Məhkəmə qərarları › İş №3(125)-1592/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1592/2025

19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1592/2025 19.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rütəmli Turan Aydın oğlunun katibliyi Gəncə şəhər 2-ci Polis Şöbəsinin polis sahə rəisi, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Gəncə Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1, 388-1.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər 2-ci Polis Şöbəsinin polis sahə rəisi, X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510, 535.1 və 388-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 19 may 2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs 19 may 2025-ci il tarixdə təxminən saat 23:30 radələrində X9 ictimai yerdə uca səslə ünvansız nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmamış və sosial şəbəkələrdə polisin nüfuzuna xələl gətirən formada ifadələr işlətmişdir. Nəticədə o, Azərbayan Respublikası İXM-in 510, 535.1 və 388-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər 2-ci Polis Şöbəsinin polis sahə rəisi, X2 protokolun məzmununa uyğun çıxış edərək protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs bildirdi ki, o, turizm şirkətində sürücü işləyir. 18 may 2025-ci il tarixdə saat təxminən 11 radələrində Şuşa şəhərindən Gəncə şəhərinə gəlmiş, evə zəruri alınmalı ərzaqlar olduğundan marketə getmişdir. Onun maşınında sərnişinlərin əylənməsi üçün karaoke aparatı olmuş və yana doğru aşmışdır. O, yaşadığı ünvandan bir küçə aralıda avtomobili saxlamış və karaokeni düzəltmək üçün arxaya keçmişdir. Bu zaman avtomobilinin içərisinə işıq salınmış və polis əməkdaşlarının olduğunu görmüşdür. Polis əməkdaşları oğurluq hadisəsi ilə bağlı axtarış aparmaq istədiklərini bildirmiş, o , isə avtomobildə kameranın olduğunu, şəxsiyyət vəsiqəsinin və avtomobilin dövlət qeydiyyat nişanının bəlli olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları onunla razılaşmadığından öz telefonu vasitəsilə ilə polisləri çəkməyə başlamış, polis əməldaşları da onu zorla avtomobilə yerləşdirməyə çalışmışlar. O, isə avtomobilə əyləşməmiş, 102 xidmətinə şikayət etmişdir. Bundan sonra polis əməkdaşları ona heç bir problem olmadığını və çıxıb getməsini bildirmişlər. O çıxıb getməmiş, əgər gedərsə polis əməkdaşlarına itaətsizlik kimi qəbul ediləcəyini düşünərək öz avtomobili ilə polis əməkdaşı ilə 2-ci Polis Şöbəsinə getmişdir. Yolda olan zaman bir nəfər polis əməkdaşı onun yanında çəkdiyi video görüntünü sosial şəbəkədə paylaşmışdır. Sonda əməlindən peşman olduğunu bildirərək ona cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, o, 2-ci Polis Şöbəsinin PPXT-nin polis serjantıdır. 18 may 2025-ci il tarixdə E.R.Mehdiyev ilə xidmətdə olarkən “Sprinter” markalı, **-Bİ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol kənarında işlək vəziyyətdə uzun müddət dayanması səbəbindən ona yaxınlaşmış, adını sonradan bildikləri R.Rüstəmli telefonla çəkərək onlara yaxınlaşmışdır. O, və digər əməkdaş özünü təqdim etmiş, təhlükəli vəziyyət olduğundan ona yaxınlaşdıqlarını bildirmiş, vətəndaş isə ictimai yerdə ucadan polisin nüfuzuna xələl gətirən nalayiq ifadələr işlətmişdir. Bu barədə ona irad bildirilmiş və 2-ci Polis Şöbəsinə dəvət etmişlər. Şəxs onlara qarşı nalayiq ifadələr işlətməyə davam etmiş və onları telefonu vasitəsilə çəkərək sosial şəbəkədə paylaşmışdır. Bu səbəbdən onu 2-ci Polis Şöbəsinə gətirərək təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 F.F.Orucov ilə eyni məzmunlu ifadə verərək göstərilənləri təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş: - 18 may 2025-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 18 may 2025-ci il tarixdə saat 23:59-da inzibati qaydada tutulmuşdur. - 19 may 2025-ci il tarixli sərxoşluq hallarının bütün hallarının təyini məqsədilə aparılan tibbi müayinədən görünür ki, Şəxs sərxoşluq halları müəyyən edilməmişdir. -İş materiallarına əlavə edilmiş video materialdan aydın olur ki, Şəxs hadisə vaxtı polis əməkdaşları ilə mübahisə etmiş, telefon vasitəsilə video çəkərək sosial şəbəkədə paylaşmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikası İXM-in 510, 535.1 və 388- 1.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 510-cu maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 388-1.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Şəxs ictimai yerdə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması, polisin qanuni tələblərinə qəsdən tabe olmaması və polis əməkdaşlarının nüfuzuna xələl gətirən ifadələr işlədərək sosial şəbəkədə paylaşmaqla İXM-in 510, 535.1 və 388-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və sənədlərlə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. İXM-in 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməli etiraf etməsini və peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların isə olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510, 535.1 və 388-1.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İş materiallarına əlavə edilmiş 18 may 2025-ci il tarixli inzibati qaydada tutma protokolundan məlum olur ki, Şəxs həmin tarixdə tarixdə saat 23:59-da inzibati qaydada tutulmuşdur. Buna görə də həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 23:59-dan hesablanmalıdır. Şəxs məhkəmədə 2 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə Regional Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla 44 (qırx dörd) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1 və 388- 1.1 maddələri ilə təqsirli bilinərək, ona 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu xx.xx.2025-ci il tarixdən saat 23:59-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Şəxs dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçi X4 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 44 (qırx dörd) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar