Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-16/2024 25.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Gəncə şəhər prokurorunun köməkçisi X7, X1, Şəxs MMC-nin vəkili X8 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Gəncə şəhər prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri X12 xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Həmin qərarda hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi-direktoru X2 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 11 sentyabr 1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 3 övladı olan, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan X9 30 may 2023-cü il tarixdən 06 iyun 2023-cü il tarixə kimi həmin bazarın ərazisinə mühafizəçi və 05 oktyabr 2023-cü il tarixdən 08 oktyabr 2023-cü il tarixə kimi bazarın ərazisində yerləşən “Xalçalı Hostel”də qeydiyyatçı işlərinin (xidmətlərinin) yerinə yetirilməsinə cəlb etdiyindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. Məhkəmə iclasında Gəncə şəhər prokurorunun köməkçisi X17 izahatında bildirmişdir ki, X3 şəhər prokurorluğuna müraciət edərək bildirmişdir ki, o, mühafizəçi işlədiyi Şəxs MMC-də ona işdə ixtisar olunduğu bildirilərək öz ərizəsinə əsasən və digər qanunsuz yollarla işdən çıxarılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X9 müxtəlif tarixlərdə bazarın ərazisində işlərin yerinə yetirilməsinə cəlb etmişlər. Göstərilənlərə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh növü olan inzibati cərimənin yuxarı həddində tənbeh vermə haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X14 ifadəsində bildirmişdir ki, 30 may 2023-cü il tarixdən 04 sentyabr 2023-cü il tarixə kimi Gəncə şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Bazar Store MMC”nin Grand Qafqaz Ticarət Kompleksinin mühafizə xidmətində mühafizəçi işləmiş və aylıq olaraq 320 manat əmək haqqı almışdır. Onuni işi mühafizəçi kimi bir gündən bir saat 18:00-dan səhəri günü saat 09:00-a kimi bazarın ərazisini mühafizə etmək olmuşdur. "xxxx" MMC-nin Grand Qafqaz Ticarət Kompleksinin mühafizə xidmətində 30 may 2023-cü il tarixdən işləməyinə baxmayaraq onunla əmək müqaviləsi 06 iyun 2023-cü il tarixdən bağlanmışdır. 04 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində "xxxx" MMC-nin direktoru Mahmud Mahmudzadə və baş mühasib Muradəli Salmanov gecə mühafizəçilərini MMC-nin ikinci mərtəbəsində olan ofis zalına yığaraq iclas keçirdərək demişdir ki, mühafizəçilərin sayı çoxdur, əmək haqqlarını verə bilmirik və mühafizəçilərin sayından 4 nəfər ixtisar olunmalıdır, heç kim inciməsin deyə həmin ixtisarı püşkatma yolu ilə edəcəyik. Püşkatmanın nəticəsində o, ixtisara düşən işçilərdən biri olmuş, həmin vaxt o, MMC-nin baş mühasibi Muradəli Salmanovdan soruşmuşdur ki, bəs bizi ixtisarla işdən çıxan işçilərə kompensasiya ödəniləcəkmi. M.Salmanov da bildirmişdir ki, çoxdan işləyən işçilərə kompensasiya veriləcək, təzə işçilərə isə kompensasiya verilməyəcəkdir. Ona və digər püşkatmada adı çıxan işçilərə baş mühasib Muradəlinin köməkçisi Leylanın otağına gedib orada işdən çıxmaqla bağlı ərizə yazmalı olduqları deyilmişdir. Orada Leyla ona «yazıb xahiş edirəm ki, öz xahişimlə işdən azad edəsiniz» məzmunlu ərizə yazdırmış və ərizənin sonunda o, yazdığı ərizənin mahiyyətini başa düşüb ona demişdir ki, niyə öz xahişimlə, bəs siz demirsiniz ki, ixtisara görə işdən çıxarılırıq? Leyla da ona demişdir ki,«sənə ərizənin məzmununu necə deyirlər elə yaz, mənə iş öyrədəcəksənmi».O, da Leylaya demişdir ki, «mən öz xahişimlə işdən çıxmıram və elə məzmunda ərizə yaza bilmərəm, özünüz ixtisar kimi əmrlə işdən çıxarırsınızsa çıxarın». O, həmin ərizəni imzalamadan stolun üstünə qoyub çıxıb getmişdir. Ondan sonra həmin ərizəyə kiminsə imza edib etməməsi barədə məlumatı yoxdur, əgər imza edilmişdirsə bu saxtakarlıqdır. Onun 30 may 2023-cü il tarixdən 06 iyun 2023-cü il tarixə kimi olan 85 manat əmək haqqı əllə verilmiş, ondan sonra ona 82 manat son haqq hesab olaraq əmək haqqı ABB-nin elektron plastik kartı ilə ödənilmişdir. 05 oktyabr 2023cü il tarixdə Leyla ona zəng edərək onu ofisə çağırmış və həmin vaxt baş mühasib Muradəli Salmanov da ofisdə olmuşdur. Muradəli ona demişdir ki, bazarda Xalça hosteldə qeydiyyatçı işlə ayına 350 manat əmək haqqı verəcəm. O, da 05 oktyabr 2023-cü il tarixdən 08 oktyabr 2023-cü il tarixə kimi saat 18:00-dan səhəri günü saat 09:00-a kimi MMC-nin Xalça Hostelində qeydiyyatçı işləmiş, lakin onunla əmək müqaviləsinin bağlanmamasına görə qeyri rəsmi işlədildiyini başa düşərək işə getməmişdir. O, işdən çıxarılmağını qanunsuz hesab edir. Belə ki, elektron sistemə baxdıqda məlum olmuşdur ki, onun əmək müqaviləsinə MMC tərəfindən tərəflərin birinin təşəbbüsü ilə işdən çıxmaq istəyi əsasında xitam verilmişdir. Sonda o, bildirmişdir ki, MMC-də gecə mühafizəçisi işlədildiyi vaxt AR Əmək Məcəlləsinin tələbləri pozulmaqla 8 saat əvəzinə 15 saat işlədilmiş, artıq iş saatı ilə işlədilməyinə baxmayaraq ödənilməmiş kompensasiyanın və ya düzgün hesablanmayan əmək haqqının verilməsini istəyir. Məhkəmə iclasında Şəxs MMC-nin vəkili X18 izahatında göstəmişdir ki, X1 şikayəti əsassızdır. Belə ki, Rövşən Əhmədov 06 iyun 2023-cü il tarixdən 04 sentyabr 2023-cü il tarixə kimi Gəncə şəhəri, Z.Əliyeva küçəsində yerləşən «Bazar Store MMC-nin Grand Qafqaz Ticarət Kompleksinin mühafızə xidmətində mühafizəçi işləmiş və aylıq olaraq 320 manat əmək haqqı almışdır. Rövşən öz xahişi ilə işdən çıxma ərizəsi yazmış və işdən azad olunmuş və onun əmək haqqı kartına işlədiyini müddətin pulu ödənilmişdir. Rövşənin Şəxs MMC-də 30 may 2023-cü il tarixdən 06 iyun 2023-cü il tarixədək əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi iş materiallarında şahid ifadələrindən başqa heç bir sübutla öz təsdiqini tapmır. Şahidlər isə onlardan inzibati xəta üzrə məhkəməyədək araşdırma zamanı alınan ifadələrin həmin məzmunda olmasını təkzib edirlər. Şahidlərin məhkəmə iclasında yenidən dindirilməsini xahiş edir. Rövşənin qeyd etdiyi Xalça Hosteldə qeyddiyyatçı işləməsi və onunla əmək müqaviləsi bağlanmaması ilə bağlı şikayəti barədə bildirdi ki, həmin fakt da şahid ifadələrindən başqa heç bir sübutla iş materiallarında öz təsdiqini tapmır. Bundan əlavə, Şəxs MMC bu epizod üzrə subyekt hesab edilə bilməz. Belə ki, Şəxs MMC ilə “X26 Ticarət Kompleksi” MMC arasında bağlanmış 05 aprel 2023cü il tarixli 43/23 nömrəli icarə müqaviləsinə əsasən Xalça Hostelin yerləşdiyi sahə “X26 Ticarət Kompleksi” MMC-ə icarəyə verilmişdir. Sonda o, MMC tərəfindən heç bir inzibati xəta törədilmədiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, o, “Bazar Store MMC”nin baş mühasibi vəzifəsində işləyir. Rövşən Əhmədov 06 iyun 2023cü il tarixdən 04 sentyabr 2023-cü il tarixə kimi Gəncə şəhəri, Z.Əliyeva küçəsində yerləşən «Bazar Store MMC-nin Grand Qafqaz Ticarət Kompleksinin mühafizə xidmətində mühafizəçi işləmiş və aylıq olaraq 320 manat əmək haqqı almışdır. Rövşən Əhmədovun işi mühafizəçi kimi bir gündən bir saat 19:00-dan səhəri günü saat 09:00-a kimi bazarın ərazisini mühafizə etmək olmuşdur. 04 sentyabr 2023-cü il tarixli Rövşən öz arzusu ilə işdən çıxma haqqında ərizə vermişdir. 04 sentyabr 2023-cü il tarixdə Rövşən Əhmədovun öz istəyinə əsasən işdən çıxarılması ilə bağlı əmr verilmiş və ona son haqq hesab olaraq 82 manat pul əmək haqqı kartına köçürülmüşdür. Rövşənin 30 may 2023-cü il tarixdən 06 iyun 2023-cü il tarixədək “Bazar Store MMC”də əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edilməsi ilə bağlı məhkəməyədək araşdırma zamanı verdiyi ifadəni təkzib edir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəni diqqətlə oxumamışdır. Rövşənin 30 may 2023-cü il tarixdən 06 iyun 2023-cü il tarixədək “Bazar Store MMC”də əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edilməsi ilə bağlı heç bir məlumatı yoxdur. Xalça Hostelin isə onun əməkdaşı olduğu “Bazar Store MMC”ə ümumiyyətlə aidiyyəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında bildirmişdir ki, o, 01 mart 2023-cü il tarixdən Gəncə-Bazar Store MMC-nin baş mühasib müavini işləyir. Rövşən Əhmədov 06 iyun 2023-cü il tarixdən 04 sentyabr 2023-cü il tarixə kimi Gəncə şəhəri, Z.Əliyeva küçəsində yerləşən «Bazar Store MMC-nin mühafizə xidmətində mühafizəçi işləmiş və aylıq 350 manat vəzifə maaşı olmaqla müəyyən edilmiş vergilər tutulduqdan sonra 320 manat əmək haqqı almışdır. Rövşən Əhmədovun işi mühafizəçi kimi bir gündən bir saat 19:00-dan səhəri günü saat 09:00-a kimi bazarın ərazisini mühafizə etmək olmuşdur. 04 sentyabr 2023-cü il tarixli Rövşən öz arzusu ilə işdən çıxma haqqında ərizə vermişdir. 04 sentyabr 2023-cü il tarixdə Rövşən Əhmədovun öz istəyinə əsasən işdən çıxarılması ilə bağlı əmr verilmiş və ona son haqq hesab olaraq 82 manat pul əmək haqqı kartına köçürülmüşdür. Rövşənin 30 may 2023-cü il tarixdən 06 iyun 2023-cü il tarixədək “Bazar Store MMC”də əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edilməsi ilə bağlı məhkəməyədək araşdırma zamanı verdiyi ifadəni təkzib edir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəni diqqətlə oxumamışdır. Rövşənin 30 may 2023-cü il tarixdən 06 iyun 2023-cü il tarixədək “Bazar Store MMC”də əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edilməsi ilə bağlı heç bir məlumatı yoxdur. Xalça Hostelin isə onun əməkdaşı olduğu “Bazar Store MMC”ə ümumiyyətlə aidiyyəti yoxdur. İş materiallarında olan: - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şəxs MMC ilə X14 arasında xx.xx.2023-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixə kimi müəyyən edilmiş və Rövşən Əhmədov MMC-də mühafizəçi vəzifəsinə təyin edilərək aylıq əmək haqqı 350 manat müəyyən edilmişdir. - X5 Şəxs MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X5 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. - Şəxs MMC-nin işçilərin sentyabr ayı 2023-cü il üçün əmək haqqı və məzuniyyət hesablanması barədə çıxarışdan görünür ki, X5 hesabına 82,56 manat pul ödənilmişdir. - Şəxs MMC-nin işçilərin işə davamiyyəti haqqında tebeldən görünür ki, X14 2023cü il iyun ayından sentyabr ayına olan müddət ərzində xx.xx.2023-cü il tarixdən bir gündən bir xx.xx.2023-cü il tarixədək işdə olmuşdur. - Şəxs MMC-nin əmək haqqı hesablama cədvəlindən görünür ki, X10 MMC tərəfindən işlədiyi iyun ayı üçün 264,57 manat, iyul ayı üçün 320,25 manat və avqust ayı üçün 320,25 manat əmək haqqı ödənilmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, eləcə də iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, X5 əmək müqaviləsi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi barədə sübutlar iş materiallarına əlavə edilməmişdir. Bu hal yalnız məhkəməyədək icraat zamanı şikayətçinin və şahidin ifadələri ilə təsdiq edilmiş, məhkəmə iclasında şahidlər məhkəməyədək icraat zamanı vermiş olduqları ifadələri təkzib etmişlər. İş üzrə Şəxs MMC-nin nümayəndəsi və vəkili X11 təqdim etdiyi icarə müqaviləsi məhkəmədə nəzərdən keçirilmiş və müəyyən edilmişdir ki, X5 Xalça Hosteldə əmək müqaviləsi qüvvəyə minmədən qeydiyyatçı işinə cəlb edilməsi istinad edilən müddət (05 oktyabr 2023-cü il tarixdən 08 oktyabr 2023-cü il tarixədək) Xalça Hostelin yerləşdiyi sahənin həmin icarə müqaviləsinə əsasən Şəxs MMC tərəfindən “X26 Ticarət Kompleksi” MMC-ə icarəyə verildiyi müddətə təsadüf edir. Belə olan halda, həmin epizoda münasibətdə Şəxs MMC icarəyə verən hesab edilir ki, bu hal X5 Şəxs MMC tərəfindən işə cəlb edilməsi faktını istisna edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri X12 xx.xx.2023cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-16/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-16/2024
25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver