Məhkəmə qərarları › İş №3(125)-1538/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1538/2023

31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1538/2023 31.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi X3, zərər çəkmiş şəxslər X2, X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gəncə şəhəri, M.Davidoviç küçəsi, 2-ci döngə, ev 13-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 206-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 206-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 31 iyul 2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi X6 tərəfindən tərtib olunmuş, 31 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri M.Davudoviç küçəsi, 2-ci döngə ev 13-də yaşayan X5 və X1 oğulları Şəxs tərəfindən döyülmələri faktında cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 206-cı maddələrində nəzərdə tutulan inzibati xətanın tərkibi olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİnin 1-ci Polis Şöbəsinin polis sahə rəisi X9 izahatında göstərdi ki, 31 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri M.Davudoviç küçəsi, 2-ci döngə ev 13-də yaşayan X5 və X1 oğulları Şəxs tərəfindən döyülmələri faktında cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 206-cı maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o narkotik vasitə istifadə etmişdir. Lakin ata və anasını döyməmişdir. Aralarında mübahisə olduqda sadəcə itələmişdir. O da türmədə olduğu vaxt aldığı trammalarla bağlı olmuşdur. Törətdiyi əmələ görə çox peşmandır. Onun barəsində həbslə əlaqədar olmayan tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş X5 izahatında bildirdi ki, Şəxs onun oğludur. Kamran uzun müddət həbsdə olub. Həbsdən azad olunduqdan sonra birlikdə yaşamışlar. Lakin Kamran heç bir yerdə işləmir. Ailəsinə və ona əri Nizami ilə birlikdə baxmağa məcbur olublar. Son 2 aydı oğlu onlara birlikdə yaşamağa imkan verməmiş və o əri Nizami ilə birlikdə qızlarıgilə getmişlər. xx.xx.2023-cü ildə əşyalarını götürmək üçün öz evlərinə gəldikdə Kamran onları görən kimi əsəbləşmiş və əriz Nizami ilə onu döymüşdür. Kamran həmçinin narkotik vasitə aludəçisi olduğu üçün onlardan pul da istəyirdi. Oğlu Şəxsla barışmaq istəmir. Ondan şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş X4 zərərçəkmiş X5 ilə eyni məzmunlu izahat vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 31 iyul 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci və 206-cı maddələrinin tərkibləri olduğundan qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhəri 1-ci PŞ-nə və Gəncə şəhər prokurorluğuna göndərilmiş, toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1164 saylı rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ kürək nahiyyəsinin qançırı - küt əşyanın təsirindən əmələ gəlmişdir əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yənin xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1163 saylı rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol baldır nahiyyəsinin qançırı - küt əşyanın təsirindən əmələ gəlmişdir əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yənin xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 1262 saylı 31 iyul 2023-cü il tarixli rəydən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “İnzibati qaydada tutma haqqında” 30 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 18:10-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməsə də inzibati xətaların törədilməsi zərər çəkmiş şəxsin izahatı, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 206-cı maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün qismən etirafedici izahatı ilə yanaşı, zərər çəkmiş şəxslərin izahatı, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs İXM-nin 157-ci və 206-cı maddələri ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 157-ci və 206-cı maddələrinin sanksiyasında iki növ inzibati tənbeh – cərimə və həbs inzibati tənbehləri nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci və 206-cı maddələrinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbehin tətbiq olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-37.5-ci maddələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Şəxs narkomaniyadan məcburi müalicyə ehtiyacının olması da məhkəmə araşdırması ilə müəyyən edildiyindən onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, inzibati həbs müddəti başa çatdıqdan sonra Şəxs müalicənin həyata keçirilməsi üçün müalicə müəssisəsinə təhvil verilməli və o, narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 206-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, ona İnzibati Xətalar Məcəlləsinin 157-cı maddəsi ilə 20 gün müddətinə inzibati həbs tənbehi, İnzibati Xətalar Məcəlləsini 206-cı maddəsi ilə 20 gün müddətinə inzibati həbs tənbehi təyin edilsin. Təyin edilmiş inzibati tənbehlər qismən toplanılmaqla, Şəxs qəti olaraq 01 (bir) ay müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. Həbsetmənin əvvəli 30 iyul 2023-cü il tarixdən hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji dispanserdə qeydiyyata götürülsün. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar