Məhkəmə qərarları › İş №3(125)-1585/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1585/2025

11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1585/2025 11.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, şikayət vermiş şəxs X5 oğlunun, Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X4 iştirakları ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş 05 may 2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən 05 may 2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, DƏMX Gəncə-Daşkəsən regional şöbəsi onun xəbəri və iştirakı olmadan barəsində tamamilə əsassız olaraq 1000 (min) manat cərimə olunması barədə qərar qəbul etmişdir. Halbuki bu barədə ona xəbər verilməli və sübutlar təqdim etməsi üçün şərait yaradılmalı idi. Qərarda bildirilir ki, guya o, işçilərin əmək haqqının 400 manat olaraq müəyyən etməmiş və bu məlumatları müvafiq elektron sistemə daxil etməmişdir. Halbuki bu iddia tamamilə əsassızdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən hər il olduğu kimi bu il də ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun olaraq işçilərin əmək haqqını 03 yanvar 2025-ci il tarixdə 400 manat müəyyən etmiş və bu barədə məlumatları müvafiq elektron sistemə daxil etmişdir. İXM-nin 192.3-cü maddəsinə əsasən işçiyə məhz minimum əmək haqqından az məbləğdə əmək haqqı verilməsinə görə cərimə tətbiq edilməsi nəzərdə tutulub. O, isə ilin əvvəlindən etibarən işçilərə 400 manat əmək haqqı müəyyən edərək ödəmiş, həmçinin ilin əvvəlindən etibarən bunu rəsmiləşdirmişdir. Fakt bu cürdür və bunun əksinin iddia edilməsi yanlışlıqdır. Sübutları məhkəməyə təqdim edərək işçilərin də izahatlarının alınmasını xahiş etmişdir. Məhkəmə iclasında X5 oğlu çıxışında şikayət ərizəsinin məzmununa uyğun ifadə verərək bildirmişdir ki, minimum əmək haqqının 345 manatdan 400 manata qaldırılması ilə bağlı əmək müqaviləsində 01 yanvar 2025-ci il tarixdə dəyişiklik edilmiş və Asan imza ilə təsdiq edilmişdir. O, qərarda qeyd edilən İXM-nin 192.3-cü maddəsi ilə razılaşmır. Belə ki, həmin maddənin sanksiyasında sistemdə dəyişikliyin edilməməsi ilə bağlı deyil, aşağı məbləğdə əmək haqqı verilməsinə görə nəzərdə tutulmuşdur. Odur ki, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X9 çıxışında bildirmişdir ki, Prezidentin fərmanına əsasən minimum əmək haqqının yanvarın 1-dən 400 manat olması ilə bağlı elektron qaydada ƏMAS-da baxış keçirən zaman 01 yanvar 2025-ci il tarixdə sistemə müqavilənin daxil edildiyini lakin imzalanmadığını aşkar etmişlər. Belə ki, müqavilənin qüvvəyə minməsi üçün işçilərində imzalamağı gərəkdir. Vətəndaş Z.İsgəndərov protokol tərtib edildikdən sonra idarədə rəisin qəbulunda olmuş və rəis tərəfindən 01 yanvar 2025-ci il tarixdən işçilərə 400 manat əmək haqqı verməsini təsdiq edərsə iş üzrə icraata xitam verilməsi barədə məlumat veriləcəyini bildirmişdir. Həmin sənədləri gətirmədiyi üçün qərar və protokol qüvvədə qalmışdır. Sonda isə qərarın qüvvədə qalmasını şikayətin isə təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan: - X11 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin 05 may 2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində 1000 (min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. - ƏMAS-dan çıxarışdan məlum olur ki, işçi X7, X2, X10, X6 xx.xx.2025-ci il tarixdə, X3 isə xx.xx.2025-ci il tarixdə vəzifə maaşlarının minimum əmək haqqının 400 (dörd yüz) manat olması ilə bağlı əmək müqavilələrinə dəyişiklik edilmişdir. - Hesablama – ödəmə cədvəlindən görünür ki, 2025-ci ilin yanvar, fevral, mart, aprel ayları üçün işçilərə 400 (dörd yüz) manat əmək haqqı ödənilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsinə əsasən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsinə görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X1 05 may 2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməli, X1 hərəkətlərində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, X1 hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri müəyyən edilmir. Məhkəmə tərəfindən iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, şikayətçi X1 işçilərin əmək haqqını 2025-ci il yanvar ayından 400 manat müəyyən edərək məlumatları müvafiq elektron sistemə daxil etmiş və bununla bağlı sənədləri iş materaillarına əlavə etmişdir. Belə olduğu təqdirdə İXM-in 192.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 manat məbləğində inzibati cərimə edilməsi yolverilməzdir və şəxsin əsassız olaraq hüquqlarının pozulmasıdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X1 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş 05 may 2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və X1 hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 oğlunun şikayəti təmin edilsin. X5 oğlu barəsində tərtib edilmiş 05 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar