Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1540/2025 07.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin 4cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər 4-cü PB-nin polis sahə rəisi, polis leytenantı Ayxan Məmmədov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 07 may 2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs Baş DYPİ-nin Gəncə şəhər RQİ və TBŞ-nin inzibati binasında səs-küy salaraq ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Nəticədə Azərbayan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X4 çıxışında bildirdi ki, 07 may 2025-ci tarixdə Baş DYPİ-nin Gəncə şəhər RQİ və TBŞ-nin baş dövlət avtomobil müfəttişi, polis mayoru Mehdi Hacıyev tərəfindən raport daxil olmuş, belə ki, onun xidməti otağında vətəndaş Şəxs həyat yoldaşı Elşan Məmmədovla birgə səs-küy salaraq ictimai qaydanı pozmuş və digər vətandaşların diqqətini özlərinə cəlb etmişlər, eyni zamanda polisin qanuni tələblərinə tabe olmamışlar. Hakimin sualına cavab olaraq hadisəni görmədiyini, protokolu yalnız raport və video görüntü əsasında tərtib etdiyini bildirərək protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs çıxışında Ağcəbədi rayonundan kreditlə avtomobil aldığını, ödənişi isə hər ay “ASAN xidmət” vasitəsi ilə ödədiklərini və öhdəliyin tam icra olunması ilə bağlı notariusdan rəsmi sənəd aldıqlarını bildirmişdir. Həmin avtomobili yoldaşı öz adına qeydiyyata salmaq üçün onunla birgə Baş DYPİ-nin Gəncə şəhər RQİ və TBŞ-nə getmiş və polis nümayəndəsi Mehdi Hacıyevə sənədləri təqdim etmişdir. Bu zaman M.Hacıyev sənədləri itələyib lazımsız olduğunu və ödəniş qəbzlərini tələb etmiş, yoldaşı isə ödəniş qəbzlərinin notariusun arxivində saxlanıldığını bildirmişdir. Bu səbəbdən də yoldaşı əsəbləşərək səs tonunu qaldırmış və polis əməkdaşı M.Hacıyevlə yoldaşı arasında mübahisə yaranmışdır. O, yaranmış mübahisəyə əsəblərinə hakim ola bilməyərək müdaxilə etmiş və səsini qaldıraraq yalnız haqqını tələb etmişdir. İfadəsinin sonunda əməlindən peşman olduğun bildirərək barəsində ədalətli qərar qəbul edilməsini bildirmişdir. Məhkəmə iclasında şahid X2 çıxışında bildirdi ki, həmin günü iş otağında xidmət apararkən vətəndaş X5 otağa daxil olmuş və sənədləri təqdim etmişdir. Həmin sənədlərə baxış keçirdikdən sonra rəisin yanına qalxıb sənədləri ona göstərib yenidən onların yanına qayıtmış və vətəndaşa ödəniş qəbzlərini təqdim etməsini bildirmiş, vətəndaş isə qəbzlərin notariusda qaldığını bildirərək əsəbləşmiş süründürməçiliyə yol verildiyini qeyd etmişdir. Daha sonra E.Məmmədov və yanındakı qadın uca səslə danışmağa başlamış və idarənin iş rejimi pozmuşlar. Məhkəmə iclasında şahid X3 çıxışında hadisə yerinə sonradan çağırıldığını və həmin vətəndaşı otaqdan çıxartdıqdan sonra X6 İdarəsinə məlumat verdiyini, əməkdaşlar gəldikdən sonra isə ərazi üzrə 4-cü polis bölməsinə təhvil verdiyini bildirmişdir. İş materiallarında olan: - xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan məlum olur ki, Şəxs həmin gün saat 10:40-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 510-cu maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barəsində tərtib edilmiş protokol və sənədlərlə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. İXM-in 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və qadın olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilmədi. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Buna görə də məhkəmə Şəxs inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, o, daha ciddi xəta nəzərdə tutulan Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 150 manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona, 150 (yüz əlli) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-1540/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1540/2025
07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver