Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1500/2025 01.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi təqsirləndirilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 01 may 2025-ci il tarixli, MN № ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X6 izahatında bildirdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11536/2015 nömrəli, 23 noyabr 2015-ci il tarixli icra sənədinə əsasən Şəxs 360000 (üç yüz altmış min) ABŞ dolları ödəniş vaxtına məzənnəsi üzrə pul tutulmalıdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq tərəfindən borcluya təqdim edilmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş borclu qanunla müəyyən edilmiş müddətə tələbi icra etməkdən qərəzli olaraq imtina etmişdir. Bu günə 356013 ABŞ dolları borcu mövcuddur. Odur ki, qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11536/2015 nömrəli, 23 noyabr 2015-ci il tarixli icra sənədinə əsasən ondan 360000 (üç yüz altmış min) ABŞ dolları ödəniş vaxtına məzənnəsi üzrə pul tutulmalıdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-50/2022 nömrəli, 20 may 2022-ci il tarixli hökmü ilə qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtardıqdan sonra işə girmiş və hal-hazırda 360 manat əmək haqqı alır. Hər ay hissə-hissə tələbkara olan borcundan ödəniş edir. Həmçinin, icra məmuru tərəfindən də maaşına tutma yönəldilmişdir. Hər ay borcundan 100 manat ödəyəcəkdir. Odur ki, qanun tələblərinə uyğun olaraq qərar qəbul edilməsi məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin (icra sənədi üzrə tələbkar) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11536/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 360000 (üç yüz altmış min) ABŞ dolları ödəniş vaxtına məzənnəsi üzrə pul tutulmalıdır. Şəxs ünvanlanmış tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, Şəxs icra məmuru tərəfindən ona, icra sənədi icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. 01 may 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11536/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 360000 ABŞ dolları tutularaq, X1 ödənilməlidir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-50/2022 nömrəli, 20 may 2022-ci il tarixli hökmündən görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-558/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin 3(125)-2013/2023 saylı, 06 sentyabr 2023-cü il tarixli qərarından zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 3(125)-2013/2023 saylı, 06 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və iş yenidən araşdırılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi üzrlü səbəb olmadan icra edilməmiş, Şəxs öhdəliyindən icra sənədində göstərilən qaydada və məbləğdə ödəniş edilmədiyindən icra sənədi üzrə cəmi 356013 ABŞ dolları məbləğində borcu yaranmış, məhkəmə aktı tam olaraq icrası onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə hesab edərək qeyd edir ki, borclu tərəfindən icra sənədi üzrə borcundan cüzi miqdarda ödəniş etməsinə baxmayaraq, qətnamə qəbul edildiyi vaxtdan keçən uzun müddət ərzində borclu tərəfindən icra sənədində göstərilən məbləğdə əhəmiyyətli ödəniş edilməmiş, borc yığıldıqdan sonra cüzi məbləğdə ödəniş edilməsi məhkəmə qətnaməsi ilə müəyyən olunmuş öhdəliyinin tam icrasından yayınmaq istəyini göstərmişdir. Həmçinin icra sənədi üzrə borclu tərəfindən icra edilməmə nəticəsində 356013 ABŞ dolları məbləğində borc yığılmışdır. Bu hal onu deməyə əsas verir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə razılaşmayıb özünün istəyinə uyğun olaraq qətnamədə müəyyən olunmuş öhdəliyinin tam icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. Bu səbəbdən sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun və tələbkarın ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini, borc məbləğini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və həbsdə sаxlаmа müddətinin əvvəli 01 may 2025-ci il tаrixdən, saat 12:20-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli 01 may 2025-ci il tаrixdən, saat 12:20-dən hesablansın. Qərаrın icrаsı Gəncə şəhəri üzrə İcra İdarəsinə və Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X4 həvаlə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №3(125)-1500/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1500/2025
01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver