Məhkəmə qərarları › İş №3(125)-1505/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1505/2025

02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1505/2025 02.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Gəncə şəhər 4-cü polis bölməsinin İTB-in polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə axşam saatlarında ünvan 1 ünvanının qarşısında qeyri-etik ifadələr işlədib ictimai qaydanı pozmuş, nəticədə Azərbayan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər 4-cü polis bölməsinin İTB-in polis sahə rəisi X3 çıxışında protokolun məzmununa uyğun çıxış edərək qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxışında ona istinad edilən əməli tötətdiyini, əməlindən peşman olduğunu bildirərək barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 çıxışında Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə məhkəmədə iştirak etmiş şəxsləri dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, Şəxs hərəkətlərində İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsi və ilk dəfə inzibati xəta törətməsi vəziyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs vəziyyətini ağırlaşdıran hallar müəyyən etməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 60 (altmış) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar