, avtomobilə əyanı şəkildə baxış keçirməmişdir. Bu səbəbdən yuxarıda sadalanan İXM-nin 342.2.2, 342.2.3-cü normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında X5 qeyd edilən qayda pozuntusunu törətmədiyini bildirmişdir. Eyni zamanda iş materiallarına hadisənin video görüntüsü də əlavə edilməmişdir. İş materiallarına əlavə olunmuş şəkildən bu halı müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda məhkəmə İXM-nin 342.2.2 və 342.2.3-cü maddələrinə münasibətdə qeyd edir ki, “Chevrolet Cruze” minik markalı **-KZ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə normativ tələbləri pozmaqla quraşdırılması iddia edilən avadanlığın həqiqətən də normativ tələblərin tələblərinə uyğun olub-olmaması ilə bağlı rəy verən eksperti məhkəməyə dəvət etmişdir. Ekspert bildirmişdir ki, o, pozuntunun olmasını əyani şəkildə yoxlamamış, sadəcə başqa avtomobil ilə müqayisəli şəkildə yoxlama həyata keçirmişdir. Bu səbəbdən ekspertin verdiyi rəyin mötəbər hesab edilməməsi qeyd edilmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, onun barəsində yenidən araşdırılması üçün Gəncə DYPİ qaytarılan qərarla bağlı heç bir təkrar araşdırılma aparılmadan eyni qərar bir cümləylə verilən rəyə əsasən qərarın qüvvədə saxlanılması qeyd olunmuş, lakin bu rəyin mötəbər hesab edilməməsi araşdırma zamanı məhkəmə qərərında qeyd edilmişdir. Əlavə olaraq rəydə edilən müdaxilələr tarixin silinərək rəngli qələmlə yazılması sənəddə vurulan iki möhürdən biri başqa möhürün surəti digər başqa rəng olması bu sənədin mötəbər sənəd kimi qəbul edilməməsi etibarsız olmasını deməyə əsas verir. Əlavə də onunla bağlı icraat dayandırılmadığı üçün avtomobilinə MİS elektron kabinetdə həbs qoyulmuş hətta artıq 3 ay müddət keçdiyi üçün nəqliyyat vasitəsinin idarə etmə hüququ da məhdudlaşdırılmışdır. Ona görə də Gəncə şəhər Baş Polis İdarəsinin X13 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 5/1-3394 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Belə ki, iş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin X13 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 5/1-3394 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 barəsində çıxarılmış TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İXM-nin 342.2.2 və 342.2.3-cü maddələri ilə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 10 dekabr 2024-cü il tarixli tövsiyyə xarakterli rəydən görünür ki, Chevrolet Curze markalı **-KZ-*** nömrəli avtomobilə baxış keçirilmiş və qeyd edilən avtomobilin zavod konstruksiya-layihələndirilmə quruluşuna müdaxilə edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(125)-183/2025 nömrəli qərarından görünür ki, X5 barəsində Gəncə şəhər Dövlət X14nin yol patrul xidməti inspektoru, polis serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-yə göndərilməsi qərara alınmış, həmçinin həmin qərarda yuxarıda qeyd edilən mütəxəssis rəyinə də münasibət bildirilmişdir ki, “Eyni zamanda məhkəmə İXM-nin 342.2.2-ci və 342.2.3-cü maddələrinə münasibətdə qeyd edir ki, “Chevrolet Cruze” minik markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə normativ tələbləri pozmaqla quraşdırılması iddia edilən avadanlığın həqiqətən də normativ tələblərin tələblərinə uyğun olub-olmamsı ilə bağlı rəy verən eksperti məhkəməyə dəvət etmişdir. Ekspert bildirmişdir ki, o, pozuntunun olmasını əyani şəkildə yoxlamamış, sadəcə başqa avtomobil ilə müqayisəli şəkildə yoxlama həyata keçirmişdir. Bu səbəbdən ekspertin verdiyi rəy mötəbər hesab edilmir”. Şikayətə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 5/1-3394 nömrəli inzibati tənbeh vermə haqqında qərarda X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2 və 342.2.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi qeyd olunsa da, məhkəmə iclasında qeyd edilən inzibati xətanın törədilmədiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublkası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublkası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 342.2.2 və 342.2.3-cü maddələrində göstərilir ki: Normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə; Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir; Həmin maddələrin mənasından aydın olur ki, İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsi və İXM-nin 342.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi nəqliyyat vasitəsinin istismarı ilə bağlıdır. Lakin məhkəmə iclasında müəyyən olundu ki, həmin avtomobilə verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(125)-183/2025 nömrəli qərarı ilə mötəbər sübut hesab edilməmiş və X5 barəsində Gəncə şəhər Dövlət X14nin yol patrul xidməti inspektoru, polis serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2025ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-yə göndərilmişdir. Lakin Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-i tərəfindən heç bir əlavə araşdırılma aparılmadan X5 İXM-nin 342.2.2 və 342.2.3-cü maddələri ilə yenidən təqsirli bilinmiş və belə olan halda məhkəmə hesab edir ki, İXM-nin həmin maddələri ilə nəzərdə tutulan inzibati xətaların törədilməsini təsdiq edən sübutların inzibati xəta haqqında işə əlavə edilməsi xüsusi əhəmiyyət kəsb edir. İXM-nin müddəalarından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın üzərinə qoyulsa da, həmin orqan xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərə təyin olunmuş məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq səlahiyyətli orqan öz nümayəndəsinin iştirakını təmin etməməklə yanaşı, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2 və 342.2.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutları da iş materiallarına əlavə etməmişdir. Məhkəmə sadalanan bütün halları nəzərə alaraq, hesab edir ki, belə olan halda qərardan şikayət vermiş şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2 və 342.2.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmasını müəyyən etmək mümkün olmamış, həmçinin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X3 təqsirliliyini sübuta yetirən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X3 əməlində qeyd edilən maddələr üzrə inzibati xəta tərkibi olmadığından onun barəsində Gəncə şəhər Baş Polis İdarəsinin X13 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 5/1-3394 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, İXM-nin yuxarıda sadalanan maddələrinə və işin faktiki hallarına əsaslanaraq məhkəmə verilmiş şikayət üzrə sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməli və X3 barəsində Gəncə şəhər Baş Polis İdarəsinin X13 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 5/1-3394 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 115, 128, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X5 barəsində Gəncə şəhər Baş Polis İdarəsinin X13 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 5/1-3394 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X3 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2 və 342.2.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar