Məhkəmə qərarları › İş №3(125)-154/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-154/2023

19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-154/2023 19.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, məsləhətçi (iclas katibi) Əlizadə Ümit Maqsud oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi vəzifəsində işləyən X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxxxx 1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Gəncə şəhəri Nizami küçəsi ilə Şədaddilər küçəsinin kəsişməsində saxlanılaraq Gəncə Şəhəri Baş Polis İdarəsinə dəvət edilmiş və həmin tarixdə şübhəli şəxs qismində tutulduqdan sonra üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X2 göstərdi ki, o, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi vəzifəsində işləyir. Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi Ramin Mehdixanov xx.xx.2022-ci il tarixdə raportla müraciət edərək, Gəncə şəhər sakini Şəxs qanunsuz olaraq narkotik vasitələri qəbul etməsi və üzərində gəzdirməsi barədə məlumat vermişdir. Daxil olmuş məlumat əsasında aparılmış araşdırma zamanı Şəxs xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Gəncə şəhəri Nizami küçəsi ilə Şədaddilər küçəsinin kəsişməsində saxlanılaraq Gəncə Şəhəri Baş Polis İdarəsinə dəvət edilmiş və həmin tarixdə şübhəli şəxs qismində tutulduqdan sonra üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Lakin Şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana 0,82 qram çəkidə olduğundan Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkib əlaməti yaranmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti ərazi aidiyyəti üzrə Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsinə göndərilmişdir. Qeyd olunan inzibati xəta haqqında iş üzrə icraat zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 206-cı maddəsinin tərkibinin olması müəyyən edilmiş və Şəxs barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, göstərdi ki, onun bədənində ağrılar olduğuna görə o, bəzi vaxtlar narkotik vasitə qəbul edir. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir neçə gün əvvəl o, Gəncə şəhəri, Dəmiryol vağzalının yaxınlığında yerdən bir bükülü tapmış və həmin bükülünün içərisinə baxarkən orada marixuanaya bənzər kütlə olmasını görmüşdür. Bundan sonra o, həmin marixuananı şəxsi istifadəsi üçün götürmüş və cibinə qoymuşdur. 27 iyul 2020-ci il tarixdə, saat 22 radələrində o, Gəncə şəhəri Nizami küçəsi ilə Şəddadilər küçəsinin kəsişməsində polis əməkdaşları tərəfindən saxlanılmış və Gəncə Şəhər Baş Polis İdarəsinə aparılmışdır. Gəncə Şəhər Baş Polis İdarəsində onun üzərinə baxış keçirilərkən həmin marixuana aşkar olunaraq, götürülmüşdür. Lakin Gəncə Şəhər Baş Polis İdarəsində aparılmış araşdırma ilə onun əməlində cinayət tərkibinin olmaması müəyyən edilmiş və 02 avqust 2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Sonda Şəxs əməlindən peşman olduğunu bildirdi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, Şəxs törətməkdə istinad edildiyi inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan 02 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs hərəkətləri barəsində toplanmış material üzrə cinayət tərkibi olmadığından 02 avqust 2022-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkib əlamələri müəyyən olunduğundan onun barəsində qəbul edilmiş qərarın surəti Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsinə göndərilmişdir. Beləliklə, işin məhkəmə iclasında müəyyən olunmuş hallarından görünür ki, Şəxs hərəkətləri barəsində toplanmış material üzrə cinayət tərkibi olmadığından 02 avqust 2022-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və bundan 5 ay 19 gün sonra Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi tərtib edilmiş inzibati xəta haqqında protokol 19 yanvar 2023-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İşin məhkəmə iclasında tədqiq edilməklə öyrənilmiş hallarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə istinad edilən əməl üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinin tələbinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Belə ki, Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin məhkəmə iclasında müəyyən edilməklə yuxarıda sadlanan hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmçinin hesab edirəm ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə Şəhəri Baş Polis İdarəsinin «Maddi sübutları saxlama otağında» saxlanılan, çəkisi 0,80 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə Şəhəri Baş Polis İdarəsinin «Maddi sübutları saxlama otağında» saxlanılan, çəkisi 0,80 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Qərardan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar