Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-15/2025 06.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Hüquqi şəxs “Cengiz İnşaat Sanayii ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsi hüquqi şəxs “Cengiz İnşaat Sanayii ve Ticaret Anonim Şirkəti” Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, 00900-00558/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyatı üzrə Gəncə şəhər məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan “Cengiz İnşaat Sanayii ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 08ABF633/08ABG884 nömrəli yük nəqliyyat vasitəsində gəlmiş, mal qeydiyyat kodu **********15009 olan ”Plasmasdan təbəqələr” yükünə dair idxalatçı tərəfindən mövcud qanunvericiliyə əsasən qısa idxal bəyannaməsi təqdim olunmalı olduğu halda, qeyd olunan yük “Qırmızı Körpü” gömrük postundan ölkə ərazisinə gətirilərkən, gömrük orqanına qısa idxal gömrük bəyannaməsi təqdim edilməmiş və beləliklə gömrük qanunvericiliyinin tələbləri pozulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin və “Cengiz İnşaat Sanayii ve Ticaret Anonim Şirkəti” Azərbaycan Respublikasındakı Filialının səlahiyyətli nümayəndələri gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə nümayəndələrin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, “Cengiz İnşaat Sanayii ve Ticaret Anonim Şirkəti”ndən ixrac edilmiş “Yağ filtresi” adında olan mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim olunmamışdır; - Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti mayoru X1 tərəfindən tərtib edilmiş İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 28 noyabr 2024-cü il tarixli, 00900-00558/24 nömrəli protokoldan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan “Cengiz İnşaat Sanayii ve Ticaret Anonim Şirkəti” Azərbaycan Respublikasındakı Filialı tərəfindən gətirilmiş yüklərə dair gömrük bəyannaməsi Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmamışdan əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərardaddan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan “Cengiz İnşaat Sanayii ve Ticaret Anonim Şirkəti” Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 10.1-ci bəndinə əsasən gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir: 10.1.1. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə; 10.1.2. mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə; 10.1.3. malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs “Cengiz İnşaat Sanayii ve Ticaret Anonim Şirkəti” Azərbaycan Respublikasındakı Filialın ünvanına gələn yüklərə dair gömrük bəyannaməsi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Türkiyə Respublikasında yerləşən şirkət tərəfindən verilməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs “Cengiz İnşaat Sanayii ve Ticaret Anonim Şirkəti” Azərbaycan Respublikasındakı Filialı barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “Cengiz İnşaat Sanayii ve Ticaret Anonim Şirkəti” Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Cengiz İnşaat Sanayii ve Ticaret Anonim Şirkəti” Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-15/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-15/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver