Məhkəmə qərarları › İş №3(125)-1557/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1557/2024

26.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1557/2024 26.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Gəncə şəhər BPİ-in 1-ci PŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, 01 avqust 1965-ci il tarixdə Daşkəsən rayonu, Çanaxçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Daşkəsən rayonu, Çanaxçı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər BPİ-in 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün 26 aprel 2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-in 1-ci PŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X4 tərəfindən tərtib olunmuş 26 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş Şəxs YPX-nin əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, uca səs ilə səs-küy salmışdır. Nəticədə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş şəxs Gəncə şəhər BPİ-in 1-ci PŞnin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X4 inzibati protokoldakı xüsusatları təsdiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 25 aprel 2024-cü il tarixdə yaşadığı evdən İ qrup xəstə olan oğluna dərman almaq üçün Gəncə şəhərinə gələn zaman axşam saat təxmini 21:30 radələrində “Gülüstan” adlı ərazidə polis əməkdaşları onu saxlayaraq, əlində olan vasitəyə üfürməsini xahiş bildirmiş, oda polis əməkdaşlarına özlərini təqdim etmələrini demiş və onlara etirazını bildirmişdir. Polislər ondan spirtli içki içdiyini soruşduqda, yalnız, evdə olan zaman spirtli içki qəbul etdiyini bildirmiş və polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməmişdir. Polis əməkdaşları post patrul xidməti çağıraraq, onu polis şöbəsinə aparmış, avtomobilini və telefonunu əlindən almışlar. Protokol ilə razı olmadığı üçün də inzibati xəta haqqında toplanmış materiala imza çəkməkdən imtina etmişdir. O, polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmiş, sadəcə polislərin hərəkətinə öz etiraz səsini ucaltmışdır. Buna görə isə peşimandır. Himayəsində 1-ci qrup əlil olmasını nəzərə alıb cərimə olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər DYPŞ-nin YPX-i inspektoru, polis baş leytenantı X6 izahatında bildirdi ki, 25 aprel 2024-cü il tarixdə “BMW” markalı **-YP-***3 patrul avtomobili ilə xidmət apararkən “VAZ 2121” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil uzaq vuran işiqlardan istifadə etdiyi üçün saxlanılmışdır. Sürücüyə yaxınlaşıb özünü təqdim edib, qayda pozuntusunu izah etmişdir. Sürücü adı və soyadı sonradan onlara məlum olan Şəxs onu təhqir etməyə və nalayiq ifadələr işlətməyə başlamışdır. O, həmin şəxsi nə qədər nizam-intizama dəvət etsə də, həmin şəxs səs tonunu daha da yüksəldərək səs-küy salaraq polisin qanuni tələblərinə tabe olmamışdır. O, həmin əraziyə PPX-i əməkdaşlarını çağıraraq, onların köməyi ilə həmin şəxsi 1-ci polis şöbəsinə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər DYPŞ-nin YPX-nin polis serjantı X3 izahatında bildirdi ki, xidmətdə olan zaman Şəxs məxsus avtomobil uzaq vuran işıqlardan istifadə etdiyi üçün saxlanılmışdır. Bu zaman Şəxs ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş, o cümlədən onlara qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Tərəflərlə onu nizam-intizama dəvət etsələr də, o öz qanunsuz hərəkətlərini davam etdirmişdir. İş materiallarına əlavə edilmiş: 26 aprel 2024-cü il tarixli “həbsə alma və həbsdə saxlamanın əsaslı olduğunu təsdiq etmək üçün məhkəməyə təqdim olunan materiallar barəsində inzibati icraat aparılan şəxslə tanış etmə haqqında” protokoldan görünür ki, Gəncə şəhər BPİ-in 1-ci PŞ-nin İTBnin polis sahə rəisi, polis baş leytenantı X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535-ci maddəsinin tələblərinə əsasən xx.xx.2024-cü il tarixdən icraatında olan hazırki inzibati icraat Şəxs barəsində tərtib olunmuş protokol və ona əlavə edilmiş sənədlərlə və barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim ediləcək materiallarla tanış etmişdir. “İnzibati qaydada tutma haqqında” 25 aprel 2024-cü il tarixli, ******* nömrəli protokoldan görünür ki, Şəxs 25 aprel 2024-cü il tarixdə saat 22:00-da tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X5 əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumata əsasən İİ dərəcəli əlildir. X1 iflic, keçirilmiş uşaq serebral iflicinin qalıq əlamətləri. Sol tərəfli hemiparez. Əlilliyin gücləndirilməsi üçün (İ) yenidən müraciət etmişdir. Xəstə çox ağır xəstədir. Xəstənin kənar şəxsin qulluğuna ciddi ehtiyacı vardır. Əlilliyin səbəbi ümumi xəstəlikdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmaması faktını təsdiq edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən məhkəmə inzibati xəta törətmiş şəxsin himayəsində İ qrup əlil oğlunun olması və ona qulluq etməsi yüngülləşdirici hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halın müəyyən edilməsi, məsuliyyətini ağırlaşdıran halların isə olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Şəxs 25 aprel 2024-cü il tarixdə saat 22:00-da inzibati qaydada tutulmuşdur. Şəxs barəsində cərimə növündə tənbeh olunduğundan o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 (əlli) manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar