Məhkəmə qərarları › İş №3(125)-1525/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1525/2025

02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1525/2025 02.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Gəncə şəhəri BPİ-nin X5 Şöbəsinin polis kapitanı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2006-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (FİN-xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə Gəncə şəhər Baş Polis İdarəsinin X5 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:22-də “VAZ 21063” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri BPİ-nin X5 Şöbəsinin polis kapitanı X2 inzibati xəta haqqında protokoldakı xüsusatları təsdiq edərək bildirdi ki, Şəxs qeyd edilən ərazidə avtoxuliqanlıq etməsini görməmiş, sadəcə DYPŞ-yə verilmiş məlumat əsasında görüntülərə baxılaraq həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2 və 511.1.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək, bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə saat 13:00 radələrində işdə olmuş və “VAZ 21063” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili o, yox qardaşı Asim idarə etmişdir. Lakin, qardaşı Asim Bayramalıyev tərəfindən də avtoxuliqanlıq edilməmişdir. Buna baxmayaraq əvvəlcə qardaşı Asim barəsində eyni görüntüyə görə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verilmişdir. Qardaşı Asimə münasibətdə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə inzibati xəta haqqında icraata xitam verilmişdir. Bundan sonra DYP əməkdaşı qardaşına münasibətdə məhkəməyə təqdim etdiyi görüntüləri yenidən məhkəməyə təqdim edərək onun da barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. And içir ki, nə istinad olunan görüntülərdə o avtomaşını idarə etməmiş, nə də həmin görüntülərdə avtoxuliqanlıq hərəkətləri yoxdur. Qeyd olunanlara əsasən İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: DVD diskdə olan video görüntüyə baxış keçirilərkən müəyyən edildi ki, xx.xx.2025ci il tarixdə saat 13:22-də “VAZ 21063” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən yol hərəkəti qaydası pozularaq inzibati xəta törədilsə də, amma onun əməlində İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş, yəni mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması kimi inzibati xətanın törədilməsinə rast gəlinmədi. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, DVD diskə baxış keçirərək hesab edir ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin mənasından aydın olur ki, inzibati xətanın törədilməsi mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə bağlıdır. Lakin nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, o cümlədən məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatında bildirdi ki, “VAZ 21063” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil onun tərəfindən idarə edilməmiş, belə olduğu halda avtoxuliqanlıq hərəkətlərinin etməsi öz təsdiqini tapmamışdır. Həmçinin səlahiyyətli orqan tərəfindən təqdim edilmiş görüntüləri özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilən zaman xx.xx.2025-ci il tarixdə saat 13:22-də “VAZ 21063” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən yol hərəkəti qaydası pozularaq inzibati xəta törədilməsi öz təsdiqini tapsa da, amma onun əməlində İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması hallarına rast gəlinmədi. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs inzibati xəta törədilməsini və təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsini və ya təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-53, 61, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: 02 may 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar