Məhkəmə qərarları › İş №3(125)-16/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-16/2023

22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-16/2023 22.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 bildirmişdir ki, 10 aprel 2018-ci il tarixli qərarla icraata başlanılmış Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-883/2018 nömrəli, 28 fevral 2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 09 iyul 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmış Gəncə Şəhər Məhkəməsinin 2(125)-1484/2022-004 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs tutulan alimentin məbləği artırılaraq xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq o, aliment borcunu ödəməkdən yayınır. Aparılmış icra tədbirləri nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Şəxs icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədləri üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs qanunda müəyyən edilmiş müddətdə aliment borcunu ödəməkdən boyun qaçırmışdır. Şəxs aliment borcu 2022-ci ilin dekabr ayı daxil olmaqla cəmi 972 manat təşkil edir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə tərəfindən ödəniş üçün borclu Şəxs vaxt verilsə də, sonuncu 400 manat ödəmiş, lakin borclu uzun müddət qaçıb gizlənərək axtarışda olduğu üçün hazırda borcu 1272 manat təşkil edir. Sonda o, Şəxs barəsində müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş bildirmişdir ki, Şəxs ödəniş üçün vaxt verilməsini xahiş etsə də, qaçıb gizlənmiş, cəmi 400 manat ödəniş etmişdir. Onun ödənişləri aylıq aliment borcundan az olduğu və uzun müddət axtarışda olduğu üçün bu günə 1272 manat borcu qalmışdır. Odur ki, borcludan pulunu tələb etdiyini əks təqdirdə ən ağır inzibate tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, onun işi olmadığı üçün aliment borcunu ödəyə bilməmişdir. Əgər ona əlavə vaxt verilərsə borcunu hissə-hissə ödəyəcəkdir. Sonda o, qərarı məhkəməni mülahizəsinə buraxmışdır. İş materiallarında olan: - xx.xx.2022-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, borclu Şəxs 972 manat məbləğində aliment borcunu ödəməkdən yayındığı üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin 2(125)-1484/2022-004 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)- 883/2018 nömrəli, 28 fevral 2018-ci il tarixli qətnaməsi əsasında tutulan 120 manat alimentin məbləği artırılaraq, hər ay 140 manat sabit pul məbləğində müəyyən edilmiş və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq ödənilməsi qət edilmişdir. - xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icara məmuru X3 xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinin 2(125)-1484/2022-004 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədini icraatına qəbul etmişdir. - xx.xx.2022-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixə təyin olunmuş iclasında Şəxs borcunu ödəmək üçün vaxt verilmiş, lakin o, təyin olunmuş məhkəmə iclasına gəlməmiş və borcu ödəməkdən yayınmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(125)- 1130/2022 nömrəli qərardadına əsasən iş üzrə icraat dayandırılmış və Şəxs barəsində axtarış elan edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və icra məmurunu dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün zərərçəkmiş şəxsin izahatı, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki borclu məhkəmə tərəfindən vaxt verildikdən sonra 400 manat ödəniş etməsi, onun maddi imkanının olmamasını deyil, üzrsüz səbəbdən, qərəzli şəkildə icra sənədindəki tələbi icra etmədiyini göstərir. Belə ki, keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, müəyyən qədər ödənişlər edərək tələbin icrasından yayınmadığını göstərə bilərdi. Hətta Şəxs ödəniş üçün məhkəmədən vaxt istəsə də, üzrsüz səbəbdən tələbin icrasından yayınaraq məhkəmə iclaslarına gəlməmiş, axtarış nəticəsində məhkəməyə gətirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 15 (on beş) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar