Məhkəmə qərarları › İş №3(125)-1523/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1523/2025

02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1523/2025 02.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, Protokolu tərtib edən Gəncə şəhəri BPİ-nin X8 Şöbəsinin polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun qanuni nümayəndəsi X1 iştirakları ilə, xx.xx.2009-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (FİN-xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə Gəncə şəhər Baş Polis İdarəsinin X8 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:16-da “VAZ 21063” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri BPİ-nin X8 Şöbəsinin polis kapitanı X4 inzibati xəta haqqında protokoldakı xüsusatları təsdiq edərək bildirdi ki, Şəxs qeyd edilən ərazidə avtoxuliqanlıq etməsini görməmişdir, sadəcə DYPŞ-yə verilmiş məlumat əsasında görüntülərə baxılaraq həmin şəxs barəsində İXM-nin 327.1, 332.1, 332.2 və 511.1.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, onun sürücülük hüququ yoxdur. Belə ki, hələ 16 yaşı belə tamam olmamışdır. İdarə etdiyi avtomobil qardaşına məxsus olsa da zibil tökmək üçün şəhərə çıxmış, lakin avtoxuliqanlıq etməmişdir. Bir daha belə hallara yol verməyəcəkdir. Qeyd olunanlara əsasən İXM-nin 511.1.3-cü maddəsi ilə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuni nümayəndəsi X3 bildir ki, Asim hazırda 16 yaşına çatmamışdır. Buna baxmayaraq oğlu Xəyala məxsus olan **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş və qayda pozuntuları etmişdir. Kimsə onu çəkərək sosial şəbəkələrdə paylaşmış və bu səbəbdən DYP əməkdaşları Asim barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Görüntülərdə İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan pozuntu olmamaqla yanaşı Asim 16 yaşına çatmadığından iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş: DVD diskdə olan video görüntüyə baxış keçirilərkən müəyyən edildi ki, xx.xx.2025ci il tarixdə saat 13:16-da “VAZ 21063” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən yol hərəkəti qaydası pozularaq inzibati xəta törədilsə də, amma onun əməlində İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş, yəni mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması kimi inzibati xətanın törədilməsinə rast gəlinmədi. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və onun qanuni nümayəndəsinin izahatlarını dinləyərək, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, DVD diskə baxış keçirərək hesab edir ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.1-ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə ilk növbədə qeyd edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilən xx.xx.2009-cu il təvəllüdlü Şəxs 16 yaşı tamam olmadığından (subyekt olmadığından) həmin şəxsin inzibati məsuliyyətə cəlb olunması İXM-nın 16.1-ci maddəsinin tələbinə görə yolverilməzdir. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin mənasından aydın olur ki, inzibati xətanın törədilməsi mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə bağlıdır. Lakin nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, o cümlədən məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatında bildirdi ki, o, avtoxuliqanlıq etməmişdir. Həmçinin səlahiyyətli orqan tərəfindən təqdim edilmiş görüntüləri özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilən zaman xx.xx.2025-ci il tarixdə saat 13:16-da “VAZ 21063” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün əməlində İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması hallarına rast gəlinmədi. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs inzibati xəta törədilməsini və təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsini və ya təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-53, 61, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: 02 may 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar