Məhkəmə qərarları › İş №3(125)-1535/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1535/2023

31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1535/2023 31.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X1, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, 13 mart 2023-cü il tarixli qərarla icraata başlanılmış Ağdam Rayon Məhkəməsinin 2(013)-291 /2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs, birgə nigah dövründə götürülmüş kredit üzrə “ Ekspressbank “ ASC-yə yaranmış 3100 manat və “ Kapitalbank “ ASC-yə yaranmış 954 manat 89 qəpik borc məbləğinin müvafiq olaraq 1/2 hissəsi, cəmi dəyəri 9518 manat olan qızıl-zinət əşyaları naturada, naturada mümkün olmadıqda dəyəri, həmçinin əmlakın qiymətləndirilməsi üçün 125 manat, mediasiya xərci 50 manat məbləğində pul borclu Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunma barədə xəbərdarlıq göndərilməsinə, həmçinin dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq o, icra sənədi üzrə tələbi icra etməkdən üzrsüz səbəbdən yayınmışdır. Borclu bugünədək icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs qanunda müəyyən edilmiş müddətdə icra sənədini icra etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Göstərilənlərə əsaəsn Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, "xxxx" ASC-yə olan borcunun çox hissəsini ödəmiş, borcundan cəmi 350 manat qalmışdır. "xxxx" ASC-yə isə olan borcu ödəyə bilməmişdir. O, 5-6 ay ərzində lombardın borcunu tam ödəyib qızılları çıxardaraq tələbkara qaytaracaqdır. Sonda o, məhkəmə qərarının icraısndan yayınmadığını barəsində olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi borclunun icra sənədinin icrasından qəsdən yayındığını, həmçinin neçə il ərzində ayda cəmi 100-120 manat ödəniş etdiyini bildirmiş, barəsində inziabti qaydada həbs qərarı çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - 31 iyul 2023-cü il tarixli MN № ******* nömrəli protokoldan görünür ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-291 /2023 nömrəli, xx.xx.2023-cü tarixli icra sənədi üzrə tələb Şəxs tərəfindən icra edilmir. - 31 yanvar 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-291 /2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə birgə nigah dövründə götürülmüş kredit üzrə "xxxx" ASC-yə yaranmış 3100 manat və "xxxx" ASC-yə yaranmış 954.89 manat borc məbləğinin müvafiq olaraq ½ (ikidə bir) hissəsinin, 2050 manat dəyərində brilyant qaşlı nişan üzüyü, 330 manat dəyərində üzük, 252 manat dəyərində bilərzik. 2409 manat dəyərində brilyant qaşlı üzük-sırğa dəsti, 789 manat dəyərində brilyant qaşlı klon, 2559.50 manat dəyərində brilyant qaşlı bilərzik, 540 manat dəyərində boyunbağı. 225 manat dəyərində 1 ədəd təkqaş üzük və 360 manat dəyərində 1 ədəd qaşsız üzük olmaqla cəmi dəyəri 9518 manat olan qızıl-zinət əşyaları naturada, naturada mümkün olmadıqda dəyəri, həmçinin, əmlakın qiymətləndirilməsi üçün 125 manat, mediyasiya xərci 50 manat məbləğində pul cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. - 13 mart 2023-cüil tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icara məmuru X2 həmin Ağdam Rayon Məhkəməsinin 2(013)- 291 /2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini icraatına qəbul etmişdir. - “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2023-cü il tarixli inzibati məsuliyyətə cəlb olunma haqqında xəbərdarlıqdan görünür ki, Şəxs Ağdam Rayon Məhkəməsinin 2(013)-291 /2023 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə qərarının icra etməməsi barədə xəbərdar olunmuşdur. - Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 xx.xx.2023-cü il tarixli borclunun məcburi gətirilməsi haqqında qərarından görünür ki, Şəxs məcburi qaydada Gəncə şəhəri üzrə İcra İdarəsinə gətirilməsi qərara alınmışdır. - borclu Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi izahatdan görünür ki, o, işsiz olduğu üçün borcları ödəyə bilməmiş, yalnız "xxxx" ASC-yə 600 manat ödəniş etmişdir. - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(125)-498/2023 nömrəli qərardadından görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs işsiz olduğunu əsas gətirərək, kredit borcunun az bir hissəsini ödəməklə icra sənədi üzrə tələbi icra etməsi görüntüsünü yaratmağa çalışır. Halbuki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, aylıq borcun çox hissəsini ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. O, sadəcə işləmədiyini bəhanə edərək üzrsüz səbəbdən icra sənədindəki tələbin icrasından yayınaraq icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar