Məhkəmə qərarları › İş №3(125)-156/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-156/2022

15.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-156/2022 15.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əhmədova Leyla Nizami qızının katibliyi, Gəncə şəhər prokurorunun köməkçisi X9, Şəxs MMC-nin nümayəndələri Nümayəndə3, Nümayəndə2 və Nümayəndə1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Gəncə şəhər prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri X15 xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Həmin qərarda Şəmkir şəhər N nömrəli hospitalda lor bölməsinin ordinatoru vəzifəsində çalışan X11 əmək müqaviləsi olmadan və hüquqi qüvvəyə minmədən Şəxs MMC tərəfindən xidmətin yerinə yetirilməsinə cəlb edilməsi, yəni xx.xx.2022-ci il tarixdə X30 Mərkəzində xəstə X4 "xxxx" əməliyyatı etməsi səbəbindən MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. Məhkəmə iclasında Gəncə şəhər prokurorunun köməkçisi izahatında bildirmişdir ki, X1 şəhər prokurorluğuna müraciət edərək anası X2 X30 Mərkəzinin həkimləri tərəfindən düzgün müalicə olunmaması və həkim səhlənkarlığı nəticəsində ölməsi ilə bağlı ərizəsi əsasında qanunamüvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. X5 qeyd edilən müraciəti əsasında tərəfindən araşdırma aparılmış və X30 Mərkəzinin həkimlərinin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması xx.xx.2022-ci il tarixli qərarla rədd edilmişdir. Aparılmış araşdırma zamanı X2 xəstəlik tarixçəsi tələb edilərək şəhər prokurorluğunda öyrənilmişdir. Tərəfindən xəstəlik tarixçəsində adları qeyd edilmiş X6 müalicə etmiş həkimlərin izahatlarının alınması təmin edilmişdir. X6 əməliyyat etmiş həkim-lor X16 izahatı alınarkən bildirmişdir ki, onunla “X30 Mərkəzi”, yəni Şəxs MMC arasında əmək müqaviləsi olmamış, həmin xəstəxanada həkim neyrocərrah vəzifəsində işləyən Zaur Ramixanov ilə şəxsi tanışlığı olduğundan xəstəxananın baş həkimi Nümayəndə2 xahişi əsasında həmin xəstəxanada stasionar qaydada müalicə alan X4 "xxxx" əməliyatı etmiş və əməliyyatın qarşılığında ona 250 manat xidmət haqqı ödənilmişdir. Şəxs MMC tərəfindən təqdim edilmiş xəstəlik tarixçəsində olan traxeotomiya əməliyyatının “əməliyyatönü epikriz”-i və traxeotomiya olunmuş xəstəyə qulluqla bağlı sənədlərdən görünür ki, həmin sənədlər həkimlor X16 tərəfindən tərtib edilmiş və imzalanmışdır. Bundan başqa, Gəncə şəhər prokurorluğu tərəfindən aparılan araşdırma zamanı xx.xx.1988-ci il təvəllüdlü X11 adına Şəxs MMC (X30 Mərkəzi) ilə bağlanmış hər hansı əmək müqaviləsinin olub-olmaması barədə məlumatın, müsbət halda həmin əmək müqavilələrinin təsdiq edilmiş surətinin (və ya əmək müqaviləsi bildirişi) Gəncə şəhər prokurorluğuna təqdim edilməsi ilə bağlı sorğu verilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətindən daxil olmuş məktubla əmək müqaviləsi bildirişi altsistemində X11 adına heç bir əmək müqaviləsi bildirişinin qeydiyyata alınmaması bildirilmişdir. Bu səbəbdən, Şəxs MMC-nin (X30 Mərkəzi) barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq aidiyyəti üzrə baxılması üçün məhkəməyə və MMC-nin vəzifəli şəxsi hesab edilən direktoru X7 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq aidiyyəti üzrə baxılması üçün müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinə göndərilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətindən Gəncə şəhər prokurorluğuna daxil olmuş xx.xx.2022-ci il tarixli məktuba əsasən Şəxs MMCnin vəzifəli şəxsi hesab edilən direktoru X14 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X8 tərəfindən 3500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi tərəfindən həkim-lor X11 əmək müqaviləsi olmadan X4 "xxxx" əməliyatı etməsi "xxxx" halı ilə əsaslandırılmış və bu səbəbdən MMC-nin inzibati məsuliyyətdən azad edilməsini xahiş etmişdir. Bununla bağlı qeyd etmək istəyir ki, X30 Mərkəzi özəl tibbi xidmətlər göstərməklə özəl xəstəxanadır. Xəstəxanada göstərilən tibb xidmətlərinin məbləğləri də kifayət qədər yüksəkdir və xəstənin müalicə edilməsi üçün xəstə yaxınlarından xeyli miqdarda ödəniş alınmışdır. Xəstəxana "xxxx" əməliyatını icra edə bilən əmək müqaviləsi olan həkimlə təmin edilməmişdirsə, bu o mənaya gəlmir ki, qarşı tərəf törədilən inzibati xətanı "xxxx" halı ilə əsaslandırsınlar. Gəncə şəhər prokurorluğu tərəfindən Şəxs MMC-nin dəfələrlə əmək müqaviləsi olmadan həkimləri işə cəlb etməsi faktları aşkarlanmış və inzibati qanunvericiliyin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb edilmə məsələsinin həll edilməsi üçün tərəfimizdən məhkəməyə müraciət edilmişdir. Bütün bu qeyd olunanlar göstərir ki, qarşı tərəfin "xxxx" halını əsas gətirməsi qəbul edilməzdir. Göstərilənlərə əsasən Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh vermə haqqnda qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi, X30 Mərkəzində baş həkim vəzifəsində çalışan Nümayəndə2 bildirmişdir ki, o, X30 Mərkəzində 2021-ci ildən baş həkim vəzifəsində çalışır. vətəndaş X10 xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından xəstə yaxınlarının istəyi əsasında “X30 Mərkəzi”nə təxliyyə edilmişdir. Xəstə yaxınların deməsinə görə, D.C.Yusubovanın 13.02.22-ci il tarixdə qəfələtən halı pisləşmiş və Mingəçevir ŞMX-na aparılmışdır. O, uzun müddət hipertoniya xəstəliyindən əziyyət çəkdiyini, yaxın zamanlarda COVİD-19 mənşəli infeksion pnevmaniya keçirtdiyini qeyd etmişdir. Mingəçevir ŞMX-da xəstə baş beyinin MRT müayinəsindən keçirilmiş və onda işemik insult aşkar edilmişdir. Bir müddət Mingəçevir şəhər MX-nın Reanimasiya bölməsində intensiv müalicədə olmuş, lakin xəstə yaxınları xx.xx.2022 il tarixdə onun müalicəsini “X30 Mərkəzi”-də davam etdirilməsinə qərar vermişlər. Xəstənin ümumi vəziyyəti ağır olmuşdur. Daha sonra “Özəl Tibb fəaliyyəti haqqında” AR Qanuna əsasən xəstə D.C.Yusubovanın qızı X12 ilə xx.xx.2022-ci il tarixdə “İntermedservis" MMC arasında müvafiq “Tibbi xidmətlərin göstərilməsi haqqında” Müqavilə, ödəniş məbləği, əməliyyatın riskləri, ağırlaşmaları və fəsadları haqqında məlumatlandırma-razılıq sənədləri rəsmləşdirildikdən sonra xəstə D.C.Yusubovanm üzərində müvafiq müayinələr aparılmış və ona, “Hipertoniya xəstəliyi. Hipertonik krız Sağ orta beyin arteriya hövzəsinin işemik insultu, hemorragik transformasiyası ilə Şəkərli diabet, İİ tip. Hər iki ağciyərin aşağı paylarının plevrapnevmaniyası, ağır dərəcəli" diaqnozu təyin edilmişdir. Daha sonra diaqnoz üzrə "YGTM”də xəstəyə hal-hazırda ölkəmizdə və beynəlxalq tibbi protokollarda qəbul olunmuş standartlar üzrə müvafiq müalicə planı üzrə intensiv müalicə (refim, pəhriz, infuziya, mədəqoruyucu, antibiotikoterapiya, ödeməleyhinə, antikonvulsant, sitikolin və nootrop, antiaqreqant və antikoaqulyant) aparılmışdır. 01.03.22-ci il tarixli kranial MRT müayinəsində işemik insultun hemorragik transformasiyasını və orta xətt strukturlarının 1 sm yerdəyişməsini nəzərə alaraq təcili qaydada ümumi anesteziya altında “Sağtərəfli alıntəpə-gicgah sümük-plastik dekompression trepanasiya, hematomanın boşaldılması" əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonra intensiv müalicə almışdır. Əməliyyatdan sonrakı dövrdə xəstənin tənəffüs çatışmazlığı yarandığından xəstə STA-na qoşulmuş, diaqnozu dəqiqləşdirilməsi məqsədi ilə döş qəfəsinin RQ və KT müayinəsi aparılmış, hər iİki ağciyərdə plevrapnevmaniya sahələri aşkar edilmişdir. Bəlğəm mikrobiolofii analizə götürülmüşdür. Radioloji və laborator müayinələrinin cavablarına əsasən xəstə müalicə taktikasında korreksiya edilmişdir. Bronx-ağciyər ağacının qulluğu məqsədi ilə xx.xx.2022ci il tarixdə planlı qaydada ümumi anesteziya altında “Traxeostomiya” əməliyyatı icra edilmişdir. Həmin əməliyyat riskli olduğundan və bu zonada həmin əməliyyatı edə biləcək lor həkimi olmadığından onlar xəstənin həyatını xilas etmək üçün məcburən Vüsal Qaffarovu əməliyyata dəvət etmişlər. Onların xəstəxanasında lor həkimi olmasına baxmayaraq əməliyyat riskli olduğundan imtina etmişdir. Onlar yalnız bir dəfə, son zərurət vəziyyətində Vüsal Qaffarovdan kömək istəyərək xəstənin həyatını xilas etmək üçün əməliyyat etməsini xahiş etmişlər və bu əməliyyata görə heç bir ödəniş etməmişlər. Buna baxmayaraq xx.xx.2022-ci il tarixdə səhər saatlarında qəflətən xəstənin halı pisləşmişdir. Aparılmış reanimasion tədbirlərinə baxmayaraq xəstə xx.xx.2022-ci il səhər 07:45-də saatlarında ürək-ağciyər çatışmazlığı, ağciyər arteriyasının tromboemboliyası səbəbindən bioloji ölüm qeydə alınmışdır. Ölümün bilavasitə səbəbi, xəstə D.C.Yusobovanın hipertoniya xəstəliyi, hipertonik kriz, sağ orta beyin arteriya hövzəsinin işemik insultu, hemorragik transformasiyası, şəkərli diabet-İl tip və hər iki ağciyərin aşağı paylarının plevrapnevmaniyası-ağır dərəcəli olması ilə izah edilir. Sonda iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi Nümayəndə3 Nümayəndə2 izahatında göstərilən xüsusatları təsdiq edib əlavə olaraq bildirmişdir ki, MMC tərəfindən törətdilmiş inzibati xəta son zərurətlə əlaqədar olmuş, yəni xəstənin həyatını xilas etmək üçün məcburiyyət qarşısında qalaraq Vüsal Qaffarovu əməliyyat üçün dəvət etmişlər. Çünki Gəncə şəhəri və ətraf rayonlarda həmin əməliyyatı edə biləcək ikinci bir həkim yoxdur. X13rın xəstəxanasında həmin əməliyyatdan əvvəl və ya sonra heç bir əməliyyat etməmişdir. Sonda o, son zərurətlə əlaqədar MMc tərəfindən inzibati xəta törədildiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 digər nümayəndələrin izahatlarında göstərilənləri təsdiq etdiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 izahatında bildirmişdir ki, o, əvvəllər Şəmkir şəhər N nömrəli hərbi hissədə cərrahiyə şöbəsinin rəisi, həkim lor vəzifəsində çalışmışdır. 2019-cu ildən Şəmkir şəhər N nömrəli hərbi hissədə lor bölməsinin ordinatoru vəzifəsində, tibb xidməti kapitanı rütbəsində çalışır. O, daxili əmrlə həm Gəncə şəhərində, həm də Şəmkir şəhərində fəaliyyət göstərə bilər. xx.xx.2022-ci il tarixdə səhər saatlarında, əvvəllər rezidenturada təhsil alarkən tanıdığı, hazırda X30 Mərkəzində həkim neyrocərrah vəzifəsində işləyən Zaur Ramixanovun vasitəsi ilə ona X30 Mərkəzinin baş həkimi Nümayəndə2 zəng edərək həmin xəstəxanada stasionar qaydada müalicə alan X3 təcili olaraq "xxxx" əməliyatı olunmalı olduğunu bildirmişdir. O, bu səbəbdən xx.xx.2022-ci il tarixdə Şəmkir hərbi hospitalından Gəncə şəhər X30 Mərkəzinə gəlmiş, ilk öncə xəstə X3 xəstəlik tarixçəsi ilə tanış olmuşdur. Xəstənin ağciyər toxumalarında fibroz ocaqlar olduğundan, ifraz olunan hipersekresiyanı xaric edə bilməməsi, udqunmanın olmaması, daimi olaraq yataq vəziyyətində olması səbəbindən həkimlərin birgə müzakirəsinə əsasən "xxxx" əməliyatına qərar verilmişdir. Xəstənin vəziyyəti ağır olduğu üçün əməliyyatın riskləri barədə onun qızı Qənifə Zeynalovanı məlumatlandırılmışdır. Əməliyyatdan öncə əməliyyat önü epikriz tərtib edilmişdir. O, X4 xx.xx.2022-ci il tarixdə saat 12:00-dan 13:00dək "xxxx" əməliyyatı etmiş və Əməliyyat vaxtı "xxxx" proseduru müvəffəqiyyətlə sonlandırılmış, bu barədə əməliyyat prokotolu tərtib edilmiş, xəstəyə qulluq qaydaları xəstəlik tarixçəsinə əlavə edilmişdir. Həmin gün o, yenidən öz işlədiyi Şəmkir hərbi hospitalına qayıtmışdır. Əməliyyatdan 2-3 sutka sonra traxeotomik boruya və cərrahi yaranın ətrafına baxış olunmalı olduğu üçün o, xx.xx.2022-ci il tarixdə xəstəyə baş çəkməli olmuş, lakin baş həkim Nümayəndə2 bu barədə məlumat verdikdə sonuncu ona artıq xəstənin vəfat etdiyini bildirmişdir. Gəncə şəhər X30 mərkəzi ilə onun arasında əmək müqaviləsi yoxdur. Gəncə şəhər X30 mərkəzində çalışan həkim Zaur Ramixanovla əvvəlcədən dostluğu tanışlığı olduğu üçün onun və baş həkim Nümayəndə2 xahişi əsasında X4 əməliyyat etmişdir. X4 əməliyyat etməsi qarşılığında ona Zaur sonradan 250 manat pul vermiş, əvvəlcədən o, əməliyyat üçün heç bir ödəniş danışmamış, Zaur özü ona pul vermişdir. Onun etdiyi "xxxx" əməliyatını hər bir lor həkimi edə bilər, çünki onlar bu sahədə təhsil alarkən hər bir əməliyyat və xəstənin vəziyyəti onlara öyrədilir, sadəcə həmin xəstədə vəziyyət riskli olduğu üçün xəstəxananın öz həkimi və başqaları həmin əməliyyatdan imtina etmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki inzibati xəta, yəni Vüsal Qaffarovun əmək müqaviləsi olmadan və hüquqi qüvvəyə minmədən Şəxs MMC tərəfindən əməliyyata cəlb edilməsi xx.xx.2022-ci il tarixdə baş vermiş, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar xx.xx.2022-ci il tarixdə, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə baxılması üçün məhkəməyə daxil olmuşdur, hazırda isə inzibati xətanın baş verdiyi tarixdən 3 ay keçmişdir. Halbuki qanunvericiliyə əsasən inzibati xəta baş verdiyi gündən 3 ay keçəndən sonra inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. - 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. - 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göstərilən normaların Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarı ilə müqayisəli təhlilindən göründüyü kimi hazırkı iş üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar xx.xx.2022-ci il tarixdə qəbul edilsə də, inzibati xəta xx.xx.2022-ci il tarixdə baş verdiyi üçün inzibati məsuliyyətə cəlb etmə müddəti xx.xx.2022-ci il tarixdən 03 ay hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri X15 xx.xx.2022ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar