Məhkəmə qərarları › İş №3(125)-1587/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1587/2025

30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1587/2025 30.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, X1nun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində xx.xx.2025-ci il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1211/2022 nömrəli icra vərəqəsinə əsasən Şəxs 12956 manat məbləğində pul tutularaq X3 ödənilməlidir, borclu Şəxs 12956 manat borcdan 600 manat ödəmiş, qalan məbləği ödəməmişdir. Məhkəmə iclasında X1 izahatında göstərdi ki, borclu hazırda 1000 manat ödəniş etmişdir. Qalan borcundan hər ay 500 manat olmaqla hissə-hissə ödəniş edəcəyinə dair razılaşmış, bu barədə qəbz imzalamışdırlar. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, maddi vəziyyəti ilə əlaqədar borcunu ödəyə bilməmişdir. Hazırda 1000 manat ödəniş etmişdir. 3 övladı vardır, biri xəstədir. Hər ay 500 manat olmaqla borcunu hisə-hissə ödəyəcəyinə dair tələbkarla aralarında razılıq əldə etmişdirlər. Barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati materiala əlavə olunmuş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1211/2022 saylı icra vərəqəsindən görünür ki, Şəxs cəmi 12956 manat pul tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1211/2022 nömrəli icra sənədi üzrə icraat başlanılmışdır. xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə məlumatlandırılmış, həmin bildirişə imza etməklə surətini qəbul etmişdir. xx.xx.2025-ci il tarixli izahatın surətindən görünür ki, borclu Şəxs İcra İdarəsinə dəvət olunaraq izahatı alınmış, izahatında borcundan 1400 manat ödəniş etdiyini, borc məbləğini tam ödəyə bilmədiyini, lakin hər ay hissə-hissə ödəyə biləcəyini göstərmişdir. X1 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Şəxs borcundan 1000 manat ödəniş etmişdir. Məhkəmə iclasında X1 tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Şəxs ona olan borcundan 1000 manat məbləğində ödəniş etdiyini, qalan 11000 manat borcun ödənilməsi ilə bağlı razılığa gəldiklərindən ona qarşı tələb və şikayəti olmadığını göstərərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından, təqdim olunmuş inzibati materialdan və icra işində olan sənədlərdən məlum oldu ki, borclu tərəfindən icra sənədinin icra olunmaması onun qərəzli hərəkətləri nəticəsində olmamışdır. Belə ki, İXM-in 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, borclu icra sənədi üzrə borcundan 1000 manat ödəyərək yerdə qalan borcunu hər ay 500 manat olmaqla hissə-hissə ödəyəcəyinə dair tələbkar ilə aralarında qarşılıqlı razılıq əldə etmiş və onun icra sənədini icra etməməsi üzrsüz səbəbdən olmamışdır. Məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30- 34, 53,105,106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar