Məhkəmə qərarları › İş №3(125)-1511/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1511/2023

26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1511/2023 26.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri BPİ-nin 2-ci PŞ-nin polis sahə rəisi Fərmayıl İsayev tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 bildirdi ki, YPX əməkdaşının raportuna əsasən xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində adı polisə sonradan məlum olan Şəxs idarə etdiyi “İSUZU” markalı 20 AE409 nömrə nişanlı avtobusda əlavə avadanlığın olub-olmamasını yoxlamaq üçün polis əməkdaşları onu saxlamış, o, ucadan səs küy salaraq polisin qanuni tələblərinə tabe olmamışdır. Ona avtomonili duracağa aparıb yoxlanış edəcəklərini izah etsələr də, o, etiraz etmiş və tabesizlik göstərmişdir. Daha sonra polis əməkdaşları PPX xidmətini çağıraraq vətəndaşı Gəncə şəhəri BPİ-nin 2-ci PŞ-nə gətirmişlər. Sonda o, qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə o, idarə etdiyi “İSUZU” markalı 20 AE409 nömrə nişanlı avtobusla “Grand Qafqaz” ticarət mərkəzinin qarşısında saxlayan zaman, ona YPX əməkdaşları yaxınlaşmış və avtomobildə siqnal olduğu barədə şübhələri olduğu üçün avtomobili cərimə meydanşasına aparmağı təklif etmişlər. O, idarə etdiyi avtobusu özü sürüb cərimə meydançasına getmiş, orada məlum olmuşdur ki, onun avtomobilində heç bir qanunla qadağan olunmuş siqnal müəyyən edilməmişdir. O, avtomobilini cərimə meydançasının qarşısında saxlamış, tağım komandirindən cavab gözləmiş, polis əməkdaşı içəri salmasını bildirdik də, o, komandirin cavabını gözlədiyini demişdir. Daha sonra YPX-nin əməkdaşları PPX xidməti çağırmış, onlar gələrək onu polis idarəsinə aparmışlar. Orada bildirmişlər ki, o, polisin qanuni tələblərinə tabe olmamışdır. Halbuki o, qəsdən heç bir hərəkət etməmiş, səs-küy salmamış tabesizlik etməmişdir. Belə ki, onun avtomobilində kamera var, əgər tabesizlik edibsə, həmin kamerada izləmək mümkündür. Sonda o, heç bir qanun pozuntusu etmədiyini və polisin qanuni tələblərini pozmadığını nəzərə alıb barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Gəncə şəhər BPİ-in DYPŞ-in ƏYPXB-ün YPX inspektoru, polis baş serjantı X3 ifadəsində göstərmişdir ki, 25.07.223-cü il tarixdə saat 12:30 radələrində ** YP *** nömrəli patrul avtomobilində ekipaj yoldaşı Pərvin Quluzadə ilə birlikdə xidmətdə olarkən “İSUZU” markalı 20 AE409 nömrə nişanlı avtobusu saxlamışlar. Sürücü adı onlara sonradan məlum olan Şəxs avtomobildə əlavə avadanlıq olub-olmamasını yoxlamaq üçün DYPŞ-in duracağına aparacağını bildirmişdir. Sürücü avtomobili cərimə meydançasına kimi sürmüş, lakin içəri salmamışdır. O, sürücüyə avtobusu içəri salmasını bildirmiş, lakin sonuncu buna əməl etməmiş, sonradan avtobusu cərimə meydançasına salmış, avtobusda əlavə avadanlıq aşkar edilməmişdir. Vətəndaş Şəxs idarə etdiyi nəqliyyat vasitəsini duracağa aparmayacağını bildirmiş, polisin qanuni tələblərinə məhəl qoymamışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş Gəncə şəhər BPİ-in DYPŞ-in ƏYPXB-ün YPX inspektoru, polis baş serjantı X4 digər şahid X3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 13:30 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq tərəfləri dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrinin dispozisiyaları ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki Şəxs tərəfindən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlərin törədilməsi və polisin qanuni tələbinə qəsdən tabe olmaması sübuta yetirilməmiş, onun inzibati xətaları törətməsini təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. İnzibati protokol YPX əməkdaşının raportu əsasında tərtib edilmiş, 02 gün inzibati qaydada tutulmasına baxmayaraq Şəxs inzibati xətaları törətməsində təqsirini sübuta yetirmək üçün inzibati araşdırma aparılmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati məsuliyyətlərin yaranmaları üçün imperativ şərt olan “ictimai qaydanın pozulması”na və “polisin ictimai qaydanı mühafizə edərkən qanuni tələbinə qəsdən tabe olmaması”na dəlalət edən heç bir sübut növü inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Gəncə şəhəri BPİnin 2-ci PŞ-nin polis sahə rəisi X8 Məmmədovun təqsirliliyini sübutetmək vəzifəsinin daşıyıcısı olduğuna formal yanaşaraq, sadəcə protokol tərtib etməklə kifayətlənmiş və YPX əməkdaşının raportuna istinad etmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta hesab olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamainzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş tərkiblərin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq onun inzibati xətaları törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə Şəxs əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, məhkəmə iclas zalında dərhal inzibati qaydada tutulmaqdan azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalında dərhal inzibati qaydada tutulmaqdan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar