Məhkəmə qərarları › İş №3(125)-152/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-152/2023

07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-152/2023 07.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1957-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, “X3”nın direktoru, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Yerüstü X4 regional idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X3”nın direktoru Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 12 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən ünvan 2 ünvanında yerləşən avtostansiyada aparılan yoxlama zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada pasport olmadan qeyri-qanuni avtostansiya fəaliyyəti ilə məşğul olunması aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X2 protokolda və ona əlavə edilmiş materiallarda göstərilmiş xüsusatları bir daha qeyd edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, hal-hazırda "xxxx" MMC-nin direktoru vəzifəsini icra edir. İnzibati protokola əlavə edilmiş fotoşəkillərdə göstərilən nəqliyyat vasitələrinin onunla heç bir əlaqəsi yoxdur. İnzibati protokol onun iştirakı olmadan tərtib olunmuşdur. Marşrut avtomobilləri ilə hazırda onun arasında heç bir əlaqənin olmaması səbəbindən özünü təqsirli bilmədiyindən iş üzrə icraat xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli Aktlardan görünür ki, həmin Aktlar Azərbaycan Yerüstü X4 regional idarəsinin əməkdaşları tərəfindən Gəncə 3 saylı Avtovağzalda aparılan yoxlama zamanı İXM-nin 325.1-ci maddəsinin tələblərinin pozulması aşkar edildiyindən tərtib edilmişdir. İş materiallarında olan 12 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, protokol “X3”nın direktoru Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsində göstərilən xətanı törətməsi səbəbindən tərtib edilmişdir. İş materiallarında olan 7 ədəd fotoşəkillərdə skameykalar olan zalın, üzərində “İVA MMC” sözləri əks olunmuş cədvəlin, müxtəlif otaqların və avtobusların görüntüləri əks olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında araşdırma aparılmadan, iş materiallarında olan fotogörüntülərə və digər sənədlərə qiymət verilmədən, inzibati xəta ilə bağlı aparılan araşdırma haqqında məlumat vermədən Şəxs barəsində əsassız olaraq Azərbaycan Respublikasının İXM-nin 325.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında araşdırma aparılması zamanı fotoşəkillərdə göstərilmiş avtomobilləri idarə edən şəxslərin izahatı alınmamış, həmin avtomobil istifadəçiləri ilə barəsində icraat aparılan şəxsin arasında razılaşmanın olub-olmaması aydınlaşdırılmamışdır. İş materiallarında olan fotogörüntülərdən və sənədlərdən də göründüyü kimi avtostansiya fəaliyyətinin Şəxs tərəfindən həyata keçirilməsi faktı sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 325.1-ci maddəsinə əsasən, pasport olmadan avtovağzal (avtostansiya) fəaliyyəti ilə məşğul olmağa görə min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə münasibətdə inzibati xəta tərkibi mövcud deyildir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 325.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar