Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1566/2024 16.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli EQ 20772221 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 20772221 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində qanunsuz olaraq İXM-nin 327.4-cü maddəsi ilə xx.xx.2024-ci il tarixində DİN BDYPİ-in Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən inzibati xəta haqqında xx.xx.2024cü il tarixli EQ 20772221 saylı qərar qəbul edilmişdir. O, bu qərarla razı deyil və qərar ləğv edilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli EQ 20772221 nömrəli elektron qərar qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir, 25 aprel 2024-cü il tarixdə o, iş yoldaşları Məmmədov İlham, Əhmədov Həsən, Hümbətov İbrahim və X3 rayonu Seyfəli kəndində yerləşən poliqona gedərkən Bakı-Qazax yolunun 370 kmdə Şəmkir postundan saat 09/32 radələrində keçərkən postda olan polis işçilərindən icazə alıblar və Postda olan Yol Polisi onlara burdan keçib getmələrinə icazə vermişdir. Onlar postda polisin göstərdiyi yerdən keçib poliqona getmişlər.Təxminən bir neçə gün sonra onun barəsində İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə 150 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qeyd olunanlara əsasən barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 20772221 nömrəli elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş X2 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirdi ki, onun barəsində tərtib edilən xx.xx.2024-cü il tarixli EQ 20772221 nömrəli elektron qərar qanunsuzdur. Əgər polis işçiləri onlara icazə verməsə idilər həmin yoldan keçməyəcəkdilər. O, məhkəmədən qərarın ləğv edilməsin xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti və iş materiallarına əlavə edilmiş digər sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli EQ 20772221 nömrəli elektron qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə "Vaz 21074" Minik markalı ** CO *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax yolu istiqamətində hərəkət edərkən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmişdir, yəni Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində elektron qaydada inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və hazırkı qərar ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, onun barəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 100.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. - 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin başverdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. Şikayətə əlavə edilmiş xx.xx.2024-cü il tarixli EQ 20772221 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarda kameranın nömrəsi qeyd olunsa da, tipi, markası və modeli qeyd edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.11-ci maddəsinə əsasən Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli EQ 20772221 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. - 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması ilə aparılmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X1 barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli EQ 20772221 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin. X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-1566/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1566/2024
16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver