Məhkəmə qərarları › İş №3(125)-1598/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-1598/2025

20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-1598/2025 20.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X3, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1, 510 və 535ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1, 510 və 535-ci maddələri ilə inzibati xəta törətməsi barədə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə iş baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, X2 məxsus avtomobilə 350 manat maddi ziyan vurmuş, həmçinin Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasında ucadan nalayiq ifadə işlətmiş və bunu təkrarən etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən müəyyən olunur ki, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt, zərər çəkmiş şəxsin yaşadığı yerin ünvanı qeyd edilməmişdir. Bununla yanaşı inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-nin 232-1, 510 və 535-ci (İXM-nin 535-ci maddəsi 535.1 və 535.2-ci bəndlərdən ibarətdir) maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi qeyd edilmişdir. Belə olan halda isə inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılması və obyektiv nəticəyə gəlinməsi qeyri-mümkündür. Bundan əlavə İnzibati xəta haqqında protokolda Şəxs X2 məxsus avtomobilə 350 manat maddi ziyan vurduğu göstərilmişdir. Məhkəmə qeyd edir ki, vurulmuş zərərin miqdarı barədə heç bir araşdırma aparmadan material məhkəməyə təqdim edilmişdir. Belə ki, inzibati xəta haqqında protokolda Şəxs X2 məxsus avtomobilə 350 manat maddi ziyan vurulduğu qeyd edilmişdir. Lakin sözügedən avtomobilə dəymiş zərərin dəyərinin nəyə əsasən müəyyən edilməsi aydınlaşdırılmamışdır. İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta nəticəsində vurulan ziyanın miqdarı həm inzibati xəta tərkibinin müəyyən olunması, həm də tətbiq ediləcək inzibati cərimənin miqdarının müəyyən edilməsi üçün zəruridir. Vurulmuş zərərin miqdarının müəyyən edilməsi istiqamətində heç bir araşdırma aparılmadığından təqdim edilmiş material əsasında inzibati xətanın olub-olmamasını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə mahiyyəti üzrə baxılması və obyektiv nəticəyə gəlinməsi yetərli olmadığından Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1, 510 və 535-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 100, 106-111-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1, 510 və 535-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış material Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar