Məhkəmə qərarları › İş №3(125)-1493/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1493/2024

21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1493/2024 21.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, DƏMX-nin GDRŞ-nin baş əmək müfəttişi X2, Barəsində icraat aparılan hüquqi şəxs "xxxx" Mənzil-Tikinti Korperativinin direktoru X3, "xxxx" Mənzil Tikinti Korperativinin nümayəndəsi və vəkili Vəkil İnqilab oğlunun iştirakı ilə, Hüquqi şəxs "xxxx" Mənzil-Tikinti Korperativinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Gəncə-Daşkəsən regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: DƏMX-nin GDRŞ-nin məsləhətçi-əmək müfəttişi X8 tərəfindən "xxxx" Mənzil-Tikinti Korperativi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi barədə 16 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında DƏMX-nin GDRŞ-nin baş əmək müfəttişi X8 bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.1-ci maddəsinin tələbi pozularaq Şəkər Şirinov, Nofəl Hüseynov, Ədalət Şirinov, Feyruz İsmayılov, Azər Babayev "xxxx" Mənzil- Tikinti Korperativində əmək müqavilələri hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilmişdirlər. Nəticədə hüquqi şəxs kimi "xxxx" Mənzil-Tikinti Korperativi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 16 aprel 2024-cü il tarixli MN 1744641nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında "xxxx" Mənzil-Tikinti Korperativi direktoru X9 bildirmişdir ki, onların fəaliyyət Laçın şəhərinin yenidənqurması ilə bağlıdır. Onlar işçilər ilə müqavilə bağlayıb onları Laçın şəhərinə işləməyə göndərirlər. Onlara müraciət edən şəxslər arasında Kəlbəcər rayonunda işləmək istəyənlər də olmuşdur. Onların adı portala vurulmuş və onlar Kəlbəcər rayonuna getmişlər, lakin ordakı iş şəraiti və əmək haqqı onları qane etmədiyi üçün onlarla əmək müqaviləsi bağlanılmamışdır. Sonda o, barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" Mənzil Tikinti Korperativinin hüquqşunası Vəkil İnqilab oğlu Mənzil-Tikinti Kooperativinin direktorunun dediklərini bir daha təsdiq edərək "xxxx" Mənzil-Tikinti Korperativi barəsində tərtib edilmiş protokolun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, onun portalı Babayev Azərlə birlikdə vurulmuşdur, onlar "xxxx" Mənzil-Tikinti Korperativinə Kəlbəcər rayonunda işləmək üçün müraciət etmişlər və onların adı portala vurulmuşdur, onlar Kəlbəcər rayonuna işlə bağlı danışmağa getmişlər, əmək haqqı onu qane etmədiyi üçün geri qayıtmışdır. İş materiallarında olan: - 16 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.1-ci maddəsinin tələbi pozularaq Şəkər Şirinov, Nofəl Hüseynov, Ədalət Şirinov, Feyruz İsmayılov, Azər Babayev "xxxx" Mənzil-Tikinti Korperativində əmək müqavilələri hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilmişdirlər, nəticədə "xxxx" Mənzil-Tikinti Korperativi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsini 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. - 25 aprel 2024-cü il tarixli notarial ərizənin surətindən görünür ki, X1 MTK tərəfindən iş təklifi aldığını, təklif edilən işlə tanış olduğunu, iş təklifi ilə razı olmadan geri qayıtdığını təsdiq etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, eləcə də iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, "xxxx" Mənzil-Tikinti Korperativi barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokolda adları qeyd edilən şəxslərin işğaldan azad edilmiş ərazilərə keçmələri üçün adlarının adlı siyahıya salınması hazırki iş üzrə onların həmin ərazidə işlərin görülməsinə cəlb edilməsi nəticəsinə gəlinməsinə əsas vermir. Həmin şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi faktı məhkəmə iclasında proses iştirakçıları tərəfindən təkzib edilmiş, bu faktı təkzib edən notarial ərizə məhkəməyə təqdim edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Mənzil-Tikinti Korperativi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar