Məhkəmə qərarları › İş №3(125)-159/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-159/2025

14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-159/2025 14.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin İTB-nin polis sahə rəisi polis leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 14 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, təhqiqatın qərarı əsasında narkotik vasitədən istifadə etməsi və xx.xx.2025-ci il tarixdə polisin qanuni tələbinə tabe olmayaraq xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin İTB-nin polis sahə rəisi polis leytenantı X2 hadisəni görmədiyini, protokolu isə raport və qərar əsasında tərtib etdiyini qeyd edərək Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə polis əməkdaşları tərəfindən 1-ci PŞ-nə gətirilən zaman şöbənin qarşısında tabesizlik göstərdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, həmin gün yaşadığı evin yaxınlığında 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq narkotik vasitə istifadə etməyində şübhəli şəxs olduğu üçün onu Narkoloji Dispanserə analiz verməsi üçün aparmışlar. Müayinə zamanı onun sidik nümunəsindən marixuana aşkar edilmişdir. Dispanserdən çıxdıqdan sonra əsəbi olduğundan səsinin tonunu qaldırmış və polislərlə mübahisə etmişdir. İfadəsinin sonunda isə narkotik vasitəni 15-20 gün bundan öncə qəbul etdiyini və əməlindən peşman olduğunu bildirərək ona yüngül tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər 1-ci PŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X6 ifadəsində bildirmişdir ki, bölmənin kiçik inspektoru, polis serjantı Rüstəm Verdiyev ilə birlikdə Şəxs narkotik vasitə istifadəçisi olması barədə əməliyyat məlumatına əsasən Gəncə şəhəri Narkoloji Dispanserə aparılıb müayinədən keçirmiş və onun sidik nümunəsindən marixuana aşkar edilmişdir. Narkoloji Dispanserdən çıxdıqdan sonra Şəxs aqressivləşərək ucadan səs-küy salaraq ictimai asayişi pozmuş və ünvansız nəlayiq söyüşlər söyərək polisin qanuni tələbinə tabe olmamışdır. Bu zaman polis əməkdaşları tərəfindən Şəxs nizam intizama dəvət olunsa da, sonuncu buna məhəl qoymayaraq polisin qanuni tələbinə tabe olmamış və beləliklə o, 1-ci PŞ-nin Növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər 1-ci PŞ-nin CAB-nin kiçik inspektoru, polis serjantı X4 şahid X6 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş: - xx.xx.2025-ci tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir. - xx.xx.2025-ci il tarixli № 54 saylı Gəncə şəhəri Narkoloji Dispanserinin rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. - xx.xx.2025-ci il tarixli № 155/2025 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidik analizində narkotik THC aşkar edilmişdir. - xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə 01:50-də tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri, iş materiallarındakı sübutları tədqiq edərək və şəxsin məhkəmə iclasında davranış qaydaları, nalayiq ifadələrini nəzərə alaraq hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikası İXM-nin 206, 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 510-ci maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ucadan səs-küy salaraq, ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, həmçinin narkotik vasitə istifadə etməsi, beləliklə, İXM-in 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və digər sənədlərlə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in üç müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs əməlini etiraf etməsi və peşmançılığı məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halın olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510, 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 25 gün (iyirmi beş) müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 01:50-dən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar