Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-154/2024 09.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Gəncə şəhər X4 Şöbəsinin polis mayoru X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və Gəncə şəhəri, “Mİda” sosial evlər, bina 14, mənzil 15-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-in 332.4-cü, 327.1-ci və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X5 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Baş Polis İdarəsinin X5 Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü, 327.1-ci və 327.6-cı maddələri ilə inzibati xəta törətməsi haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2024-cü il tarixdə saat 01:50 radələrində sürücülük hüququ olmadan Gəncə şəhəri, Əttarlar küçəsində “VAZ-21074” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman yolun solunda dayanmış “BMW” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, hadisəni törətdikdən sonra hadisə yerindən yayınaraq nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurmuşdur. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər X4 Şöbəsinin polis mayoru X2 protokolu müdafiə edərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:50 radələrində sürücülük hüququ olmadan Gəncə şəhəri, Əttarlar küçəsində “VAZ-21074” markalı, **-ED- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman hərəkətdə olmayan “BMW” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, hadisə yerindən yayınmış və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurmuşdur. Bununla bağlı isə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.4-cü, 327.1-ci və 327.6-cı maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, Vətən müharibəsi iştirakçısıdır və müharibə dövründə kəllə-beyin travması almışdır. Hazırda “Dost” iş mərkəzində işləyir. O, “VAZ-21074” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə əsasında ona məxsusdur. Onun sürücülük hüququ yoxdur. O, 06.01.204-cü il tarixdə saat 01:50 radələrində Gəncə şəhəri, Əttarlar küçəsindən Nizami prospektinə doğru hərəkətdə olarkən idarəetməni itirmiş və yolun sol tərəfində dayanmış “BMW” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək toqquşmuşdur. Hadisənin baş verməsindən həyəcan keçirərək hadisə yerini tərk etmişdir. Əməlindən peşmandır, hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Buna görə də barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasinda iştirak edən Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirdi ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır. Ona dəymiş ziyan sığorta şirkəti tərəfindən ödəniləcəkdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş dayanmış “BMW” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilə qəza nəticəsində dəymiş zərərin miqdarı 3910 (üç min doqquz yüz on) manat təşkil edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin birinci bəndinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Həmin Qanunun beşinci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 1) şəxsin sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa — sürücülük vəsiqəsi dəyişdirilənədək; 2) şəxs tərəfindən yol hərəkətinin qaydaları bu Qanunla müəyyən edilmiş hallarda kobud surətdə pozulmuşdursa — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada beş ildən artıq olmayan müddətin qurtarmasınadək; 3) şəxsdə bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş xəstəliklər və ya fiziki pozuntular müəyyən edilərsə —xəstəlik müalicə olunanadək və ya fiziki pozuntu aradan qaldırılanadək. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışında Şəxs ayıq vəziyyətdə, sürücülük və idarəetmə hüququ olmadan “VAZ-21074” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin tələblərini pozması nəticəsində hər iki nəqliyyat vasitələri toqquşmuş, nəticədə “BMW” markalı, **- GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə maddi zərər yetirildiyi öz təsdiqini tapmışdır. Hadisə zamanı Şəxs sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququna malik olmamışdır. Buna görə də onun əməli düzgün olaraq İXM-in 332.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar müəyyən edilməmişdir. Buna görə də o, İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş Şəxs səmimi peşmançılığını, müharibə iştirakçısı olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, onun məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, səmimi peşmançılığını və zərər çəkmiş ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə yanaşı, həmçinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikasının İXM-nin 327.1 və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddələr ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin X4 Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN-xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-154/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-154/2024
09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver