Məhkəmə qərarları › İş №3(125)-1531/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1531/2025

05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1531/2025 05.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510, 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə ŞBPİ-nin 1-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər 1-ci PŞ-nin İTB-nin polis sahə rəisi X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 03 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs Gəncə şəhəri, Nizami prospekti ilə H.Ə.Hüseynzadə küçəsinin kəsişməsində Gəncə şəhər BPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Narkoloji Dispanserə aparılmış və onun sidik analizindən AMP (metamfetamin) aşkar edilmişdir. Bundan sonra Şəxs polisin inzibati binasında ucadan nalayiq ifadələr işlətmiş və ondan sakitləşməsini tələb edən polisin qanuni tələbinə qəsdən tabe olmamış, həmçinin polis şöbəsində iş rejimini pozmuşdur. Məhkəmə iclasında Gəncə şəhər 1-ci PŞ-nin İTB-nin polis sahə rəisi X6 bildirmişdir ki, Gəncə şəhər BPİ-nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Əliyev X3 Dispanserinə aparılmış və onun sidik nümunəsində narkotik vasitə olan metamfetamin aşkar edilmiş, bundan əlavə 1-ci PŞ-də polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, taksi ilə “Kapital Bank”a gedərkən yolda saxlanılmış və Baş Polis İdarəsinə aparılmış, daha sonra Narkoloji Dispanserində müayinə edilmişdir. O, törətdiyi əməli etiraf edərək narkotik vasitədən son 3 ay ərzində bir-iki dəfə istifadə etdiyini bildirmiş, lakin polis əməkdaşları ilə aralarında mübahisənin olmadığını və onlara qarşı müqavimət göstərmədiyini nəzərə çatdırmışdır. İfadəsinin sonunda barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: - xx.xx.2025-ci tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhəri 1-ci polis şöbəsinin İTB-nə göndərilmişdir. - xx.xx.2025-ci il tarixli № 1552/2025 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs sidik analizində narkotik AMP (metamfetamin) aşkar edilmişdir. - xx.xx.2025-ci il tarixli № 732 saylı Gəncə şəhəri Narkoloji Dispanserinin rəyindən görünür ki, Şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. - xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə 16:00-da tutulmuşdur. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq tərəfləri dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrinin dispozisiyaları ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki Şəxs tərəfindən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlərin törədilməsi və polisin qanuni tələbinə qəsdən tabe olmaması sübuta yetirilməmiş, onun inzibati xətaları törətməsini təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmiş, həmçinin Gəncə şəhər 1-ci Polis Şöbəsinin əməkdaşları məhkəməyə gəlməyərək şahid qismində izahat verməmişlər. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535-ci maddələri ilə nəzərdə tutulmuş inzibati məsuliyyətlərin yaranmaları üçün imperativ şərt olan “ictimai qaydanın pozulması”na və “polisin ictimai qaydanı mühafizə edərkən qanuni tələbinə qəsdən tabe olmaması”na dəlalət edən heç bir sübut növü inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Gəncə şəhəri BPİnin 1-ci PŞ-nin polis sahə rəisi X2 Samir Əsgərxan oğlunun təqsirliliyini sübut etmək vəzifəsinin daşıyıcısı olduğuna formal yanaşaraq, sadəcə protokol tərtib etməklə kifayətlənmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş tərkiblərin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq onun inzibati xətaları törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bununla belə Şəxs hərəkətlərində İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Çünki Şəxs İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl özünün etirafedici izahatı və digər sənədlərlə tam şəkildə sübuta yetirilir və onun törətdiyi əməl həmin maddəyə düzgün tövsif olunmuşdur. Buna görə də Şəxs İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.1-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halın olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 16:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 16:00-dan hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar