Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1532/2025 21.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X5 iştirakları ilə, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Gəncə şəhər BPİ-nin DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X7 şikayətlə məhkəməyə müraciət edərək, barəsində Gəncə şəhər BPİ-nin DYPŞnin polis leytenantı X3 tərəfindən xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, Gəncə şəhər X12 Şöbəsinin polis leytenantı X2 xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı ilə o, İXM-nin 327.1 və 332.1ci maddələri ilə təqsirli bilinmiş və ona 40 (qırx) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Hesab edir ki, Gəncə şəhər X12 Şöbəsinin polis leytenantı X2 xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı tam əsassızdır, buna görə də qərara məhkəmə qaydasında baxılmalı və inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. xx.xx.2024-cü il tarixdə o, oğlu X4 mülkiyyətində olan Honda İnsight (Hibrid) minik markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə idi. Həmin vaxt oğlu İlkin Vəlizadə onun yanında idi. O, hərəkətdə olan zaman qarşıda hərəkətdə olan avtomobil ilə düzgün ara məsafəsi saxlamamış və yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerinə polis əməkdaşları və sığortanın əməkdaşları gəlmiş və polis əməkdaşı ona araməsafəsi saxlamadığı üçün protokol tərtib etmiş və o, onunla razılaşmışdır. Ona yazılmış cəriməni ödəmiş, onun sığortası isə qarşı tərəfə dəymiş ziyanı ödəmişdir. Hazırda sığorta şirkəti ona və oğluna qarşı məhkəmədə iddia qaldıraraq ziyan dəymiş avtomobilə ödədiyi pulun onlardan geri qaytarılmasını tələb edir. Belə olan halda o, məcbur sözügedən qərarı əldə etmişdir. Həmin qərarı aldıqdan sonra ona məlum olmuşdur ki, barəsində tərtib olunmuş protokol İXM-nin 327.1 və 332.1-ci maddələri ilə tərtib edilmişdir. O, özünü İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilir, ara məsafəsini düzgün saxlamamış, lakin İXM-nin 332.1-ci maddəsi ilə özünü təsirli bilmir. Çünki o, oğlunun mülkiyyətində olan avtomobili idarə edərkən oğlu X6 onunla birlikdə avtomobildə olmuşdur. Qeyd olunanlara əsasən barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X7 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, bildirdi ki, o, qərarda qeyd edilən inzibati xətalardan yalnız İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, lakin qərarda qeyd edilən digər inzibati xətanı, yəni İXMnin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Belə ki, sözügedən qərar tərtib olunan zaman onun idarə etdiyi avtomobilə etibarnaməsi olmasa da həmin avtomobilin sahibi onun oğludur və həmin vaxt oğlu X6 onunla birlikdə avtomobildə olmuşdur. Ona görə də barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin izahatını dinləyərək, şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli vəzifəli şəxsə göndərilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X7 İXM-nin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 (qırx) manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Honda İnsight (Hibrid) minik markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X4 mülkiyyətindədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin mənasından aydın şəkildə görünür ki, inzibati xətanın törədilməsi nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi ilə bağlıdır. Məhkəmə iclası zamanı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs bildirmişdir ki, həmin vaxt nəqliyyat vasitəsini idarə edən zaman nəqliyyat vasitəsinin mülkiyyətçisi olan oğlu X6 onunla birlikdə nəqliyyat vasitəsində olmuşdur. Şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi isə qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Gəncə şəhər BPİ-nin X12 Şöbəsinin üzərinə qoyulsa da, həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutları iş materiallarına əlavə etməmişdir. Belə olan halda qərardan şikayət vermiş şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamış, həmçinin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X5 təqsirliliyini sübuta yetirən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəmə iclasında qərardan şikayət vermiş şəxsin izahatından və şikayət ərizəsindən müəyyən olunur ki, qərardan şikayət vermiş şəxs özünü yalnız İXM-nin 327.1ci maddəsi ilə təqsirli bilir, İXM-nin 332.1-ci maddəsinə münasibətdə isə özünü təqsirli bilmir. Belə olan halda məhkəmə qanunvericiliyin tələblərini və sadalanan bütün halları nəzərə alaraq, hesab edir ki, qərardan şikayət vermiş şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmadığından verilmiş şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli vəzifəli şəxsə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün faktiki halları araşdırılmalı və qərar qəbul edilməlidir. Bu səbəbdən şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli vəzifəli şəxsə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 şikayəti qismən təmin edilsin. X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə inzibati cərimə edilməsi haqqında Gəncə şəhər BPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin X12 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-1532/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1532/2025
21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver